Special Edition Talks layihəsində Anar Kərimovun çıxışı

Rate this item
(0 votes)

İyulun 14-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İslam Əməkdaşlığı Gənclər Forumu (IYCF) tərəfindən təşkil edilən xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində Fəxri Qonaq qismində “Gənclər və mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış etmişdir.
Mədəniyyət Nazirıiyinin yaydığı rəsmi açıqlamaya görə, mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov əvvəlcə bu sahədə dünyada və Azərbaycanda müşahidə olunan müasir meyllərdən danışmışdır. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVID-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edilmişdir.
Beynəlxalq səviyyədə gənclərin mədəniyyətdə rolunun artırılması məqsədilə Azərbaycanın dəstəyi ilə həyata keçirilən layihələrdən söz açan nazir, son illər dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin üzləşdiyi çağırışlardan da danışmışdır. Texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxışın formalaşdırılması və mədəni dəyərlərin qorunmasının önəminə diqqət çəkmiş, dünyada insanların artan məşquliyyətləri və azalan vaxtı çərçivəsində gündəlik həyat tərzlərinin onları robotlaşdırmaması üçün mədəniyyətin ruhlandırıcı və yüksək estetik zövq formalaşdıran təsirlərinin güclənməsinin zərurətə çevrildiyini vurğulamışdır.
Çıxışda həmçinin, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları , eləcə də, Gənclər üçün təşkil olunan panellər haqqında məlumat verilmişdir.
Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən A.Kərimov, buna baxmayaraq  30 il müddətində Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin planlı şəkildə məhv edildiyini və bu ərazilərin Azərbaycanın özü tərəfindən 44 günlük Vətən müharibəsində azad olunmasına qədər mədəniyyətə təcavüzün dayandırılmadığını bildirmişdir.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt oluğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh  üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd etmişdir. BMT-nin Sivilizasiyalar Alyansı və İSESKO kimi beynəlxalq təşkilatların çağırışı dəstəklədikləri vurğulamışdır.