Teatrın şəhid əməkdaşının xatirə lövhəsinin açılışı oldu

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı oldu.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində Xalq artisti Fatma Mahmudova, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açdılar.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak edirdilər.

Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın səhnəsini işıqlandıran gənc Vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib.
2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərindən qəhrəmancasına vuruşub. Oktyabrın 6-da ağır döyüşlərin birində Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edib və şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!