9 dil bilən unudulmuş alimimiz, kartof çipsləri və Tunis piratları Featured

Rate this item
(1 Vote)

21-31 avqustun təqvimi Varisin təqdimatında

 

21 avqust. Yazıçı Seyfəddin Dağlının 100 illiyi

 

Azərbaycanda Sovetlər dönəmindən üzü bəri ən kütləvi oxunan romanlar Cəmşid Əmirovun “Qara volqa” və “Brilyant məsələsi”, Həsən Seyidbəyliylə İmran Qasımovun “Cəbhədən cəbhəyə” romanları olub, Əlibala Hacızadənin “İtkin gəlin” trilogiyası olub... Bu sırada dayanan bir roman da “Kəcil qapısı” romanıdır ki, bu gün onun müəllifi Seyfəddin Dağlının anadan olmasının 100 illiyidir.

 

Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci il avqust ayının 21-də Xızı kəndində anadan olub. 1927-ci ildə Bakıda yeddiillik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində təhsil alıb. Yazı-pozuya sevgi dərhal özünü büruzə verib, tələbə ikən o, “Kommunist” qəzeti redaksiyasında müxbir, ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışıb. 1941-1956-cı illərdə Sovet Ordusunda xidmət edərkən də yazı-pozudan ayrı düşməyib, “Ordu” qəzetində ədəbi işcilik, “Diviziya” qəzetində redaktorluq edib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, “Bakı” telestudiyasının direktoru və sədr müavini, məşhur “Kirpi” satirik jurnalının baş redaktoru olub. Sonra daha da yüksəlib, 1965-1973-cü illərdə Bakı zəhmətkeş deputatları Sovetinin X, XI, XII, XIII, XIV çağırışlarında deputatı seçilib.

 

Seyfəddin Dağlı yaradıcılığa şeirlə başlasa da, onun satirik şeirlərindən bəzilərinə hətta musiqi belə yazılsa da (bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı dövründə çox məşhur idi), şeirin daşını atıb, felyetona, ardınca romana keçib. 1948-ci ildə Azərbaycan dövlət nəşriyyatı “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabını, sonralar isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” kitablarını nəşr etdirib və ədib geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçının “Mənziliniz mübarək” (1971), “Təzə gəlin” (1975), “Kölgələr pıçıldaşır” (1976) kimi dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub. Mərhum korifey sənətkarlarımız Nəsibə Zeynalova və Səyavuş Aslanın rol aldıqları “Adı sənin, dadı mənim” (1963) tamaşası isə uzun illər teatrların repertuarından düşməyib. Yəqin xatırladınız Qəlyanalı və Qəmzə obrazlarını, deyilmi? Bu əsərə teletamaşa və bədii film də çəkilib.

 

Seyfəddin Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat edib, Bakı küçələrindən birinə də onun adı verilib. Ruhu şad olsun!

 

21 avqust. Ümumdünya evsiz heyvanlar günü

 

1992-ci ildən qeyd edilən bu günün təşəbbüskarı İSAR – Beynəlxalq Heyvan Haqları Cəmiyyətidir. Belə bir gün 6 qitədə, 50-dən artıq ölkədə qeyd olunur. Elə ki insan heyvanları əhlilləşdirib ev heyvanı etmək barədə qərar verdi, anladı ki, bəzi heyvanların vəhşi təbiətdə qalması daha məqsədəuyğundur. Əhlilləşdirdiyi heyvanları isə ev təsərrüfatının bir subyektinə çevirdi. Amma itlərin və pişiklərin bir qismi ev himayəsi alsa da bir qismi küçədə-bayırda qalası oldu, qidalanmaq, isti-soyuqdan qorunmaq əzabına qatlaşdı. Bu gün həmin bu evsiz heyvanlara qayğı göstərilməsinin vacibliyi buyurulur, insanlardan xahiş olunur ki, barı bircə gün öz komfortlarını bu binəvalarla bölüşsünlər. Niyə də yox. Gəlin bu çağırışa hamılıqla qoşulaq.

 

21 avqust. Ümumdünya Avatar Günü

 

Sanskrit dilində avatar – fəth eləmək anlamı verir. İnduizm fəlsəfəsində isə bu termin Allahın xüsusi məqsədlə ruhani aləmdən daha aşağı olan maddi aləmə güzar etməsini özündə ehtiva eləyir. Yeri gəlmişkən, 2009-cu ildə Ceyms Kameronun tarixdə ən çox gəlir gətirən “Avatar” filminin premyerası məhz avqustun 21-də olub. Fəth ediləsi zirvəniz varsa bu gün əsl məqamdır, yetişib.

 

21 avqust. Bəşər Əsədin raketi və Venesiya festivalının açılışının ildönümü

 

Latviyanın müstəqilliyi, Mərakeşdə gənclər, Rusiyada zabitlər, ABŞ-da Havay ştatı günüdür. Üstəlik, ABŞ-da milli radioloq günüdür. Amma hər günə bir mətbəx bayramı salan amerikalılar təbii ki, bu iki bayramla keçinə bilməzlər, onlarda bu gün həm də Şirin çay günüdür. Yox, bu da hamısı deyil. Üstəlik, amerikalılar bu gün Spumoni gününü qeyd edirlər. Spumoni nədir? Meyvə qatqılı qat-qat dondurmadır.

 

O ki qaldı bu gün ildönümü qeyd edilən tarixi hadisələrə, 2013-cü ilin bu günündə Suriya prezidenti Bəşər Əsəd müxalifətə qarşı kimyəvi silahdan və raketdən istifadə etməklə 1700 insanın ölümünə bais olub. 1968-ci ilin 21 avqustunda Sovet qoşunları “Praqa baharı”nı boğmaq üçün Çexiyanın paytaxtına qoşun yeridiblər. (Atam danışardı ki, həmin vaxt çexlərlə ruslar arasında xokkey oyunu keçirilirmiş. Çexlər rusları darmadağın ediblərmiş, divarlara da “Siz bizə tanklar, biz sizə şaybalar” yazıblarmış). 1932-ci ildə ilk Beynəlxalq Venetsiya kinofestivalı keçirilib. 1922-ci ildə o vaxtkı SSRİ-də ilk genişyayımlı radio Moskvada fəaliyyətə başlayıb. 1911-ci ildə Parisin Luvr muzeyindən “Cokonda” rəsmi oğurlanıb. (İki ildən sonra İtaliyadan tapılıb).

