Bu gün Beynəlxalq Mədəniyyət Günüdür Featured

Rate this item
(1 Vote)

 

Bu gün Beynəlxalq Mədəniyyət Günüdür və bu gün münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi paylaşım edib. Paylaşımın mətnini "Ədəbiyyat və incəsənət" portalı nəzərinizə çatdırır. 

 

Beynəlxalq Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda filosof-rəssam, mədəniyyətşünas-pedaqoq Nikolay Rerix (09.10.1874, Sankt-Peterburq, Rusiya – 13.12.1947, Naqqar, Hindistan) təklif edib. Bundan 4 il sonra  - 15 aprel 1935-ci ildə Vaşinqtonda (ABŞ) “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” anlaşma - “Rerix Paktı" (və ya “Vaşinqton Paktı”) imzalanıb. Sənədə ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə 21 ölkənin nümayəndəsi imza atıb.

 

Anlaşma imzalanarkən Ruzvelt deyib: “Bütün dünya xalqlarına bu Paktı imzalamasını təklif edərkən biz sivilizasiyamızın qorunub saxlanılmasının ən önəmli prinsiplərindən birini tətbiq etməyə çalışırıq. Bu anlaşmanın daşıdığı mənəvi önəm mətndə ifadə olunduğundan daha dərindir”.

 

“RerixPaktı” silahlı qarşıdurmalar vaxtı (və eləcə də dinc dönəmdə) mədəni irsin qorunmasına dair ilk beynəlxalq anlaşma sayılır. 

Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində öz əksini taparaq inkişaf etdirilib. 

O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi vurğulanır. 

2008-ci ilin dekabr ayında Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Beynəlxalq Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb. 

O ki qaldı ölkəmizə, 2020-ci ilin fevralında Bakı və Sumqayıt şəhərlərində mədəni irsin qorunması üzrə tarixi sənədin 85 illiyinə həsr olunan Beynəlxalq Rerix Mərkəzinin (“Rerix Paktı. Tarix və çağdaşlıq” layihəsinin bir bölümü olan) “Rerix Paktı – Mədəniyyət vasitəsilə sülh” sərgisi təşkil edilib.

Bu anlamlı günlə bağlı olaraq bütün mədəniyyət işçilərimizi təbrik edir, onlara uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)