QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - “Gümrü” Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qədim zamanlarda oğuz xaqanlarının məskən saldığı dağlar qoynunda yerləşən füsunkar sıx meşələri ilə olan yerdə ağlasığmaz ölçüdə əcaib qəraib heyvanlar peyda oldular. Camaat bunu eşidib bilib daha meşəyə getmədilər ki, vəhşi heyvanlara yem olmasınlar. Gecələr bəzən meşə tərəfdən tükürpədici səslər, xışıltılar eşidilirdi. İnsanlar zənn edirdilər ki, bu heyvanlar kəndə doğru sürünür və onları yemək üçün  qurbanlarını gözləyirlər.

Bu yurdda yaşayan dülgərin Gümrü adlı qızı inanılmaz dərəcədə gözəl, lakin çox inadkar idi. O, camaatın danışdıqları bu söhbətləri qulaq ardına vurur, onların varlığına inanmır, şayiə olduğunu deyib, qaranlıq meşəyə getməkdən qorxmurdu.

Bir gün o, meşədən cır armud, əzgil yığmaq istədi. Qız ata, anasına qulaq asmadan qaranlıq, sıx meşəyə getdi. Zənbili dolsa da hələ də zümzümə edərək giləmeyvə axtarışındaydı. Meşənin lap sıx yerinə girmişdi. Birdən qəribə heyvan səsləri eşitdi. Heyvanlar insan səsi eşidib yad adama tərəf gəlməyə başladılar.  Əcaib qəraib heyvanlar çox nəhəng idi, onların iri iti dişləri və uzun caynaqları vardı. Gümrü cəld səs gələn tərəfdən uzaqlaşaraq kəndə tərəf qaçdı, gedərkən yığdığı cır armud və giləmeyvələri yerə atdı və nəhayət, meşədən çıxıb heyvanlardan gizlənə bildi. Ağacların quru budaqları, kolların tikanlı yarpaqları onun bədənini cırmışdı.  O,  qan içində kəndə çatıb camaata başına gələnləri danışdı. Kənddə çaxnaşma düşdü, qəzəbli heyvanlardan xəbər tutan insanlar vəhşilərdən qorxaraq dərhal evlərini tərk edib, dağlara üz tutdular. Gümrü yurdunun insanlarını xilas etmək qərarına gəldi. 

Qurtulmaq istəyən hər kəsi dağın başında olan bir mağaraya apardı. Mağaranın ağzı balaca, dar olsa da içərisi geniş idi. Hamı ora sığındı. Ancaq yemək-içmək yox idi, buna görə də cəsarəti Gümrü həyatını riskə ataraq hər gün su üçün dərəyə enir, göbələk, meşə soğanı və s. yığmaq üçün meşəyə getməli olurdu. Mağarada sığınan insanlar Gümrünün sayəsində öz xilaskarlarını tapmışdılar. Gümrü hər gün eyni yolla dərəyə enir su gətirir, meşədə tələ qurub dovşan, kəklik tutub onlara gətirərdi. Amma mağarada gizlənən insanların  xoşbəxtliyi çox çəkmədi. Əcaib qəraib heyvanlar bir gün meşədə gəzən qızı gördülər, qızın arxasınca gəlib mağaraya çatdılar. Mağaranın girəcəyi çox balaca olduğundan nəhənglər ora girə bilmədilər. Camaat yenidən çaxnaşmaya düşdü, heyvanlardan xilas ola bilməyəcəklərini, acından, susuzluqdan öləcəklərini anladılar.  Gümrü mağaranın ağzında bədheybət heyvanların buradan getmələri üçün dua edir, göz yaşı tökürdü. Tanrı Gümrünün dualarını eşitdi, tezliklə Gümrünün göz yaşlarının yerində gölməçə əmələ gəldi. Gölün hər saniyə böyüməsi heyvanları vahiməyə saldı, çünki onlar sudan qorxurdular. Odur ki, dərhalmağaradan uzaqlaşdılar. Amma gölməçələrdən böyük bir göl yarandı və mağaradan uzaqlaşmaq istəyən bədheybətləri boğdu. Beləliklə, Gümrü kəndi qaçılmaz ölümdən xilas etdi. İnsanlar mağaradan çıxıb, gölün üstü ilə üzərək doğma kəndlərinə qayıtdılar. Amma taqətdən düşmüş Gümrü elə oradaca qalıb daşlaşdı. İnsanlar yurd yerlərini Gümrü adlandırdılar. 

 

Gümrü - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)