Bu gün Ümumdünya Humanitar Yardım və Ümumdünya Fotoqrafiya Günləri, habelə görkəmli teatr rejissoru İsmayıl Hidayətzadənin 120 illiyidir

Rate this item
(0 votes)

 

19 avqust. Ümumdünya Humanitar Yardım Günü

 

Bu gün bu yardım daha çox Afrikanın aclıq çəkən ölkələrinə, habelə müharibə gedən Suriya kimi ərazilərə şamil edilir. Təəssüf ki, uzun illər bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan da fəlakət zonası elan edilib bu sayaq yardımlar alırdı. Yardımlar barədə sizə yazıçı dostum Əlibala Məhərrəmzadədən eşitdiyim bir olmuş hadisə danışım. Rayonlardan birində məskunlaşan məcburi köşkünlərə Almaniyanın bir humanitar təşkilatının göndərdiyi ərzaq paylanırmış. Köçkünlər bir-bir yerli məmurların qutuları aradan çıxardıqlarını görürmüşlər. Onsuz da köçkünlər yerli məmurların qanunsuz əməllərindən beziblərmiş. Bu əliəyrilik, köçkün malına göz dikmək də üstəlik. Bir qoca qarı yardımını götürəndə məmur irişə-irişə ona deyib ki, ay nənə, bu ərzağı sizə  nemeslər göndəriblər. İkinci dünya müharibəsini, faşizmin zülmünü görmüş yaşlı insanlar üçün nemes anlamı bir başqa məna kəsb edir axı. Qarı da əvəzində onun üstünə bozarıb ki, nemsə onlar deyil, əsl nemsə sizsiz. Bax belə!

 

19 avqust. Ümumdünya Oranqutan Günü

 

Sizə oranqutanlar barədə nə deyə bilərəm? Elm təsdiqləyib ki, insandan sonra ən ağıllı canlıdır o. Adının mənşəyi də maraqlıdır, oranqutan – qədim latın və malay dillərində meşə adamı mənasını verir. DNK qomologiyasına görə insana ən yaxın canlıdır oranqutan. Adını o qədər eşitmişik, elə bilirik ki, dünyada ən çox yayılan meymun növüdür. Amma belə deyil, onlar sayca çöx azdırlar, dünyada cəmi iki yerdə - Kalimantan və Sumatra adalarının meşələrində yaşayırlar. Nəsilləri kəsilmək üzrə olduğundan Qırmızı kitaba düşüblər. Praktiki olaraq bu canlılar bütün həyatlarını ağacların üzərində keçirirlər, yanaşı açılarkən 2 metr uzunluq alan iri əllərinin köməyi ilə budaqdan budağa hərəkət edir, hətta su içmək prosesini də yerə düşmədən, yağışdan sonra yarpaqların üzərinə yığılan suyu içməklə həyata keçirirlər.

 

Oranqutanları digər meymunlardan fərqləndirən aralarında olan möhkəm sosial əlaqələr və mədəniyyətdir. Oranqutanların dişiləri balaları ilə uzun illər bir yerdə yaşayırlar və balalarını tərbiyə edirlər. Oranqutanlar ağac yarpaqlarından çətir kimi istifadə edə bilirlər. 10 yaşlı oranqutan 200-dən artıq bitki növünün rəngini və dadını tanıya və ayırd edə bilir. Oranqutanlar özlərini güzgüdə tanıya bilirlər.

 

Chantek adlı 39 il yaşamış məşhur oranqutanın isə yəqin ki, adını eşidənləriniz olub. ABŞ-ın Georgia ştatının Atlanta şəhərində 9 il bir antropoloq bu meymunu müşahidə edibmiş.Bu dövrdə Chantek otağını təmizləməyi, alətləri hazırlayıb istifadə etməyi və restorana yolu əzbərləməyi öyrənibmiş.O, həmçinin Amerika işarə dili ilə ünsiyyət qurmağı bacaran nadir insanabənzər meymunlardan biri idi.

 

19 avqust. Ümumdünya Fotoqrafiya Günü

 

2009-cu ildə avstraliyalı fotoqraf Korske Arenin təklifi ilə qeyd olunmağa başlanılıb bu gün. 19 avqust – Fransa hökumətinin ilkin fotoqrafiya prosesi üçün daqerrotip cihazına patent əldə etməsi günüdür. Xüsusən ağıllı mobil telefonlar kəşf edildikdən, hər kəs kameraya malik olduqdan sonra hamı foto çəkməkdədir. Bununla belə, peşəkar fotoqrafiya öz statusunu həmişə qoruyur. Azərbaycanımızda da bu cür peşəkarlar az deyil. Asim Talib, S. Rasim, Şahin Yüksəl Sərkərov kimi ustadlar, eləcə də yeni dalğa fotoqrafiya sənətinin Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Babək Həsənov, Bahadur Cəfərov, Bəhruz Əlizadə, Cavid Məmmədov, Denis Sveçnikov, Dilavər Nəcəfov, Ehtiram Jabi, Elay Mikayıl, Eldar Əkbərov, Elmar Mustafazadə, Elşad Asəfov, Emil Xəlilov və digərləri kimi nümayəndələri fotoqrafiya sənətinə töhvə verməkdədirlər. Var olun, yaşayın və yaradın!

