Sumqayıtda yerli AYB bölməsi Ədəbiyyatı dəstəkləyən jurnalistləri bir araya gətirdi

Könül, “Ədəbiyyat və incəsənət”

 

22 iyul Milli Mətbuat günü münasibətilə Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ədəbiyyatın təbliğində zəhməti olan tanınmış media nümayəndələri ilə görüş keçirdi. 

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin moderatoru olduğu tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də şəhər jurnalistikasının tanınmış imzaları iştirak edirdilər. 

Çıxışçılardan Fərman Kazımov şəhər jurnalistikasının ənənələri, Eyruz Məmmədov və Ağalar İdrisoğlu çağdaş durumda kağız mətbuatı yaşatmağın yolları, Hümbət Həsənoğlu və Eyvaz Qocayev elektron medianın üstünlükləri, Sübhan Qafaroğlu və Ramil Zeynallı şəhər mətbuatının flaqmanı olan “Sumqayıt” qəzetinin durumu, Almaz Ərgünəş Bəyazid günümüzlə səsləşməyən bədii kitabların zərəri, Müqəddəs Şahbazov və Hafiz Eynullayev günün mətbuat və ədəbiyyat trendləri barədə söz açdılar. 

İştirakçılara AYB Sumqayıt bölməsinin diplomları və hədiyyələr təqdim edildi. 

Tədbirdən sonra Gülnarə Cəmaləddindən tədbirlə bağlı fikirlərini öyrəndik. 

-Bu günün tarixi  əhəmiyyəti millətimiz üçün çox böyük önəm daşıyır. Biz də bu gün münasibətilə qərara aldıq ki,ədəbiyyatımızın yanında olub, bizə dəstək olan, dilimizin, ruhumuzun saflığını qoruyub saxlayan qələm adamlarını təbrik edək və birlikdə sözümüzün, ədəbiyyatımızın üzləşdiyi problemlərə bir cözüm yolu arayaq. Elə bilirəm, çox səmimi bir söhbət alındı və bu günü tarixə qovuşdura bildik. Gününüz mübarək, mətbuatımızın cəfakeşləri, sözə sədaqətlə qulluq edənlər!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)