28 May etirafları… - ƏKBƏR QOŞALI YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, siyasi ekspert Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir.

 

 

İlk dəfədir 28 Mayı əsl mahiyyət və məzmun dərinliyində, üfüqgenişliyində bayram edirik. 

Bu, həmin o 28 Maydır: 

Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda və Qazaxın işğaldan qurtulmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində üçrəngli qutsal bayrağımız dalğalanır! Özü də, rəmzi olaraq, keçici olaraq deyil, bir daha enməmək üzərə - əbədi olaraq! 

 

Bu, həmin o Müstəqillik Günüdür: 

öz müstəqilliyimizi özümüz qorumağı, doğrultmağı bacarmışıq!

1918-ci ildə Dövlət Müstəqilliyinin elanından ta bu günədək - 106 il içində ilk dəfədir Azərbaycan belə - bugünkü kimi güclüdür.

Bu, əlbəttə, dədə-babalarımızın, bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad edən, indiki və gələcək nəsillərə Yol göstərən əvəzsiz hadisədir! 

(İndi nəinki ATƏT-in Minsk Qrupunun həmsədrləri başımızı qatır, nəinki o həmsədrlərin ən urvatsızının parlamenti bizim ərazimizdə “ikinci erməni dövləti”ni tanımaqda israr edir, tam tərsinə, başı öz iç qovğalarına (dənizaşırı işğal ərazilərinə) qarışıb, düyün düşüb)…

 

Əlbəttə, indi də görülməli işlərimiz, müxtəlif əməli çalışma sahələri üzrə qayğılarımız var - bunu danmaq vətəndaşlıqdan, aydınlıqdan deyil; rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma ancaq və lakin: 

ərazi bütövlüyünü, suverenliyi bərpa etmədən, düşməndən intiqam almadan görüləcək digər işlərin məzmun-mahiyyəti bugünkü qədər təsirli ola bilərdimi? Əsla! Biz ən əsas milli görəvi yerinə yetirmişik!

Elə bil ki, heyvərələrə arxalanan cırtdan qonşu gəlib evimizin bir otağını tutub, suyumuzu qısıb, Günəş düşən pəncərəmizi qapadıb, biz isə o yaramazı iti qovan kimi qovmaqdansa, divarın bu üzünü bəzəyir, süsləyir, nə bilim, ələ düşən hər imkanda əyin-başımızı dəyişirik… - Belə olardımı? Əlbəttə, yox!

Ona görə də, olanlar oldu, 

30 illik işğal 44 günə sonlandırıldı, düşmən “əvəzçıxma mərəzi”ndən qurtula bilməyincə də, 24 saatdan az çəkən antiterror tədbirləri ilə Altun Zəfərə Brilyant qaş qoyuldu! 

Budur, bu May bir başqa maydır! 8 may - Şuşanın, 18 may - Laçının işğal günü olmaqdan çıxıb; 

Qazaxın 4 kəndi öz bayrağımız altına keçib!

Belə olunca, bu 28 May bir başqa (əsl!) 28 May olmazmı?!.

Biz daha heç vaxt 28 May yerinə 28 Apreli bayram etməyəcəyik!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: 28 aprel, 1920. Azərbaycan bolşevik-rus ordusu tərəfindən işğal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)