Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Təfsilat

Rate this item
(0 votes)

 

İyulun 7-8-da Şəkidə keçirilən “İpək Yolu”Beynəlxalq Musiqi Festivalı barədə sizə məlumat vermişdik. Festivalın son iki gününün təfsilatını diqqətinizə çatdırırıq. 

 

Festivalın ikinci günü

Şəkidə davam edən “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının ikinci günündə  çərçivəsində iyulun 8-də musiqisevərlərə “Simurq” muğam ansamblının konserti təqdim olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.

İfaçıları tarda Zəki Vəliyev, balabanda Rəfael Əsgərov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Ansamblın təqdim etdiyi xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, iyulun 8-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara F.Əmirovun “Sevil” operasını təqdim edib.

Uğurla başa çatan festivalın ikinci gününün sonunda kollektivlərə festivalın xatirə hədiyyələri təqdim olunub.

 

Festivalın son günü

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

İyulun 9-da Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Şəki şəhər Uşaq İncəsənəti Məktəbinin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblının konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları və musiqisevərlər iştirak ediblər.

Axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.

Günün sonunda  “Zirvə” instrumental ansambılına və

Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər icra hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyələr təqdim olunub.