 

21 avqustda (1940) Lev Trotski doğulub, Yuriy Nikulin isə (1997) vəfat edib. Trotski məşhur siyasətçi, Nikulun isə komik filmlərlə yadımızda qalan məşhur aktyor idi.

 

22 avqust. Ümumdünya beyin günü

 

Ümumdünya Nevrologiya Federasiyası 2014-cü ildən belə bir əlamətdar günün keçirilməsinə nail olub.  Məqsəd odur ki, insanlar beyinlərinin sağlamlığının qeydinə qalsınlar. Necə qalsınlar? Onu zehni əməklə, sonsuz fikir və düşüncələrlə yormasınlar. Ən əsası, onu neqativ düşüncələrlə yükləməsinlər. Deyilənə görə, insan qara şeylər barədə düşünəndə beyin hücrələri zülmətə qərq olur, əksinə, işıqlı şeylər düşünəndə nura boyanır.

 

Beyin və ya tibbi terminlə adlandırsaq ensefalon mərkəzi sinir sistemini idarə edən mərkəzdir. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. İnsan beyni ən çətin və kifayət qədər tədqiq olunmayan orqandır. Beyin qarışıq və mürəkkəb orqandır, 100 milyarddan çox neyrondan ibarətdir. Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 270 kilometrə bərabərdir. Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Və ən nəhayət, alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə o, bir o qədər çox yuxu görür. (Özündənrazı bir professor qonşumuz vardı, kimsə gördüyü yuxusunu danışanda onu “bekar” adlandırar, heç vaxt yuxu görmədiyi ilə qürrələnərdi).

 

22 avqust. Ekoloji borc günü

 

Çox sadə. Təbiət qarşısında insanlığın borcu böyükdür. Havanı, su hövzəsini çirkləndirir, meşələri qırır, heyvanları, quşları, balıqları  öldürür, bir sözlə, təbiətə qənim kəsilir insan. 1987-ci ildən qeyd edilən bu gün həyəcan təbili çalınır, qeyd edilir ki, təbiət insan barbarlığının müqabilində əsla bərpa oluna bilmir.

 

Qlobal istiləşmə, ozon təbəqəsinin deşilməsi, bu yaxınlarda dünyanın bir hissəsini ağuşuna götürmüş sellər, digər yarısında cövlan edən meşə yanğınları heç də boşuna baş vermir ki. Bu, mistik anlamda təbiətin qisasıdır, elmi anlamda isə ekoloji tarazlığı pozmanın nəticəsidir. Bu gün hər bir insan təbiətə vurduğu ziyana görə borcunu qaytarmalıdır. Gəlin belə edək. Bəzilərimiz ağac əkək, bəzilərimiz su hövzəsini, küçəni zir-zibildən təmizləyək. Bəzilərimiz heç olmasa, heyvan və bitki mənşəli qidaları bir gün rasionumuzdan çıxaraq. Axır ki, hərəmiz təbiət qarşısında bir cür borc qaytaraq.

 

22 avqust. Üçü birində

 

Yenə diqqətimi Amerika bayramları cəlb etdi. Bu gün onların sayı üçdür: “Öz pişiyini veterinara apar” milli günü, Milli bal arısı günü, Milli “Ərik ye” günü. Hətta ABŞ vətəndaşı olan bir tanışımdan soruşdum ki, bu bayramlar deklarativ bayramlar deyil ki? Dedi, sən öl yox. Dedi, şəxsən mən ayın 22-də əriyə bal yaxıb yeyə-yeyə pişiyimi qoltuğuma vurub veterinara aparacağam. 

 

23 avqust. Avropada stalinizm və faşizm qurbanlarının xatirə günü

 

Black Ribbon Day! Qitənin matəm günü. Bəli, ey uzun illər sovetlər birliyində işıqlı gələcək quran insanlar, yaşlılar, kommunist əqidəlilər, bu gün Avropa qitəsində rəsmən qeyd edilən bu xatirə gününün adı sizin qəlbinizi sızladacaq. Sən demə, uğrunda fəda olduğunuz stalinizm, əslində faşizm kimi bir şey imiş. Avropa Parlamenti bu qərarı havadan da verməyib axı. Avropa Parlamentlər Assambleyası Şurasının 2006-ci ildə qəbul etdiyi 1481 nömrəli Qətnamə totalitar kommunist rejimləri ilə nasizm cinayətlərini eyniləşdirərək hər ikisini insanlıq əleyhinə aksiya adlandırıb. Razı deyilsiniz bu fikirlə? Bir onda ən azı 1937-ci il stalinizm qurbanları barədə oxuyun lütfən.

 

23 avqust. Beynəlxalq qul ticarəti qurbanlarının xatirəsi günü

 

YUNESKO-nun İsraiyyə Şurasının 150-ci sessiyasında qərara alınıb ki, avqustun bugünkü günündə qul ticarəti qurbanları anılsın. İlk dəfə 1791-ci ilin bu günündə San-Dominqoda və Haitidə qullar üsyana qalxıblar, bununla da quldarlıq sistemi çökməyə başlayıb. Hər il bu gün Seneqal sahillərindəki Qori adasında mərasim keçirilir, ölənlər üçün dualar oxunur, şamlar yandırılır. Sən demə, qulların Afrikadan Amerikaya aparılmasında məhz bu məntəqə tranzit yolu oynayırmış.

 

Amma bu gün qul ticarətinə əsla son qoyulmayıb. BMT-nin hesablamalarına görə, hər il milyonlarla insan, xüsusən qadın və uşaqlar aldadılmaqla, yaxud zorla eksplutasiyaya məruz qalır, “canlı mal” adını alır. Müasir dövrün bu yeni qul ticarəti dünya ictimaiyyətini hədsiz narahat etməkdədir.

