Komitə sədrindən şair Rəfail İncəyurda təbrik məktubu ünvanlanıb

Rate this item
(1 Vote)

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

Rəfail İncəyurdu qarşıdan gələn 70 illik yubileyi ilə bağlı təbrik edib.

Təbrik məktubunda şairin həyat və yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Rəfail müəllim,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz özünəxas şeir-sənət gələnəkləri olan Qazaxın Kəmərli kəndində doğulmusunuz. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbində, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) oxumusunuz.

Univerisiteti bitirdikdən sonra Qubadlının Fərcan kəndin orta məktəbdə müəllim olmuş, daha sonra BDU-da və paytaxtda yerləşən bir sıra digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmusunuz.

Siz 1975-ci ildən bəri davamlı olaraq dövrü mətbuatda öz yaradıcılıq örnəklərinizlə çıxış edirsiniz. 1986-cı ildən ədəbi fəaliyyətə daha çox önəm verməkdəsiniz:  BDU nəşriyyatında redaktor, böyük redaktor, “Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktor, “Xarici Siyasət Arxivi” jurnalında baş redaktorun müavini, Odlar Yurdu Universitetinin nəşriyyatında redaktor olmusunuz.

Şeirləriniz ölkəmizlə yanaşı, qardaş Türkiyə, habelə Rusiya mətbuatında da yayınlanıb; bir sıra şeirləriniz ingilis və fars dillərinə çevrilib.

200-dən çox elmi və bədii kitabın redaktoru, önsöz yazarı, bir neçə ədəbi toplunun tərtibçisi olmusunuz.

Sizin özünüzün səkkiz kitabınız gün üzü görüb: “Ömürdən o yana yollar uzanır” (1996), “Könül dünyam” (2001), “Köhnə kişilər” (2004), “Köz yaşı” (2007), “15-imdən 55-ə varanda...” (2009), “ÖZü SÖZə ucaltmışlar odası” (2014), “Arzuların yuvasına toxunma” (2016), “Səcdə” (2019).

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüsünüz.

2011-12-ci illərdə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusunuz, həmçinin bir sıra ictimai ədəbi təltiflər almısınız.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)