Nə üçün XOCALI?!. – Dərin cavablar… Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Əkbər Qoşalının Xocalı soyqırımı barədə yazısını təqdim edir. 

 

Ermənilər (daha doğrusu, haylar) qolları, əlləri, dilləri yetdiyincə bizim maddi, qeyri-maddi mədəniyyət abidələrimizə yiyələnməyə çalışıb. Aldatmayla, oyunla edə bilmədiklərini də, fürsət bulunca, ən qəddar metodlarla, qan-qada ilə gerçəkləşdiriblər.

Qeyri-maddiləri ilkin anlamından, mahiyyətindən uzaqlaşdıraraq, yanlış yozub-yorumlayaraq (“Sarı gəlin” kimi), maddiləri də sıradan çıxararaq ya da “erməniləşdirərək” özününküləşdirməyə, özgələşdirməyə çalışıblar (Kilsə yazılarını, xaçını “redaktə” etdikləri kimi)...

Onlar öz adıyaman işlərini bir zaman o qədər irəli aparmışdı, hətta (sırf bizə aid olan) sazı belə aşıqlarımız (Tovuzlu ustad Sazbənd Xuduyadək) erməni sazbəndlərindən alırdı… - Təsəvvür edirsiz? – Sazbənd – erməni, nalbənd – erməni, torbənd – erməni. (Hətta, neçə-neçə persepktivli cavanımıza yarbənd erməni qızları peyda olurdu). – Bir də baxdıq, bənd-bərəni elə kəsiblər, nəfəsimiz kəsilir…

Dərindən baxsaq, mədəniyyət, mədəni irs bir millətin nəfəsidir həm də... Azərbaycan (Türk) ruhu, ağlı, əli ilə yaradılmış bütün pozitivlər bizim gələcəyə və ətraf (beynəlxalq) aləmə güclü çıxışımız, nəfəsliyimiz deyilmi?..

 

Mədəniyyətimizdə “Xocalı-Gədəbəy mədəniyyəti” qavramı (qatı) var.

 

Xocalı-Gədəbəy mədəniyyətinin

ilk aşaması b.e.ö. XIV-XIII yüzilliklərə,

ikinci aşaması b.e.ö. XII-XI yüzilliklərə,

üçüncü inkişaf dönəmi isə b.e.ö. X-IX yüzilliklərə bağlanır.

 

Xocalı-Gədəbəy mədəniyyəti (Ballıqaya, Qarabulaq və b.) kurqanları, (Gədəbəy) daş qutularını, yerli zəmin əsasında inkişaf etmiş 4 fərqli keramika tipini, konusvari başlığı olan yastıtiyə xəncərləri və o dönəmlərin bir çox ayrı pozitivlərini ehtiva edir.

Xocalı-Gədəbəy mədəniyyəti həmçinin Qarabağın dağlıq bölgəsinin bir sıra abidələrini də çevrələyir.

Digər abidələr qalsın bir yana, o yerdə ki kurqan var, demək, orası türk yurdudur!

 

Ermənilərin bədniyyətlərindən biri də qədim kurqanlarımızı sıradan çıxarmaq, mümkün olduğunca “rekonstruksiya” etmək ola bilməzdimi? Qarabağın xaçpərəstliyə aid edilən abidələrini yaxud bəşəri məzmunlu abidələri, təbiət abidələrini, Azıx mağarasını necəsə bir müddət “erməniləşdirməy”i bacardılar bəlkə, amma kurqanları necə erməniləşdirməli? Axı, kurqan kilsə deyil ki, onu “erməniləşdirmək” mümkün olsun... Onda gərək Altaylardakı, Sibirdəki, Türküstandakı, Ukrayna çöllərindəki... kurqanları hamıdan gizlədəsən, hamısını it-bat edəsən yaxud bir ovuc hayın o boyda coğrafiyada kurqanlar yapdığını “əsaslandırasan”. – Mümkünmü, əcaba?!