 

23 avqust. Küləyi ram etmək günü

 

Bir baxın, dünya belə bir günü qeyd edir, biz – rəsmən küləklər şəhəri adlanan dünyada yeganə şəhərin sakinləri isə bundan bixəbərik. Var olaq, vallah.

 

Bu gün, əslində qayğısız insanlar üçündür. Dənizdə və okeanda üzmək, yaxud yelkənli qayıq sürmək, səmada paraşütlə, yaxud deltaplanla  uçmaq, çərpələng uçurmaq və bu zaman tam gərginlikdən qopmaq, küləyə icazə vermək ki, səni, sənin idarə etdiyin texnikanı istədiyi səmtə apara bilsin... Sadəcə, yayın son günlərindən birindən həzz almaq – günün tələbi bax budur.

 

Zira, bakılılar bu günü qeyd edərlərsə fərqli qeyd edərlər, qeyzlənib tozu-torpağı gözə soxan, lap qeyzlənib damları uçuran, şüşələri çilikləyən, ağacları aşıran küləyə deyərlər ki, nə olar, ildə bircə gün əsmə. Lap araya salıb zümzümə də edə bilərlər ki, Külək niyə belə əsirsən, külək/ Niyə ümidimi kəsirsən külək...

 

24 avqust. Ukraynanın müstəqilliyi günü

 

Bizə dost və qardaş olan, bizim Qarabağ probleminə rəğmən analoji Krım, Donbass, Luqansk problemi olan Ukraynanın müstəqillik günüdür, dostlarımızı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik, “müstəqilliyiniz daimi və əbədi olsun” deyirik.

 

Ukraynanın dövlətçilik tarixi 9-cu əsrdən – Kiyev dövlətinin qurulmasından hesablanır. Sonradan bu dövlət süqut edib, xırda knyazlıqlara parçalanıb, bir də 17-ci əsrdə Ukraynada növbəti güclü dövlət qurulub, Kazak-Getman dövləti adında. 18-ci əsrin sonundan Rusiya işğalına məruz qalaraq Ukrayna Rusiya İmperiyasının tabeçiliyində olub, 1917-ci ildə bolşevik inqilabı zamanı rusların başları özlərinə qarışanda ukrainlər də bizim kimi fürsətdən yararlanıb müstəqil dövlət qurublar, amma 1920-ci ildə Rusiya bu dəfə Sovet İttifaqı adı altında Ukraynanı ilhaq edib. Bir də 1991-ci ildə - avqustun 24-də Qorbaçovun dağıtdığı SSRİ-nin uçqunları altından müstəqil Ukrayna da çıxıb.

 

Biz inanırıq ki, tarix hər şeyi öz yerinə qoyacaq, necə ki, bizim Dağlıq Qarabağımız, gürcülərin Abxaziyası, Cənubi Osetiyası, moldovanların Pridnestrovyesi, eləcə də ukrainlərin Krımı, Donbası, Luqanskı azad olacaq, öz qanuni sahiblərinə qayıdacaq.

 

24 avqust. Kartof çipsləri günü

 

Uşaqların və pivəsevərlərin böyük bayramı. 1853-cü ilin bugünündə ilk kartof çipsləri hazırlanıb. Təsadüfən yaranan bu ərzaq bu gün dünyada ən çox tələb olunan qəlyanaltı hesab edilir. Nyu-York yaxınlığındakı Saratoqa-Sprints kurortunda şef-aşbaz Corc Krum o dövrdə ABŞ-ın ən varlı adamlarından biri olan Kornelus Vanderbiltin “Bu nə qalın doğranmış kartofdur, mənə verirsən? Mənə kartofu nazik qızardıb ver” şikayətinin müqabilində kartofu o qədər nazik kəsib qızardıb ki. Süfrəyə ilk çips plastinkalarını qoyanda aşbaz dəmiryolu maqnatını nazik kartof istəyinə görə sadəcə utandırmaq istəyib, amma əksi olub, maqnat “bəh-bəh” deyərək çipsi ləzzətlə yeyib. O gündən bu günə çips istehsalı dünyanı bürüyüb. Ən tanınmış çips brendi bu gün bizim marketləri də bəzəyən Pringles, Lays brendləridir. Əlbəttə, bizim yerli sənaye də çips istehsalına əl atıb, hər nədir, onlar da çips istehsal edirlər.

 

Kartof çipsləri barədə, onun ziyanı barədə də nəsə deməyimi istəyirsiniz, məndən “həm cibə, həm mədəyə ziyandır” kəlmələrini qoparıb uşaqlarınıza çips almamaq üçün bəhanə gəzirsiniz, amma mən bu gün bunu edə bilməyəcəyəm. Kişinin bayramıdır, mərdimazarçılığımız elə bu günə qalıb?

 

24 avqust. Beynəlxalq qəribə musiqi günü

 

Nyu-York musiqiçisi Patrik Qrant tərəfindən təsis olunan bu gününü məğzi insanları indiyədək dinləmədikləri, yaxud dinləyib dəyər vermədikləri musiqiləri dinləyib qiymətləndirməyə çağırmaqdır. Məsələn, bizim Azərbaycanda necə etmək olar? Bəzi rayon camaatı aşıq musiqisinə alüdədir, meyxana dinləmir, bu musiqini “düşüklük” adlandırır, bəzi abşeronlularsa əksinə, meyxananı sevir, aşıq musiqisinə “çuşkalıq” deyə şəbədə qoşur. Təklif edirəm, bir gün bunlar zövqlərində dəyişiklik edib əks cəbhənin bəyəndiyini dinləsinlər. Bu qədər bəsit. Daha qlobal anlamda isə, gəlin, xaricilərə muğam yollayaq, xalq mahnılarımızı yollayaq, qoy ləzzət alsınlar, özümüzsə kəntri, xard-rok, blüz dinləyək. Kiminçünsə adi olan kiminçünsə qəribə səslənir, amma qəribəliyin özü yeni təəssürat deməkdir.