 

19 avqust. Kartof günü

 

Gədəbəylilər, yaxın oturun. Bu gün sizin bayramdır. Ensiklopedik nəşrlərdə bu ən məşhur tərəvəz barədə bunlar yazılıb – badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu və And kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Bizdə yayılan da elə bu növdür. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.

 

1565-ci ildə kartof ilk dəfə İspaniyaya, 17 əsrin sonunda Rusiyaya,18 əsrin sonu - 19 əsrin əvvəllərində Azərbaycana gətirilmişdir. Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, Almaniya və Fransada əkin sahələri daha çoxdur. Azərbaycanda bu bitkinin əkin sahəsi 69-70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı təqribən 1 milyon ton, hektardan orta məhsuldarlıq 153 sentner olur. Kartofun vətəni Gədəbəydir deyənlər hardasa haqlıdırlar, Gədəbəydə dağ iqlimi şəraitində yetişən kartof unikal dadı ilə seçilir, ölkəmizdə ən çox kartof yetişdirilən region isə Cəlilabaddır.

 

Kartof həm də qadınların üz ağlığıdır, qayğanaq və kartof qızartması onları daha mürəkkəb xörəkləri bişirib əziyyət çəkməkdən xilas edən vasitələrdir.

 

19 avqust. QKÇP, Belka və Strelka, Ruzvelt və Çörçil

 

1991-ci ilin bu günündə məşhur QKÇP hadisəsi baş verib, Kremldə çevrilişlə hakimiyyətə yeni qüvvələr gəliblər. 1960-ci ildə ruslar kosmik fəzaya Belka və Strelka adlı iki itlə kosmik gəmi buraxıblar. 1943-cü ildə ABŞ və İngiltərənin rəhbərləri – Ruzvelt və Çörçil gizlincə atom bombasının yaradılması barədə saziş imzalayıblar. Bugünkü gün keçmiş ABŞ prezidenti Bill Klinton (1946), dünyaşöhrətli fransız kuturye Koko Şanel (1883) doğulublar, ünlü fransız riyaziyyatçısı Blez Paskal (1662), qərb sivilizasiyasının ən möhtəşəm memarı, klassisizmin banisi italyan Andrea Palladio (1580), habelə ilk Roma imperatoru Oktavian Avqust (14) vəfat ediblər.

 

19 avqust. Görkəmli teatr rejissoru və aktyoru İsmayıl Hidayətzadənin 120 illiyi

 

Mədəniyyətimizin inkişafında rolu olmuş hər kəsi tanımaq, onların adlarını yaşatmaq bizlərin borcudur. İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci il avqust ayının 19-da Bakıda anadan olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq ona “İttihad” məktəbində güzəştlə oxumağa izn verilmiş, lakin 1917-ci ildə atasının vəfatından sonra təhsildən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq etmiş, tamaşalar hazırlamışdır. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də var idi. O, rejissorluq sənətinə də maraq göstərmiş, Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləmişdir. 1926-ci ildə arabir özünü rejissorluqda sınamış, sonra Mirzə Rza Vaizzadənin “Səyavuş” pyesini tamaşaya qoymuşdur. İndiki Milli Dram Teatrında 1937- ci ilədək aktyor, sonra həm də rejissor işləmişdir. Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçirilmiş, az sonra həmin teatra baş rejissor təyin olunmuşdur. Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını, Rus Dram Teatrında “1905-ci ildə”, “Vaqif” tamaşalarını səhnələşdirmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanmışdır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırmış və Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilmişdir. Rejissor və teatr xadimi İsmayıl Hidayətzadə aktyor kimi də coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə çevik və həssas görünürdü. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilmişdir. Görkəmli aktyor, rejissor 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. İsmayıl Hidayətzadə 1951-ci il noyabr ayının 11-də Bakıda vəfat etmişdir. Bakı şəhərindəki küçələrdən biri rejissorun adını daşıyır. Ruhu şad olsun!

 

Şəkildə: İsmayıl Hidayətzadə çoxsaylı rollarından birini oynayarkən. Mənbə: Kino-teatr.ru

 

(Varisin “11-20 avqustun təqvimi” yazısından fraqmentlər)