QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Qapıcıq mağarası Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qapıcıq mağarası

(Qafan)

 

Sehrli meşədə gözəl quşların böyük bir dəstəsiyaşayırdı. Onların zərif ipək lələkləri mirvarilərlə örtülmüş, günəşin şəfəqləri altında parıldayırdı. Gümüşcaynaqlı mərcan ayaqları hündür və nazik idi, quyruqlarından meşəyə parlaq rəng verən zümrüdlər asılmışdı. Meşə sakinləri gözlərini ecazkar quşlardan çəkə bilmirdilər. Bu sehrli quşlar yalnız sübh vaxtı və gün batanda görünürdülər. Onların səsləri eşidiləndə  bütün Meşə donurdu: otlar pıçıldamır, ağaclar xışıldamır, çaylar guruldamır, hətta külək də əsmirdi.

Bütün meşə sakinləri gözəl, əsrarəngiz quşları sevir və onlarla dostluq etməyə çalışırdılar. Quşların başçısı Zümrüd quşu idi. Quşlardan  heç biri onun  qədər gözəl hekayələr bilmirdi. Zümrüd quşu bilik ağacının budaqlarında qurduğu yuvada yaşayırdı. Meşədəki bütün quşlar ona inanır, işləri çətinə düşən kimi ona müraciət edir və düşünürdülər ki, onları yalnız hər bəladan Zümrüd quşu qurtara bilər. Hər axşam günəş Sehrli Meşənin sərhədinə yaxınlaşanda və onu tərk etməyə hazırlaşanda Bilik ağacının budaqlarında oturan sehrli Zümrüd quşu hekayəyə başlayardı. Qədim zamanlarda Sehrli Meşənin qırmızı yumşaq torpaqda necə doğulduğunu, orada heyvanların və quşların məskunlaşdığını, qüdrətli dəryalarda balıqların üzdüyünü, şəffaf suların şəlaləyə dönüb dağlardan necə axdığını nağıl kimi danışardı. O, Göy qurşağının onun lələklərinə səpdiyi rənglərdən, okeanların ona hədiyyə etdiyi mirvarilərdən, dəniz ulduzundan, zümrüd dağlarından lələklərinə qonan daşlardan, həyat ağacını yerə gətirdiyindən, oddan, küldən maraqla danışardı. 

Sehrli quşlar  hər dəfə meşəyə qayıdanda özləri ilə qeyri-adi şeylər gətirərdilər: dəniz ulduzu, xərçəng üzgəci, kəhrəba parçaları, fil dişi, rəngarəng daşlar, qulpunda sirli yazıları olan kiçik gil qabları. Bütün bu xəzinələr bilik ağacının dibində saxlanılırdı. Meşə sakinləri Bilik ağacından bunların nə olduğunu və haradan gəldiklərini soruşanda hər şeydən xəbərdar olan ağac asanlıqla suallara cavab verirdi. Sehrli Meşənin sakinləri bilirdilər ki, dəryaların başladığı və bitdiyi yerdə qəribə də olsa, eyni canlıların yaşadığı bir dünya var. Bəzilərinin  qanadları var idi - amma uça bilmirdilər. Kəskin pəncələri olan güclü pəncələr var idi - lakin onlar yalnız özlərindən zəifləri yeyir, bəziləri isə zibillikdə eşələnirdilər. Güclü, iti dimdiyi olanlar ağaclardakı qurdları, həşəratların sürfələri, tırtıllar ilə qidalanırdılar. Onlar bütün günü qarınlarını doydurmaq üçün çalışıb yem əldə edirdilər. 

Meşə sakinləri bu hekayələri dinləyir, onlara daha inanılmaz gələn o olurdu ki, haradasa başqa, azad və xoşbəxt bir həyat var. Həyatlarını maraqsız fikirləşən quşlar bir gün sehrli meşədən də gözəl məkana getməyə qərar verirlər. Zümrüd quşundan  kömək istəyirlər. Beləliklə Zümrüd quşunun başçılığı ilə başı buludlara çatan Qaf dağına doğru uçurlar. Ora çatmaq üçün isə yeddi dərin vadidən keçmək lazım idi. Bu yollar o qədər çətin olur ki, yolda xeyli quş məhv olur. İradə, eşq, cəhalət, inamsızlız, tənhalıq, arxayınlıq və birlik vadilərindən keçən otuz quş Qaf dağının zirvəsinə çatıb, dağın başındakı mağarada yaşamağa başlayırlar. Sehrli meşədən uzaq düşürlər. Zümrüd quşu daha öz hekayətlərini heç kimə danışa bilmir. 

Dəstədən olan gənc Quşlar dağın ətəklərində tələyə düşən quşlara kömək edərdilər. Az keçmir ki, ovçular sehrli Quşları görür və onları əldə etməyə qərar verirlər. Quşları tutmaq üçün daha  möhkəm torlar qurub, qayalarda bitən hündür kolların arasında gizlənirlər. Quşlar heç vaxt xəyanətlə qarşılaşmamışdı. Həmişə torlara düşənlərin torunu öz iti caynaqları ilə yırtıb aciz əsirləri möhkəm qanadlarında götürüb Sehrli Meşəyə aparar, yaşıl çəmənliyə cəsarətlə enib onları azadlığa buraxardılar. Amma dəstənin quşları ovçuların güdazına gəldi,  onları tutub böyük qəfəslərdə saxladılar. Əsir quşlar getdikcə çoxaldı.  Beləliklə, sehrli Quşların taleyi həll edildi. Şahlara hədiyyə olaraq saraya göndərildi, digərləri yad ölkələrə aparılıb satıldı, onların əvəzində zəngin xəzinələrə sahib çıxdılar. 