 

24 avqust. NATO-nun və Ərəfatın doğuluşu, Plutonunsa ölümü

 

Bu gün Vezuvi günüdür, eramızın 79-cu ilində bu İtaliya vulkanı ən dağıdıcı şəkildə püskürüb. Plutonun statusunun kiçildilməsi günüdür bu gün həm də (Allah, sən özün saxla). Uruqvayda qeyd edilən günə baxın, Nostalgiya gecəsi. Əlbəttə ki, ABŞ-da üstü ərikli piroq günüdür. (Beləsini indiyədək bişirməyən xanımlarımız bişirə bilərlər). 1995-ci ilin bu günündə Windovs 95 istismara buraxılıb. 1968-də Fransa ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1949-da NATO yaranıb. 1572-də Varfolomey gecəsi baş verib (Fransa Krallığında qutenotlar qətliama məruz qalıblar). 1929-da Yasir Ərəfat doğulub, qoy onu da deyim.

 

Plutonun statusu niyə kiçildilib, onu demədim axı, 2006-cı ilin bu günündə yazıq Plutonu daha Günəş sistemi planeti yox, cırtdan planetlərdən biri saymağa başlayıblar.

 

24 avqust. Bəstəkar Nazim Əliverdibəyovun 95 illiyi

 

Elə insanlar olub ki, vətən naminə böyük işlər görüblər, ancaq unudulublar. Eynən musiqimizin görkəmli xadimi Nazim Əliverdibəyov kimi. 1926-cı il avqust ayının 24-də Kislovodsk şəhərində anadan olan, ailəsi ilə Bakıya köçdükdən sonra ilk musiqi təhsilini Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində alan Nazim bəy onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi pyeslərindən birini ifa etməklə dərhal məşhurlaşmışdı. Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmiş, musiqinin müxtəlif janrlarına müraciət etmiş, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” adlı musiqi lövhələrinin, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifi kimi ad çıxarmışdır. Onun, xüsusilə “Bayatı Şiraz” muğamını akapella xor üçün işləməsi çox orijinaldır. Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlamışdır. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. Onun  “Qəhrəmanlıq”- Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün Balet süitası (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violançel ansamblı və simfonik orkestr üçün “Skertso” (1978) və başqa əsərləri məşhurdur. Bununla belə, bu insan nə sağlığında, nə sonra heç bir fəxri ad, mükafat almayıb. Xüsusən indi yağışdan sonra göbələk kimi artan xalq və əməkdar artistlərimizi görüncə bu qədər xidmətlərin qiymətləndirilməməsi təəccüblü gəlir adama.

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat edib. Allah rəhmət eləsin.

 

24 avqust. Tanınmış maarifçı Məhəmməd Ağaoğlunun 125 illiyi

 

Görün sizə kimdən danışacam. 20-ci əsrdə Azərbaycan mühacir ziyalıları pleyadasında xüsusi yeri olan Məhəmməd Ağaoğlu 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirərək elə həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Orada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyadıb, 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahət edib. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçən Məhəmməd bəy AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışıb: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılıb. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi onun Türkiyəyə mühacirət etməsini şərtləndirib, o, İstanbul Universitetinə daxil olub. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alan Məhəmməd bəy 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin islam incəsənəti bölməsinə müdirlik edib, elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin direktoru vəzifəsinə təyin edilib. Sonra tale yelləri onu Amerikaya atıb. O, Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil eləyib, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət Detroyt “İslam incəsənəti qalereyası”nı yaradıb. O, Miçiqan Universitetində müəllim, professor olub. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaradıb. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini məhz o təmsil edib. Geniş erudisiyalı şərqşünas alim kimi tanınan Məhəmməd Ağaoğlu ana dilindən başqa ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilirmiş. Doqquz dil bilmək sizə zarafat gəlməsin. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət edirmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıbmış.  Məhəmməd bəy həm də “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.

 

Ziyası bütün şərqi bürüyən böyük azərbaycanlı - Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vəfat etmişdir. Azərbaycanı dünyaya tanıdan, amma Azərbaycanda əsla tanınmayan Məhəmməd bəyə Allahdan rəhmət diləyir, bizlərə də xalq olaraq bu unutqanlıqdan qurtulmağı arzu edirəm.

 

25 avqust. Əlamətdar hadisələrlə zəngin olmayan gün

 

Bu günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var. Onlardan ən başlıcası, bu günün Məcburi Öpüş Günü olmasıdır. Bu gün mübarizəni, küsülülüyü, düşmənçiliyi bitirmək günüdür demək. Gedib zorla “əks cəbhədə dayanan”, yəni küsülü, incik olduğun adamı öpürsən, o da səninlə barışır. Barışmamağa ixtiyarı yoxdur. Bayramı pozsa cərimələnər.

 

Bu gün Braziliyada əsgərlər günü,  Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da, yəni deyirsiniz, bu əlamətdar hadisəylə qıt olan gündə səssizlik qorunacaq? Əsla. Bu günü amerikalılar Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.

 

1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı, Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.

 

1609-cu ildə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker (həmin o Brejnevlə atəşin öpüşən şəxs), 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy bu gün doğulanlardandır. Bu gün vəfat edənlərdən, deyim kimin adını çəkəcəyəm? İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.

 

Və mütləq Nitşedən bir sitat gətirməliyəm. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”.

 

26 avqust. Beynəlxalq Azərbaycan Muğamı Günü

 

Təqvimdə elə günlər var ki, onları elliklə qeyd etmək zəruridir. Belə günlərdən biri də bu günə təsadüf edir. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilib. Və çox şübhəsiz ki, Beynəlxalq Azərbaycan Muğamı Gününün məhz avqustun 26-sı günü elan edilməsi səbəbsiz deyil, Azərbaycan muğamının dünyada təbliği sahəsində müstəsna rola malik Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məhz avqustun 26-da dünyaya gəlib.

 

Muğam Azərbaycanın qədim musiqisidir, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilib. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzillik­lərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyətini zənginləşdirən Azərbaycan muğamı müasir tarixində Heydər Əliyev Fondunun xətti ilə təbliğ olunaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak edirlər. Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.

