BU GÜN MÜQƏDDƏS RAMAZAN BAYRAMIDIR Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Ramazan bayramıdır - müsəlman aləminin ən müqəddəs bayramıdır.

Məscidlərdə Ramazan bayramı namazı Əjdərbəy məscidində bu səhər saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb. 

 

TƏTİL

Qeyd edim ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu gün və sabah - aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 12-si günü ilə 6 aprel - şənbə gününün yeri dəyişildiyindən, biz bu gündən  ta ki bazar ertəsinə kimi Ramazan tətilinə çıxırıq. 

 

PREZİDENTİN TƏBRİKİ

Bu ərəfədə Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyü tam təmin edilmiş ölkəmizdə keçirilən ilk Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

Allah orucunuzu qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!”

 

RAMAZAN BARƏDƏ BİLGİLƏR

Mən xüsusən yeniyetmə və gənclər üçün Ramazanla bağlı bilgiləri paylaşmaq istəyirəm. 

Ramazan bayramı (Fitr bayramı) — Səvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Bu bayram müsəlman dünyasının bir nömrəli bayramıdır. Onun əzəmətini xüsusən qardaş Türkiyədə duymaq olur.

Uzun müddət Sovetlər Birliyində yaşadığımızdan bizlərdə bu bayram demək olar ki, kölgədə qalmışdı. Eləcə də SSRİ-yə daxil olan digər müsəlman xalqlarında. Amma indi Ramazan ayında azərbaycanlılar, özbəklər, qazaxlar, Rusiyada yaşayan dağıstanlılar, çeçenlər, tatarlar, başqırdlar, çuvaşlar və digərləri ay boyu oruc tutur və ayın tamamında təntənə ilə bayramı qeyd edirlər. 

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək qaydalarını öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona Ramazan orucu da deyirlər.

Əlavə edim ki, hazırda ölkəmizdə hətta azyaşlılar arasında da xeyli oructutan var, bu da Ramazanın get-gedə bizimçün də qonşu Türkiyədə olduğu kimi kultlaşmasından xəbər verir. 

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən təyin olandan öz tarixini başlayır. 

 

QƏDR GECƏSİ

Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran  hədiyyə edilmişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır.

Ramazan ayının gecələrindən birində, qeyd etdiyimiz kimi, müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

Rəvayətlərin birində deyilir:

"Bir yaşlı kişi Peyğəmbərə söyləyir: Uzaq yoldan gəlib məsciddə oturmaq mənə çətindir, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə məscidə gələrəm.

Peyğəmbər onun qulağına nəsə deyir və həmin kişi hər ramazan ayının 23-cü gecəsi məscidə gəlir".

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. 

Qurani-Kərimdə "Qədr surəsi" vardır. Bu surədə qədr gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". 

 

ORUCLUQ QAYDALARI

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

 

FİTRƏ

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma, ya da kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Əbəs yerə deyildir ki, bu ayda bizim ölkəmizdə bol-bol xeyriyyə aksiyaları keçirilir, fəqir-füqəraya əl tutulur, iftar süfrələri açılır. 

 

BAYRAMINIZ MÜBARƏK!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2024)