 

Sözüm ona, erməni və havadarları Xocalıda bizə elə bir gözdağı verdiklərini düşünürdü ki, biz bir də Xocalı səmtə baxmayaq… Xocalı səmtə baxmırsansa, oralardakı kurqanlar yada düşərmi heç?..

 

Bu yazı sırf mədəniyyətşünaslıq yazısı deyil; məqsədim, ermənilərin ən qəddar aktları niyə məhz Xocalıda törətməsinə diqqət çəkməkdir. Onlar elə bil, mədəniyyətimizin ocağına əl qoymaq, materiyasına nüfuz etmək istəyirdi.

Xocalı-Gədəbəy mədəniyyəti təşəkkül tapanda haylar ortalıqda vardımı, vardısa, haralardaydı? – Hayların Qarabağa, ümumən Qafqaza daha XIX yüzillikdə köçürülmə tarixi bəsbəlli deyilmi? Eləsə, b.e.ö.-lərdən başlamış ta çağdaş dönəmədək Xocalıda, çevrəsində yaranmış mədəniyyətin haylara nə bağlılığı ola bilər? – “Sıfır bağlılıq” ola bilər! Bəli, Qarabağda ikinci erməni dövləti qurmaq istəyən qudurmuşlar Qarabağın, Qafqazın, yaxın-uzaq coğrafiyanın ən qədim mədəniyyət ocaqlarını tutaraq, o ocaqları söndürərək, yeni “ocaq” qalamaq istəyirdi. Yəqin heç təsadüfi deyildi ki, əliqanlı, qələmi, dili qanlı “həkim-yazıçı” Zori Balayanın (Զորի Բալայան; 10.02.1935, Xankəndi) 80-ci illərdə çıxan “əsər”i də “Ocaq” adlanırdı... O bekara “kitab”da Balayan tarixi təhrif edərək, Qarabağın, Naxçıvanın “qədim erməni torpağı” olduğunu iddia edirdi. Zori bizi özlərinin düşməni elan edirdi. Və əgər Zori Balayan Ermənistanın yüksək dövlət mükafatları ilə təltif olunubsa, bu, onun vəhşiliklərinin, qeyri-insani çağırışlarının Ermənistan dövləti (erməni toplumu) tərəfindən dəstəklənməsinin açıq ifadəsidir.  

 

İşğal etmək, təhrif etmək, öldürmək, yandırmaq, mənimsəmək... – bunlar tipik erməni (hay) “üsul”u, “üslub”udur! – Daha qanmırdılar ki, bir ərazini tutmaq, insanları öldürmək olar, lakin başqa mədəniyyəti özününküləşdirmək, o mədəniyyətin övladı yaxud varisi kimi davranmaq olmaz. Ayrıca, əgər işğalçının mədəniyyəti işğal olunanın mədəniyyətindən üstün deyilsə, işğalçı uduzmağa məhkumdur. Necə ki məhkum olurlar! - Həm tarix, həm hüquq qarşısında!

 

Xocalı keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin (DQMV) ermənilərin toplu məskunlaşdığı yaşayış məntəqələri ilə Qarabağın “bəy otağı” Ağdamın arasındakı strateji bölgəydi. Ermənilər yəqin belə düşünürdü, əgər Xocalını viran qoysaq, bu, Ermənistanla keçmiş DQMV arasındakı rayonlara (habelə DQMV-nin digər səmtlərindəki rayonlara da) bir qara (qorxunc) ismarıc olacaq. Yəqin təsadüfi deyil ki, Xocalıdan (26.02.1992) bir qədər sonra Şuşa (08.05.1992), Laçın (16.05.1992) və bir il sonra Kəlbəcər (03.04.1993) işğal olundu: bu qaraniyyət erməni işğal “nizam”ıydı… Doğrudur, 1992-93-cü illərdə bir sıra hərbi irəliləyişlərimiz oldu lakin o irəliləyişlər qalıcı olmadı. Və o ayrı-ayrı yönlərdəki irəliləyişlərin heç biri bizi Xocalıya qovuşdurmadı...