 

 Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasından çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib. ABŞ Milli Kosmik Agentliyi (NASA) muğam musiqisini 1977-ci ildə peyklə kosmosa da göndərib. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.

 

Bu gün hər birimiz muğam dinləməyə borcluyuq. Bir gün bayağı musiqidən qopub muğam dinləməyin özü də savabdır.

 

26 avqust. Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubileyi

 

Sovetlər dönəmində APİ Lenin, indisə Azərbaycan Pedaqoji Universiteti adlandırılan bu təhsil ocağında  oxuyub oxumamağımızdan asılı olmayaraq, gəlin, bu gün bu qocaman təhsil ocağını sürəkli şəkildə alqışlayaq. Tarixə nəzər salsaq görərik ki, 1921-ci il avqust ayının 26-da Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılıb. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olub. ADPU elə həmin gündən bu günə qədər ölkəmizdə yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərib, Gürcüstan, üzdəniraq Ermənistan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlayıb. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər də  yetişdirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb və inkişaf edib. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlərə, ictimai-siyasi xadimlərə, yazıçı və şairlərə, bəstəkarlara rast gəlinir.  Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev və 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.  

 

Bu gün ADPU-nun bölgələrdə 5 filialı var, Azərbaycan Dövlət Pedaqoji Kolleci onun nəzdində fəaliyyət göstərir. ADPU-də indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlanıb. Hazırda universitetdə Filologiya, Tarix və Coğrafiya, Riyaziyyat və İnformatika, Kimya və Biologiya, Fizika və Texnologiya, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə, İbtidai təhsil, Məktəbəqədər təhsil, Psixoloji Xidmət və Korreksiyaedici təlim ixtisasları üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 12 fakültə və 55 kafedra fəaliyyət göstərir. Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru və professor, 329 nəfəri isə fəlsəfə doktoru və dosentdir.  Hazırda universitetin əyani və qiyabi şöbələrində 21 minədək tələbə təhsil alır. ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Belə bir təhsil ocağını, siz deyin, necə alqışlamamaq olar?

 

26 avqust. Ümumdünya itlər günü

 

Heyvanların Müdafiəsi Beynəlxalq Fondunun dəstəyi ilə hər il bu gün insanın ən yaxın dördayaqlı dostunun günü qeyd olunur. İtlər günündə nə etmək olar? Küçədəki sahibsiz itləri tumarlayıb yedizdirmək, evdəki itlərə əlavə yemək payı vermək. Yaxud yaxında-bərədə bir çinli görəndə yaxasından tutub demək ki, adamsan, adam balasısan, it əti yemə.

 

İtlər 30 min ildir ki, insanlarla yanaşı yaşayırlar. Onlar insan emosiyasını hiss edə bilirlər. İtlərin hissiyyatı insanlarınkından 100000 dəfə yüksəkdir. Onlar adam kimi tərləyə bilirlər. Hər bir it yüzə qədər söz əzbərləyə bilir. Ən sürətli it cinsi (borzaya) 72 km/saat sürət yığa bilir. İtlər yağışı sevmirlər. Ona görə yox ki, islanmaqdan qorxurlar. Ona görə ki, nədənsə məhz aramsız yağış səsi onların eşitmə orqanını iflic edir. İtlər depressiyaya da düşə bilirlər.

 

26 avqust. Daha nələr, nələr günü

 

Argentina aktyorlar gününü qeyd edir. Namibiya qəhrəmanlar gününü. Papua-Yeni Qvineya tövbə, Iran zəhmətkeşlər, ABŞ gilaslı dondurma gününü. Bu gün həm də Tualet kağızı günüdür. 1991-ci ilin bu günüdə SSRİ parlamentinin növbədənkənar sessiyası ölkə ərazisində kommunist partiyasının fəaliyyətinə qadağa qoyub. 1946-cı ildə Corc Oruelin məşhur “Heyvanlar kolxozu” satirik povesti işıq üzü görüb. 1728-ci ildə Asiya ilə Amerika arasındakı körfəzi Vitus Berinq kəşf edib, beləcə Berinq körfəzi yaranıb. 1980-ci ilin bu günüdə “Evdə tənha” filminin baş rolunu oynayan aktyor Makoley Kalkin doğulub. 1910-cu ildə Nobel sülh mükafatı laureatı Tereza ana, 1880-ci ildə ədəbi avanqardizm cərəyanının banisi, fransız şairi Qiyom Apolliner dünyaya gəliblər.

 

27 avqust. Dahi Teodor Drayzerin 150 illiyi

 

Dünya ədəbiyyatı nəhəngləri sırasına adını yazdıran Drayzer ölməz irs qoyub gedərək min illər bundan sonra da aktual olaraq qalacaq, buna şübhə yoxdur. Dahilərin tərcümeyi-halını oxumaq çox maraqlıdır, mütləq nəsə əxz edirsən. Teodor Drayzer 1871-ci il avqust ayının 27-də ABŞ-ın İndiana ştatının Teppe-Xot şəhərində anadan olub. 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoyub. 1892-1894-cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, 1894-cü ildə Nyu-Yorka köçüb və orada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışıb. Teodorun qələmi çox itiydi, yazdıqları diqqəti cəlb edirdi. Səliqə-səhman da var idi yazılarında, üsyançılıq da, zövqoxşama da. İlk oçerk və hekayələri elə həmin 1897-ci ildə çap olunub. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı” işıq üzü görüb, dərhal Drayzerin şöhrəti Amerikanı bürüyüb. 1911- ci ildə o, “Cenni Herhardt” romanını çap etdirdi, hər iki romanında Drayzer sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdi. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında bu dəfə Amerika inhisarçı kapitalizmi ifşa olundu. 1915-ci ildə Drayzerin qələmindən növbəti şedevr çıxdı - yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilirdi. Yazıçı ki xalqının məhrumiyyətlərinə biganə yanaşdı, o nə yazıçıdır? 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başladı. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil etdi. 1927-ci ildə dəvətlə SSRİ-yə gələn Drayzer solçu meyillərini gizlətmirdi, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratdı. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmadı. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etdi.

