Fazil Mustafa Telman Abdinovu təbrik etdi

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinova məktub ünvanlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı rəssamın 70 illik yubileyi ilə bağlı Təbrik məktubunu təqdim edir:

 

“Hörmətli Telman müəllim,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yaradıcılıqda yeni uğurlar diləyirəm!

Siz Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (indi ADRA nəzdindəki İncəsənət Kollecini) bitirmisiniz. Naxçıvan Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının tanınmış üzvlərindənsiniz. Rəngkarlıq və qrafikanın bir çox janrlarında dəyərli əsərlərin müəllifisiniz. Yaradıcılığınızda portret janrı önəmli yer tutur. 

Sizin çəkdiyiniz - xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, eləcə də, bir çox görkəmli yaradıcı aydınlarımızın, klassiklərimizin, digər tarixi şəxsiyyətlərin portretləri emosional təsiri, rəng çalarlarının poetik cazibəsi ilə diqqəti cəlb edir. Tematik kompozisiyalı və təbiət təsvirli əsərləriniz – “Gənc qız şanapipik ilə”, “Bir dövlət iki millət”, “Axşam qələmələri”, “Ay işığında natürmort”, “Dəniz”, “Şahbuzda qış”, “Terrorist gülləsi”, “Goy qurşağı”, “Axşam”, “Batabat”, “Mənzərə”, “Qış”, “Naxçıvan baharı”, “Naxçıvan abidələri” Paris, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinbuq, İstanbul, Ankara, Bodrum, Ərzurum, Qars, Tehran, Bakı, Naxçıvan şəhərlərində keçirilən sərgilərdə uğurla nümayiş olunub.

2002, 2004, 2005, 2014, 2019-cu illərdə uğurlu fədi yaradıcılıq sərgiləriniz keçirilib. 

Siz, 2012, 2014, 2016, 2018-ci illərdə “Naxçıvan - Bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında da fəal iştirak etmisiniz. Əsərləriniz Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Məmməd Arazın Ev Muzeyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Milli Dəyərlər Muzeyi, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Dövlət Xalca Muzeyi, Xatirə Muzeyi, Yusif Məmmədəliyevin Ev Muzeyi, Şahtaxtinskilərin Muzeyi, Məmməd Tağı Sidqinin Ev Muzeyində, başqa muzeylərdə, bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Sizi sənətdə, ictimai fəaliyyətdə qazandığınız uğurlar və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)