Dünya 2021-ci ildə niyə öz gözəlini seçmədi və yaxud Qal Qadot gerçəkliyi Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Puerto Rikonun San Juan şəhərində, “Jose Miguel Aqrelot” Kolizeyində keçirilməli olan "Dünya Missi 2021"in 70-ci - yubiley müsabiqəsinin final mərhələsi təxirə salındı. Ötən gün ”Dünya Missi” müsabiqəsinin təşkilat komitəsi – MWO mətbuat konfransı keçirərək bu təxirəsalınma barədə geniş açıqlama verdi. 

“Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən məlumat verir ki, "Dünya Missi 2021"in 70-ci - yubiley müsabiqəsinin final mərhələsinin təxirəsalınma səbəbi bir çox iştirakçıların və xidmətçi heyət üzvlərinin koronavirusa yoluxmasıdır. İlk olaraq koronavirusun İndoneziya və Malayziya nümayəndələrində aşkar edildiyi bildirir, sonra onlarla təmasda olan qızlar ("Miss Hindistan" da daxil olmaqla) karantinə getməyə məcbur ediliblər. Ümumilikdə, nəticədə koronavirus 17 iştirakçı və təşkilatçıda təsdiqlənib. Bu gün, yəni dekabrın 22-də həmin şəxslərin hamısı hospitallaşdırılıblar, müalicə alırlar. 

Mətbuat konfransında o da bildirilib ki, final mərhələsi tam 90 gündən, yəni 3 aydan sonra eyni məkanda – San Juanda keçiriləcək.

Bir qədər haşiyəyə çıxaraq qeyd etmək istəyirik ki, “Dünya Missi” gözəllik müsabiqəsinin rəqibi sayılan “Kainat Missi” müsabiqəsi isə bu il baş tutub, dekabrın 12-də keçirilən müsabiqə Hindistan təmsilçisi Harnaz Sandhunun (1-ci şəkildə) parlaq qələbəsi ilə başa çatıb. İkinci yeri paraqvaylı Nadia Ferreyra, üçüncü yeri isə Cənubi Afrika təmsilçisi Lalela Msvane tutublar. Bu müsabiqədə dörddə bir finala kimi irəliləyən Rusiya təmsilçisi də bizimçün hədsiz maraq kəsb etməlidir. Belə ki, Ralina Arabova (2-ci şəkildə) adlı həmin gözəlin atası azərbaycanlı, anası tatardır.

İndi isə mövzumuza qayıdaq. Sözügedən mətbuat konfransı zamanı ümumən sözügedən yarışma barədə müəyyən məqamlara da toxunublar. Bu məqamlardan biri müsabiqələrə İsrailin və müsəlman ölkələrinin münasibətidir. Xatırladaq ki, İsrail son illər "Dünya Missi” gözəllik müsabiqəsində iştirak etmir. Halbuki əvvəllər İsrailin milli gözəllik müsabiqəsinin qalibi, adətən, məhz "Dünya Missi” müsabiqəsinə yollanırdı, vitse-miss isə “Kainat Missi" müsabiqəsinə vəsiqə alırdı. İsrail rəsmiləri ölkənin "Dünya Missi” müsabiqələrində iştirak etməməsinə səbəb olaraq  son illərdə həm lazımi maliyyələşmənin olmamasını, həm də bu müsabiqənin keçirildiyi bəzi ölkələrdə təhlükəsizlik probleminin mövcudiyyatını göstərirlər. 2022-ci ildə də müsabiqənin İsrailsiz keçəcəyi ehtimal olunur.

Beş il bundan əvvəl MWO bir sıra müsəlman ölkələrinin təzyiqi altında "Dünya Missi” müsabiqəsində iştirakçıların çimərlik geyimlərindəki müsabiqəsinin ləğv edilməsi, əvəzində bəzi iştirakçıların çimərlik paltarlarında müsabiqədənkənar şou nümayiş etdirəcəyi qərarını vermişdi. Lakin bu müsabiqəyə marağın get-gedə “Kainat Missi” müsabiqəsinə nisbətən nəzərəçarpacaq dərəcədə azalması fonunda MWO rəhbərliyi bu il  “Dünya Missi” müsabiqəsində Miss World Beach Beauty yarışmasını – yəni çimərlik yarışmasını geri qaytarmaq bərədə qərar verib.

Xatırladaq ki, "Dünya Missi” və “Kainat Missi" beynəlxalq gözəllik müsabiqələri, demək olar ki, eyni vaxtda təsis edilib. İlk "Dünya Missi” müsabiqəsi 1951-ci ildə Londonda keçirilib, ilk "Kainat Missi” müsabiqəsinin keçirilmə tarixi isə 1952-ci ilə təsadüf edir, məkansa ABŞ-dır.

Yenə qayıdaq yəhudilərə. Məlumunuz olsun ki, İsrail ilk "Miss Kainat" müsabiqəsində iştirak edib, o zaman Kaliforniyaya ecazkar Ora Vered yollanmışdı. İsraillilər "Dünya Missi” müsabiqəsində isə 1953-cü ildən iştirak edirlər. Həmin vaxt onlar Londona məlahətli Havaselet Droru göndərmişdilər. 1998-ci ildə israilli Linor Abarcil "Dünya Miss"müsabiqəsinin qalibi olub. “Kainat Missi" müsabiqəsində isə İsrail daha əvvəl - 1976-cı ildə qələbəni qeyd edib. Qızıl tac onda Rine Messingerin başına qoyulmuşdu. İsrail bu iki qalibiyyətdən sonra daha heç vaxt bu müsabiqələrdə qalib gəlməyib. Hətta Hollivudda məşhurlaşan, gözəlliyi barədə əfsanələr dolaşan israilli aktrisa Qal Qadot 2004-cü ildə İsrail gözəli adını qazanaraq "Kainat Missi” yarışmasına yollansa belə, heç final top-15-liyinə də düşə bilməyib. Əslində, elə bu uğursuzluq  - rəsmi dairələrdə möhkəm himayə olunan, İsrailin gözəllik simvolu sayılan Qal Qadotun uğursuzluğu İsraildə gözəllik yarışmalarına baxışı kökündən dəyişib. Son illər "le İşa" jurnalının və "Yediot Axronot" Nəşriyyat Evinin dəstəyi ilə keçirilən "İsrailin Gözəllik Kraliçası" müsabiqəsinin final mərhələsində ənənəvi teatrlaşdırılmış şou nəzərdə tutulmur, qaliblər internet səsverməsi ilə müəyyən edilir. Beynəlxalq miqyaslı gözəllik müsabiqələrinə isə yəhudi gözəlləri əsla qatılmırlar. Bu məqamda rəsmi İsrailin beynəlxalq gözəllik yarışmalarını baykot etmələrinə səbəb kimi “həm lazımi maliyyələşmənin olmamasını, həm də bu müsabiqənin keçirildiyi bəzi ölkələrdə təhlükəsizlik probleminin mövcudiyyatını” göstərməsini inandırıcı hesab etməməyə xeyli əsasımız var. 

Və sonda əziz “Ədəbiyyat və incəsənət” portalının oxucuları, sizə növbəti dəfə bədxah qonşularımızın - Ermənistanın Puerto Rikodakı gözəllik müsabiqəsinə necə hazırlaşmaları və ora qatılacaq erməni gözəli barədə danışacağıq. Ermənistan gözəlini görəcəyiniz təqdirdə şoka düşəcəyinizə zəmanət veririk. Amma düşünməyin ki, yaxşı mənada.

Qapaq şəklində: Qal Qadot.

Foto by Womanhit