 

Teodor Drayzer 1945-ci il dekabr ayının 28-də 74 yaşında Hollivudda vəfat etdi.

 

27 avqust. Ümumdünya Bağışlama Günü

 

Qərəz, xudpəsəndlik, kin, nifrət. İnsan ömrünü məhv edən, gününü qara boyayan nəsnələrdir. O gün bir gənc bir yaşlı insanı yıxıb sürüyürdü, deyirdi ki, xaindir, mənim Facebook statusumu like eləməyib. Deyirdi, ölənədək onunla düşmənəm. Bəli, eynən bu cür. Bəzən iki dost elə səbəbsiz düşmən olur, iki sevən elə sadə bir şeydən ötrü ayrılır ki. Səbəb bağışlamağı bacarmamaqdır. Bağışlama günü bağışlamaq və bağışlanmaq zamanını bildirmirmi, bildirir. Belə bir gün təqvimdə var idi, onu başqa bir təşkilat keçirirdi. Bugünkünü isə Christian Embassy of Chirts Ambassadors təşkilatı keçirir. Deyirlər, qoy insanların bir-birini bağışlamağa daha bir şansı olsun. Bu bayram Kanadada – Vankuver şəhərində doğulub. Bu gün mütləq kimisə bağışlayın, bu barədə qərarınızı da başqalarına açıqlayın, qoy bu nəcib hərəkətiniz ayaq açıb yerisin. Dünyanı bağışlamaq xilas edəcək.

 

27 avqust Səbəbsizliklər Günü

 

Çox maraqlı bir gündür. Günün adı “Sadəcə, elə-belə günü” kimi qeyd edilir. Məğzi odur ki, sizin səbəbsiz olaraq kiminçünsə yaxşılıq etmək, özünüzü sevindirmək  şansınız yaranıb. Özünüzə növbədənkənar istirahət günü götürün. Uzun illər görmədiyiniz bir adamla gedib görüşün. Lazımsız bir şey alın. Tanımadığınız adamın qapısını döyüb qonaq olun. Yoldan keçən sevən cütlüyə çiçək alıb hədiyyə edin. Parkda otun üzərinə uzanıb səmaya baxın. Hətta daha cəsarətlilər uşaq kimi gölməçələrin üzərindən tullana, arxa-arxaya yeriyə bilərlər.

 

27 avqust. Marqaret Vulf günü və Ginnesin Rekordlar Kitabının yaranışı

 

Moldovanın müstəqilliyi günü, Rusiyada kino günü, İranda farmasevt, Ukraynada sala (donuz piyi yəni), Britaniyada burger, ABŞ-da milli banan günü. Və bir də Hersoginya günü. Bu gün İrlandiya yazıçısı, romançı Marqaret Vulf Xanqerfordun şərəfinədir, Vulf romanlarını ABŞ-da Hersoginya təxəllüsü ilə dərc etdirərmiş. Üstəlik, onun ən məşhur romanı da bu cür adlanır.

 

1977-ci ildə Çernobıl AES-in 1-ci enerji bloku fəaliyyətə başlayıb. 1959-cu ildə qərara alınıb ki, SSRİ məktəblilərinin əlaçı olanları məktəbi bitirəndə medal alsınlar. 1955-ci ildə Ginnesin rekordlar kitabının ilk nəşri işıq üzü görüb. 1576-cı ildə böyük italyan rəssamı Tisian doğulub.

 

28 avqust. Yarasalar, ən soyuq temperatur, Tunis piratları

 

Kəpənək-qalstuk günüdür, bir qarderobunuza baxın, isti yay günü olsa da, kəpənək-qalstuk taxmağın yeri var. Şərqi Pravoslav kilsəsi Müqəddəs Ana gününü keçirəcək, Makedoniya, Serbiya və Gürcüstanda. Yarasalar gecəsidir. İstəyir, yarasaların hüquqlarının beynəlxalq müdafiəsi cəmiyyəti məni qanıma qəltan eləsin, amma deyəcəyəm. Bu canlılardan iyrənirəm, adları belə gələndə ətim ürpəşir. Səlahiyyətimdən istifadə eləyərək sizə də tövsiyyə edirəm ki, Yarasalar gecəsini iqnor edin. Hər şey o yana, hətta koronavirus məsələsində də bu əcaiblərin adları keçdi. Hələ bir Şimali Koreyaya baxın. Gənclər gününü qeyd edirlər. Dünyanın diktatura cəhətdən ən bəxtigətirməyən iki ölkəsindən birinin (digəri də türkmənlərdir) gəncləri görəsən nəyi və necə bayram edəcəklər? Odey, ABŞ. Yenə iki bayramı birdən keçirir. Albalılı piroq və qırmızı şərab gününü. İstəyənlər piroqu ayrı yeyib şərabı ayrı içər, istəyənlər bir yerdə.

 

28 avqustun özgə hansı özəllikləri var? 2017-ci ildə alimlər molekulların ən soyuq temperatur rekordunu fiksə ediblər. Bu, mütləq sıfır dərəcədən 50 milyon dəfə aşağı temperaturdur. Mütləq sıfır isə 273,15 dərəcə Selsi temperatur hesab olunur. Fikirləşəndə adamın canına üşütmə düşür lap. 1990-cı ildə İrak Küveyti işğal edib özünün 19-cu əyaləti elan edib. “Toyota”sı olanlar, bu gün sizin bayramdır, Yaponiyada “Toyota” kompaniyası 1937-ci ilin bu günündə yaradılıb. 1797-ci ildə Aralıq dənizində pirat hücumlarına məruz qalmamaq üçün ABŞ Tunisə xərac verməli olub. Sən demə, o dövrlərdə Tunis piratçılığın başında dayanırmış. Necə ki, indi də Somali dayannır.

