Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar silsilə materiallar istifadəçilərə təqdim edilib

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətlə gün ərzində ən müxtəlif səpkili tədbirlər oldu, Biz sizə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasınin əməkdaşlarının hazırladıqları silsilə materiallar barədə danışmaq istəyərdik.

Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, xalqın ümummilli liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən geniş videomaterial  “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlanır. Videomaterialda Ulu Öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olması qeyd edilir, 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü tarixi əhəmiyyətli işlər haqqında geniş məlumat verilir. 

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımızın öz təbii sərvətlərinin tam sahibinə çevrilməsi, qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resursları əldə etməsi, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, təhsil, iqtisadiyyat, səhiyyə, mədəniyyət kimisahələrdə köklü islahatların həyata keçirilməsi, demokratik, müstəqil, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, ölkəmizin beynəlxalq siyasi müstəvidə tanıdılması istiqamətində olan uğurlu fəaliyyəti haqqında məlumatlar öz əksini tapır. Videomaterialda Ulu Öndərin şəkilləri, çıxışlarından, müsahibələrindən fraqmentlər də təqdim edilir. Materialda bu il 20 illiyini qeyd edən Heydər Əliyevin xatirəsinə 10 may 2004-cü ildə  yaradılan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında da məlumat verilir.

Bundan əlavə 2023-cü ildə Gənclər Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində Ümummilli Liderə həsr edilən elektron məlumat bazasına əlavələr edilib. Elektron bazaya yeni bölmələr artırılıb, Azərbaycan və  xarici dillərdə təsvirləri özündə əks etdirən “Kitablar”, “Dövrü mətbuat nümunələri” “İzomateriallar”, “Elektron resurslar” kimi bölmələr yeni məlumatlarla zənginləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)