Mədəniyyət Nazirliyi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur Featured

 

UNESCO-nun ən vacib tədbirlərindən hesab edilən Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası bu il, Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilir. Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sessiyanın rəsmi açılış mərasimində UNESCO-nun Baş direktoru, Hindistanın Baş naziri və digər yüksək səviyyəli rəsmilər çıxış edib.

İyulun 22-də iclasın gündəliyi təsdiq edilib. Gündəlik üzrə Katibliyin hesabatı, məşvərətçi orqanlar olan ICOMOS, IUCN və ICCROM-un və Regional mərkəzlərin hesabatları dinlənilib, Komitənin büdcəsi və Mədəni irs üzrə potensialın gücləndirilməsi üzrə Strategiya müzakirə edilib. Müzakirələr çərçivəsində Azərbaycanın milli bəyanatı ilə çıxış edən UNESCO yanında daimi nümayəndə səfir Elman Abdullayev Azərbaycanda mədəni irsə dəstək, Ermənistan işğalı dönəmində qəsdən tamamilə dağıdılmış şəhərlərin və tarixi abidələrin bərpası, eləcə də mədəni irsin iqlim dəyişikliklərinin təsirindən qorunması üçün COP29 çərçivəsində planlaşdırılan tədbirlər haqda məlumat verib. Gündəlik üzrə müzakirələr növbəti günlərdə davam edəcəkdir.

Səfər çərçivəsində iyulun 22-də nazir müavini S.Yusifova BƏƏ-dən olan həmkarı Mübarək əl Nakhi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, son ildə təmaslarımızın daha da intensivləşdiyi vurğulanıb. M. Əl Nakhi “Şuşa İslam mədəniyyətinin paytaxtı 2024” ilinin açılışında, Xarı Bülbül Festivalında iştirak etdiyini və Şuşaya valeh olduğunu bildirib.

Görüşdə həmçinin, ötən il Dubayda baş tutan COP28 çərçivəsində başladılan mədəni təşəbbüslərin COP29 çərçivəsində davam etdirilməsi üçün birgə fəaliyyət istiqamətləri ətrafında müzakirə aparılıb.

Həmin gün həmçinin nazir müavini Avstraliyalı həmkarı xanım Reyçel Perri ilə də görüşüb. Görüşdə mədəni irsin qorunması üçün beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi və təbliği, eləcə də iqlim dəyişiklliyiinin mədəni irsə təsirlərindən qorunma üçün effektiv mexanizmlər ətrafında müzakirə aparılıb. Qarşı tərəfə COP29 çərçivəsində ölkəmizdə reallaşacaq mədəni tədbirlər və yeni təşəbbüslər haqda ümumi məlumat verilib.

İyulun 31-dək davam edəcək 46-cı sessiyada iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətində həmçinin ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyası, ICOMOS Azərbaycan və İçərişəhər DTMQİ təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)