8 MART ÜÇÜN ÖZƏL - “Qadınlıq-məğrur olmaqdır” Featured

Rate this item
(1 Vote)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.

O bir mələk… onu təqdis edər böyük yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

(Hüseyn Cavid)

 

Qadın. Kimdir bu qadın? Nə ifadə edir sənin üçün? Məsələn, dua etməyə qalxanda əllərin, gəlirmi ağlına o gözlər də? Sevirsənmi dünyanı gözəlləşdirən, səni sən edən bu zərif, sadə insanı? Zərif deyirəmsə aldanma. Səndən daha güclüdür bir qadın. Sənin daşıya bilmədiyin yükü daşıyar qəlbində.

 

Elə bir varlıq düşünün ki, həm müəllimdir, həm müəllimlər böyüdür. Həkimdir, memardır, vəkildir... Ən başlıcası, anadır, gələcəyə analar yetişdirir. 

Qadın. Qadınlıq qul olmaq demək deyil, qadınlıq əzilmək, əyilmək demək deyil. Qadınlıq-məğrur olmaqdır. Başı dik, üzündəki təbəssümü dünyaya saçmaqdır. Dünən, bugün, sabah əllərində güllərlə küçələrdə gəzən xanımların elə özləri güllərə, çiçəklərə taydır əslində. Dünyanın ən böyük zirvəsində, qarlı dağın təpəsində ləçəkləri titrəsə də açan, solmayan o nadir çiçək. Qadın da həyatda yaşadığı hər şeyə rəğmən gülərkən o çiçəyə bənzəmir mi?

 

Gün mənim günüm. Gün sizin, xanımların günü. Əylənməyin, gülməyin, gəzməyin tam vaxtıdır, lakin unutmayın. Siz bir günü deyil, hər günü özəl, hər günü gözəl yaşamağa layiqsiniz. 

Gözəl qızım, gözəl anam, gözəl bacım. Gözəl qadın. Başın hər zaman uca olsun, tacın heç düşməsin. Mükəmməlsən. Hər halınla, hər zəifliyin, hər qüsurunla. Səni sən edən hərşeyinlə. Bir gün deyil hər gün sənindir. Həyat sənindir. Həyat səndir və sən çox gözəlsən. 

Bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2024)