 

29 avqust. Məhsul festivalı

 

Festival of Harvest. Hələ Səmavi kitablar məhsul bayramından yazardılar, əkib-becərən insanın əməyinin bəhrəsini görməsini alqışlayardılar. Bugünkü bu bayram öz başlanğıcını uzaq Viktorian dövründən götürüb, 1843-cü ildə İngiltərənin Kornuoll şəhərinin Morvenstou kilsəsində keşiş Robert Xoker xristianları şükranlıq etməyə çağırıb. Hazırda Amerikada, Avropada, Asiyada, hətta Avstraliyada bu festival keçirilir. Payız məhsul fəslidir, bar-bərəkət fəslidir axı. O ki bizdə Göyçayda nar, Qubada alma, Şamaxıda üzüm festivalları keçirirlər, elə bilirsiniz, bunlar havadandır? Bunlar da məhsul bayramlarıdır, bol nemətlər verdiyi üçün insanların Allaha minnətdarlıq jestidir.

 

29 avqust. “Bitlz”ın vida konserti, dirijablla ilk dünya səyahəti və ilk motosikl

 

Həmin kədərli gün 1966-cı ilin 29 avqustunda baş verib. San-Fransisko şəhərində dünyanın bir nömrəli musiqi qrupu olan “Bitlz” qrupu milyonlarla insanı ağladaraq səhnədən getdiyini elan edib. Sonradan Pol Makkartni və Con Lennon ayrı-ayrılıqda oxuyublar, amma əfsanəvi “Bitlz” qrupunun fəaliyyətini dayandırması öz sözünü deyib, dünya musiqisi sanki yetim qalıb.

 

1964-cü ildə Uolt Disneyin “Merri Poppins” cizgi filminin premyerası baş tutub, 1958-ci ildə Maykl Cekson doğulub, 1949-cu ildə SSRİ Semipalatinskdə atom bombasının ilk sınağını həyata keçirib, 1929-cu ildə Qraf Zeppelin adlı almanın dirijabl ilə ilk dünya səyahəti mümkün olub. 1885-ci ildə alman mühəndisi Qotlib Daymler motosiklə patent alıb. 1883-cü ildə Ottavada Tomas Axern ilk dəfə publikaya elektrik plitəsini nümayiş etdirib. 1698-ci ildə 1-ci Pyotr bütün rus mujiklərinə saqqallarını qırxıb avropalılar kimi geyinmək əmrini verib. 1541-ci ildə Osmanlı İmperiyasının rəşadətli döyüşçüləri Macarıstan Krallığının paytaxtı Bud şəhərini ələ keçiriblər.

 

30 avqust. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 illiyi

 

Qəribədir, xarici təqvimlərdə bu gün Azərbaycan üçün əlamətdar bir gün kimi qeyd edilir, amma bizim təqvimlərdə bu gün qeyd edilmir. İctimaiyyətimiz öz yaxın tariximizi saxtalaşdıraraq 30 avqust gününün üstündən sükutla keçir. Amma 1991-ci il avqustun 30-u 20-ci əsrdə ikinci dəfə Azərbaycanda İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür. 30 il öncə keçmiş Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilib. Qeyd edək ki, bu sənəd 1988-ci ildən başlanan milli-azadlıq hərəkatının nəticəsində Azərbaycan Ali Sovetində “Demokratik Azərbaycan” Deputat Blokunun təkidi ilə qəbul olunub.  O zaman Ail Sovetin sessiyası zamanı daxildə “istiqlalçı” deputatalar, küçədə - ali qanunvericilik orqanının binası qarşısında isə xalqın keçirdiyi mitinq belə bir sənədin qəbul edilməsini tələb edirdi. Məhz belə bir şəraitdə bu sənəd qəbul edildi. Bu Bəyannamə 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasında çox mühüm tarixi sənəddir. Onu da qeyd edək ki, hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixli sənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 Avqustda reallaşdırıldığını təsdiq edir. Bununla da, aydın görünür ki, Azərbaycanın  mövcudluğu səbəbi - 28 May 1918-ci il tarixdə Azərbaycanda elan edilən şərqdə ilk demokratik cumhuriyyət müəyyən müddətdə itirilmiş müstəqilliyini 30 avqust 1991-ci il tarixində bərpa edibdir.

 

Və bu bir tale işidir ki, Azərbaycan və Türkiyə dövlətlərinin tarixinə 30 avqust çox əlamətdar gün kimi yazılıb. Türkiyə Cümhuriyyətində də 30 avqust Zəfər Bayramı kimi qeyd edilir.

 

Mən istəyərdim ki, bu gün hər birimiz dövlət müstəqilliyimiz barədə Bəyannaməni oxuyaq, qürur hissi keçirək.

 

 

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi

 

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək, Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq, Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir.

 

30 avqust. Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü

 

Türkiyənin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 avqust Zəfər bayramıdır. Sirr deyil ki, Türk xalqı tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparmış, ölüm-dirim savaşına qalxmışdır. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə tarixdə yeni səhifələr yazmışdır. Zəfər Bayramı Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış sultanlıq xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə aparıblar və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.

 

Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü ehtiva edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur.

 

Zəfər bayramın mübarək, Türkiyəmiz!

 

30 avqust. Beynəlxalq zorakılıqla itgin düşənlər günü

 

Bəli, məhz beləcə. Beynəlxalq hüquq müdafiəçiləri bildirir ki, müəyyən edilməmiş səbəblər üzərindən itkin düşən insanların sayı durmadan artır. Hər il orta hesabla 53000 insan belə halların qurbanı olur. Özü də təkcə “üçüncü ölkə” təmsilçiləri yox, hətta inkişaf etmiş ölkələrdə də bu sayaq hallara rast gəlinir. BMT-nin Baş Assambleyası 2006-cı ildə insanların zorakılıqla itkin düşmədən müdafiəsi barədə Beynəlxalq Konvensiya imzalayıb, 30 avqust gününü təqvimə salıb. Bu qlobal problem bu gün yaranmayıb, amma onu məhz bu gün həll etmək lazımdır. Praktika göstərir ki, qətiyyətlilik olanda, qüvvələr birləşəndə bütün problemləri həll etmək olar.

