IFLA prezidenti Barbara Lison ilə səmərəli görüş

Rate this item
(0 votes)

 

Ankarada Türkiyə Prezident Kitabxanasında keçirilən 36-cı CENL-in illik iclasında iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov IFLA-nın hazırkı prezidenti Barbara Lison ilə görüşüb.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, görüş zamanı Kərim Tahirov 30 il öncə Ermənistan tərəfindən işğal olunan və 2020-ci ilin noyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərəzilərimizdən, oradakı tarixi abidələrin, mədəniyyət müəssisələrinin, eləcə də kitabxanalarımızın tamamilə dağıdılmasından danışıb.

O bildirib ki, 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 ildən artıq erməni işğalında olan ərazilərimizi işğaldan azad edib. Kərim Tahirov həmin ərazilərdə vaxtilə mövcud olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların ümumilikdə 4,6 milyon nüsxə qiymətli kitab fondlarının vəhşicəsinə yandırıldığını qeyd edib.

O, işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından 2020-ci ilin dekabr ayında keçmiş IFLA prezidenti Christine Mackenziyə məktubla müraciət edərək işğaldan azad edilən regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini bildirib. Cavab məktubunda IFLA-nın müharibəni qətiyyətlə qınadığını, tarixi abidələrə, mədəniyyət müəssisələrinə bilərəkdən zərər verməyin qəbul olunmaz olduğunu qeyd edən Christine Mackenzie həmçinin dağıdılmış kitabxanaların fotolarını Blue Shield və UNESCO-dakı həmkarları ilə paylaşmaq üçün icazə istəyib. Lakin təəssüf ki, missiya göndərilməsi ilə bağlı xahişimizə bu günədək cavab alınmayıb.

Bu səbəbdən Kərim Tahirov IFLA prezidenti Barbara Lisona müraciət edərək, dağıdılmış bölgələrdəki kitabxanaların vəziyyətini dəyərləndirmələri üçün mütəxəssislərdən ibarət bir missiya təşkil edilməsini xahiş edib. 

Azərbaycan Milli Kitabxanası olaraq həm CENL-in, həm də IFLA-nın nümayəndələrini öz ölkəmizdə qəbul etməyə hazır olduğumuzu bildirən Kərim Tahirov xanım Barbara Lisonu bu ilin oktyabrında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək və işğaldan azad olunmuş ərazilərimizdəki kitabxanalara baxış keçirməsi üçün ölkəmizə dəvət edib. Görüşün sonunda Kərim Tahirov bildirib ki, bir zamanlar işğala məruz qalan ölkə olaraq Azərbaycan Respublikası hər cür müharibəni və işğalı qətiyyətlə qınayır, belə halların yaşanmaması və təkrarlanmaması üçün IFLA-nın və digər beynəlxalq təşkilatların belə hallara ciddi münasibət bildirməsi çox vacibdir. IFLA prezidenti dəvəti qəbul etdiyini bildirərək, belə hadisələrdən çox təəssüfləndiyini bildirib.