Heç kim ağlına gəlmirdi ki, ecazkar quşlar bir-birindən ayrıla bilər. Sehrli Meşədən və doğma dəstədən uzaqda, tənha qalan başçı quş -Zümrüd quşu ümidini itirmədi ki, bir gün əsir quşları azad edəcək.  Günlər keçdi və o başa düşdü ki, daha heç vaxt gözəl hekayələrini danışa bilməyəcək, ona inananlar da olmayacaq.  Tənha quşun ecazkar gözəlliyi yoxa çıxdı. Dəstədən ayrı, tənha yaşamağa öyrəşməyən Zümrüd quşu zirvədəki mağarada yaşayıb sehrli meşəyə qayıtmadı. İllər keçdi. Bir gün dərya sahilinə gəldi və sudakı əksinə baxdı. Gördüklərindən dəhşət içində geri çəkildi. Sehrli Quş özünü heç tanımadı: bir vaxtlar gözəl və güclü olan qanadları çarəsiz asılmışdı; lələklərin üzərindəki mirvarilər qalın bir kir təbəqəsi ilə örtülmüşdü; mərcan ayaqları tozdan boz olmuşdu; gümüş caynaqlar küt və sönük idi, alov saçmırdı! O, dərhal Sehrli Meşəyə qayıtmalı olduğuna qərar verdi. Qanadlarını var gücüylə çırpdı, uçmağa çalışdı. Dəhşətlə hiss etdi ki, qanadlar ona tabe olmur, başını qaldırdı və səmaya baxdı. Səma boz buludlarla örtülmüşdü, tezliklə leysan yağış yağacaqdı. Külək dağa, daşa dəyib ulayırdı, bütün canlılar yaxınlaşan tufandan qaçaraq bir-birindən uzaqlaşırdı. Yalnız Zümrüd quşu ildırım gurultusunu və parıldayan şimşəkləri səbirsizliklə gözləyirdi. Fırtına qopdu! Axar sel suları bir neçə dəqiqədən sonra qaynayan dərəyə töküldü. Zümrüd quşu dərindən nəfəs aldı və bir vaxtlar uçarkən qanadlarından qığılcım saçan, indi isə sallanan çirkli qanadlarını yağış axınına tərəf tutdu. Bir anda lələklərindəki mirvarilər parıldamağa başladı, çaynaqları yenidən parlaqlaşdı və əvvəlki rəngini aldı. Zümrüd quşu əvvəlki gözəlliyini xatırladı. Az müddətdən sonra yağış kəsdi. Yağışdan sonra görünən günəş şüaları altında qanadlarını qurutdu; onları möhkəm yellədi və yerdən qalxdı! Sehrli Quş havada cəmi bir neçə dəqiqə qaldı. Qanadlarını hər dəfə möhkəm çırpmaqla itirdiyi gücü sanki geri qaytardı. Sevinc içində geniş çaylar, dərələr, sıx meşələr üzərindən uçdu. İnciləri getdikcə daha çox parıldadı, ürəyi getdikcə daha şən oldu! Və birdən sehrli səslər eşitdi, sanki göyün aydın maviliyində büllur zənglər çalınır, onu o səmtə səsləyirdi. 

Tezliklə uzaqda Sehrli Meşə göründü.  Zümrüd quşu son dəfə göz yaşları ilə sehrli meşənin otları, ağacları üzərindən uçub göz yaşlarını tökdü. Göz yaşları dəyən ağaclar, bitkilər insanlara şəfa verdi. Zirvədəki mağarasına qayıtdı. Dağlarda bitən otlardan yapışqanlı tüpürcəyi ilə mağaranın ağzına qapı hördü. Mağaranın içində gözlərini yumaraq üzünü Tanrıya tutub dedi: Mən gözlərimi əbədi olaraq yumuram, öləndən sonra yanıb kül olacağam. İstəyim odur ki, külümdən yenidən dirilik tapmayım. Qoy mənim ruhum əbədi olaraq əcdadlarımın ruhuna qovuşsun. 

Sehrli meşə sakinləri bir daha o quşu görə bilmədilər. Heç kəsə bu quşu görmək imkanı verilmədi - nə heyvan, nə quş, nə insan. Təkcə onu bilirdilər ki, onun lələkləri günəşin doğuşu və qürub vaxtı batmasından daha gözəldir. Zümrüd quşu nəinki əsrarəngiz, möcüzəvi gözəl idi, həm də hikməti okean kimi sonsuz idi, çünki o bilik ağacında yuva qurmuşdu. 

İllər sonra Zümrüd quşunun göz yaşları ilə sulanan Sehrli meşə bu quşun eşqiylə Qaf dağına doğru böyüməklə Oğuz yurdunun insanlarına yaşıl həyat verdi. Onlar gözəl, səfalı yurdlarını Qafan, Qaf dağının zirvəsindəki mağaranı isə Zümrüd quşunun hördüyü qeyri-adi qapı əsasında Qapıcıq adlandırdılar. Bu mağara indi də Qaf dağının zirvəsində yerləşir.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)