Bakı Beynəlxalq Muğam Mərkəzi TÜRKSOY-un Macarıstanda təşkil etdiyi festivalda təmsil olunur

Rate this item
(0 votes)


Beynəlxalq Muğam Mərkəzi (BMM) TÜRKSOY-a daxil olan ölkələrin müstəqilliyinin 30 illiyi münasibətilə təşkil edilən beynəlxalq festivalda milli musiqi alətlərimizi təbliğ edən proqramla təmsil olunur.
Bu barədə AzərTAC BMM-ə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət və sənət adamlarının iştirak etdiyi festival avqustun 17-dən 23-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilir. TÜRKSOY-un təşkil etdiyi festival çərçivəsində türk dünyasının folklor musiqisi, fotosərgi və müxtəlif sənət növlərini təmsil edən iştirakçıların ustad dərsləri nümayiş olunacaq.
Xatırladaq ki, 2008-cu il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda açılışı olan Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bir layihədir. Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.