“Əfəndilər, yarın Cümhuriyyəti elan edirik…” Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən növbəti 28 May gününü qeyd etdik. 

Azadlıq deyiləndə ilk olaraq ağlıma, onun dilindən desəm, "igirmi sekkiz mayıs" cümhuriyyətin elan olunma günü gəlir.

Hələ bolşevik əsarətinin kəskin şərtləri altında cümhuriyyət qurmaq, azadlıq və müstəqillik şüarları ilə çıxış etmək özü böyük bir təhlükə olduğu zamanda başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun təşəbbüsü ilə bundan tam 106 il öncə hazırlanan İstiqlal Bəyənnaməsi əsasında xalqımızın müstəqilliyi elan edilmişdir. 

Aydınır ki, o dövrün kəskin etnik-coğrafi və siyasi-ictimai şəraiti müstəqilliyimizin qarşısında böyük əngəl olacaqdı. Lakin bütün bunlara rəğmən 1918ci il 28mayda Şərqin ilk demokratik respublikası qurulmuşdur. Hətta, qurulmaqla qalmayıb ilk dəfə ölkə rəmzləri olan bayraq, himn və gerb təsis edilmiş, ilk dəfə universtitet açılmış, türk dili ana dilimiz elan olunmuş, latın əlifbasına keçid edilmiş, pul sistemi yaradılmış, vahid ordu və parlament yaradılmışdır. Bundan əlavə konstitusiya aktının bərqərar olunması, kəndililərə pay torpağının verilməsi məhz AXC-nin fəaliyyətləridir.

23ay ərzində danışsam bitməyəcək minlərlə uğurlu addım olmasına rəğmən həyatdan nakam köçən Rəsulzadə müstəqilliyi doyunca yaşamamış, minlərlə arzu, kam ürəklərdə qalmışdır. Lakin bu gün bizlərin adına Vətən dediyi torpaqların hər qarışı məhz Məhəmməd Əmin bəy Rəsulzənin və sağdışlarının alın təri, yuxusuz gecələri, məhbəs həyatları, nakam qalan eşqləri, ailə həsrətləri bəhrəsinə ərsəyə gəlmişdir. Minlərlə canın qurban olduğu, hər qarışında bir şəhid yatan vətən bizlərə uğrunda canını fəda edəcək əfəndilərin əmanətidir. Və biz vətən aliləri bu vətənin hər daşını, hər torpağını canımızdan parça bilməli, uğrunda nə həyatlar sönmüş, arxasında neçə nakam eşq, öksüz övlad, ürəyi qubarlı valideynlər buraxan şəhidlərin qanı ilə yazılmış, müstəqillik, türküçülük, azadlıq ideologiyalarımıza sahib çıxmalıyıq. Sahib çıxmalıyıq ki, az da olsa mənəvi borcumuzu ödəyə bilək.

 

"Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

 

 Ruhunuz şad olsun, böyük Məhəmməd Əmin, ümid edirəm o diyarlardan bu diyarlara baxarkən köksünüzdə dərin hüzün əvəzinə gözlərinizdə məğrur baxış və qürur olar.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)