 

30 avqust. İranın pələng yox, çita sevgisinin müəmması

 

Tatarıstanda bu gün Respublika, Qazaxıstanda Konstitusiya, Qırğızıstanda arxiv işçiləri, Şərqi Timorda məsləhətçilər, Cənubu Sudanda atalar günüdür. Amma bu günə daha maraqlı bayramlar da təsadüf edir. Peruda Limadan olan Müqəddəs Roza günü qeyd ediləcək. Roza – Latın Amerikasında ilk katolik müqəddəsdir, 1586-1617-ci illərdə yaşayıb. Bu gün hamı kilsəyə gedib şam yandırmağa, dua etməyə borcludur. İranda milli çita günüdür. Çita pələng, bəbir, yaquar kimi xallı yırtıcılardandır, onlardan bir az balaca, amma daha sürətlidir, iranlılar niyə, tutalım, pələng kimi nəhəngi qoyub çita kimi cılızın şəninə bayram keçirirlər? Müəmmadır ki müəmmadır.

 

O ki qaldı amerikalılara, bu gün dünyanın əsas ölkəsində odda qızardılmış marşmellou günüdür. Marşmellou - bəyənilən qənnadı məmulatı olan zefirdir. Demə, onu qızardıb da yemək olurmuş.

 

Bu gün doğum günü olanlardan aktrisa Kemeron Diası (1972), Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən uğurlu di-ceyi Pol Okonfoldu (1963), Belarus prezidenti Aleksandr Lukaşenkonu (1954), dünyaca məşhur “Frankenşteyn” romanını yazan Meri Şellini (1797) qeyd edə bilərik.

 

31 avqust. Ümumdünya blogger günü

 

World Bloggers Day – bu gün insanların diqqətini bloggerlərə cəlb eləmək, bu yeni əsr peşə sahiblərinin əməyini diqqət önünə çəkmək nəzərdə tutulur. Bloggerləri hər yerdə sevmirlər. Xüsusən insan hüquqları pozulan, demokratiya olmayan ölkələrdə bu sosial mediya fədailəri hakimiyyət üçün baş ağrısı hesab olunur. Bu səbəbdən bloggerlər təqib olunur, onların sosial mediya hesablarına basqılar edilir, onlara qarşı trol ordusu hərəkətə keçir.

 

Əlbəttə, xalqın dərdlərini, problemlərini açıb-ağardan, məmur korrupsiyasını gündəmə gətirən bloggerlərin fəaliyyəti alqışlanmalıdır. Amma bəzən, xüsusən öz ölkəsinin hüdudlarından kənarda yaşayan mühacir bloggerlər tənqidlə təhqiri dəyişik salır, vulqar ifadələrlə, söyüşlə silahlanırlar, bax bu yolverilməzdir.

 

31 avqust. Ermənilərin özbəklərə qarşı genosidi, Svetayevanın vəfatı və patı

 

Yayın son günü. Bu gün təqvimdə Açıq havada qidalanmaq günü qeydi də var. Anlamı nədir? Yayın son günündə insanları təbiətin qoynuna çıxmağa, gözəllikdən həzz ala-ala qidalanmağa çağırırlar. Bəzən xoşbəxtlik o qədər xırda şeylərdə olur ki, biz sadəcə onu duymadan ötürürük.

 

Bu günü qardaş özbək xalqı Repressiya qurbanlarının xatirəsi günü kimi qeyd edir. Bu barədə illər öncə Ozbəkistanın ilk prezidenti İslam Kərimov sərəncam verib. Özbək xalqının taleyinə 20-ci - 30-cu illərdə Stalin repressiyaları, 40-cı – 50-ci illərdə ikinci repressiya dalğası, 80-ci illərdə “pambıq işi” deyilən müdhiş cinayətlərə tuş gəlmək yazılıb. Və çox qəribədir ki, həmişə də özbəklərə atılan güllənin arxasında ermənilər dayanıb. Xüsusən “pambıq işində” bütün xalqı incidən, kişiləri həbsə atan, güllələdən, qadınları şantaj edib namuslarına toxunan bir nömrəli sima erməni müstəntiq Telman Qdlyan olub. Bu gün Özbəkistanın ermənilərlə diplomatik əlaqə qurmamasının da kökündə bax bu erməni cinayətləri durur.

 

1994-cü ilin bu günündə Berlindən işğalşı Sovet Ordusunun çıxarılmasına başlanılıb. 1907-ci ildə Atlanta ittifaqı yaradılıb. 1941-ci ilin bu günündə rus şairəsi Marina Svetayeva vəfat edib. Və ən nəhayət, bu gün həm də Beynəlxalq doza həddini keçmə barədə məlumatlandırma günüdür. Dünyda hər il yüz minlərlə insan doza həddini aşmaqla narkotiklərdən vəfat edir. Narkotiklərlə ayrıca mübarizə günləri təqvimdə müxtəlif adda bir neçədir. Bu günsə doza həddini keçməmək tələbi qoyulur, yəni, narkotik qəbul eləməyiniz cəhənnəmə, barı doza həddini keçməyin.

 

Çox təəssüf ki, bu gün ölkəmizdə narkomaniya cövlan edir. Bütün sosial mediya patı adlı bəladan bəhs edir. Xalqın gələcəyini bir dəstə murdar insan zəhərləyərək özünə milyonlar qazanır. Buna təcili son qoyulmalıdır! Dərhal son qoyulmalıdır!

 

31 avqustun şeir bəndi

 

Bu gün həm bütöv bir aya, həm də bütöv bir fəslə “əlvida” deyirik. Əlvidalar insan ömrününü daimi qonaqlarıdır, insan itirə-itirə getdiyindən bir dəfə uşaqlığına, bir dəfə gəncliyinə, bir dəfə sevdiyinə, bir dəfə valideyinlərinə, bir dəfə gözəlliyinə, bir dəfə sağlamlığına, bir dəfə də həyatına əlvida deyir.

 

Hələ bu dünyada qalmaq payım var,

 

Bəxtimin üzünə gülmək payım var,

 

Azadlıq yolunda ölmək payım var,

 

Obalar əlvida, ellər əlvida.

 

Şahmar Əkbərzadə