 

Xocalıda hava limanı yerləşirdi – əlbəttə, bu da erməniləri pəjmürdə edirdi: “...orada hava limanı vardı. Bizim də Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı vasitəsi ilə idi.

Xocalıya kimi azərbaycanlılar elə bilirdi, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardır. Bütün bu fikirləri pozmaq lazım idi. Doğrudan da Xocalıda dinc əhali var idi, amma onlarla yanaşı əsgərlər də vardı. ...Əgər dinc əhali orada qalırsa, onlar da döyüşlərdə iştirak etmiş olur. Onların vurulması üçün isə hər hansı dəhliz qalmamışdı, bircə Xocalıda güllələmək mümkün idi”. – Bu dəhşətli sözlər Ermənistanın 3-cü Prezidenti Serj Sərkisyana aiddir (Սերժ Ազատի Սարգսյան; 30.06.1954, Xankəndi). Sərkisyan bu fikirləri (hələ Müdafiə naziri olduğu 2000-ci ildə) tanınmış britaniyalı jurnalist Tomas de Vaalın Qarabağ mövzusunda sualına cavabən demişdi.

 

Xocalının, Qarabağın tarixi, mədəni, strateji və d. önəmini yalnız orada məskunlaş(dırıl)mış ermənilər deyil, keçmiş SSRİ hərbi-siyasi rəhbərliyi də bilirdi və SSRİ silahlı qüvvələrinin uzantısı - 366-cı motoatıcı alay da məhz Xocalı-Xankəndi çevrəsində yerləşdirilmişdi…

Xocalı Soyqırımı 366-cı alayın biləvasitə iştirakı ilə gerçəkləşdi.

 

Böyük ehtimal, keçmiş SSRİ rəhbərliyi kimi, Çar Rusiyası da Azərbaycanın hansı yerlərinə özəlliklə diqqət yetirmək lazım olduğunu yaxşı bilirdi. Təriqətayrısı malakanları Azərbaycanın Gədəbəy, Şamaxı, İsmayıllı, Cəlilabad... bölgələrinə köçürən imperiya başbilənləri, erməniləri də başqa-başqa yerlərdən Qarabağa, İrəvana, Naxçıvana, Zəngəzura, Göyçəyə... təsadüfən köçürməmişdi. Ruhi-mənəvi ocaqlar, strateji məntəqlər, münbit torpaqlar, yaşayış üçün ən yaxşı ekoortamı olan yerlər öyrənilib, sonra oralara əl qoyulub...

 

*

Azərbaycanda müstəqillik, istiqlal dalğası başlayınca Xocalıda şəhər salmaq planı meydana gəldi, çoxlu dövlət vəsaiti və xalq yardımı Xocalıya, Qarabağa sövq edildi... Lakin o işlər yar-yarımçıq qaldı, işğal-işğalın ardınca gəldi və ölkəmiz neçə illər uğursuz qara zolağa düşdü...

Dövlət dövlətdirsə, dövlətin başında qətiyyətli lider durursa, öz yarımçıq işlərini gec-tez axıra çatdırır. Xocalıda, ümumən Qarabağda, Zəngəzurda... yarımçıq qalan işimizi başa çatdırdığımız (və daha da görəcəyimiz işlər) kimi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Dövlət-Xalq birliyinin, əziz şəhidlərimizin, qazilərimizin, şanlı Ordumuzun fədakarlığının necə xarüqələr, möcüzələr yaratdığı göz qabağındadır. Qondarma rejimin, separatçılığın kökü kəsilib, Qarabağın dörd yanında, o cümlədən Xocalıda tikinti-quruculuq, abadılıq işləri yüksək vüsətlə davam edir. Soyqırımın ildönümü bu il ilk dəfə Xocalıda keçirildi! Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış oldu.

Sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində oldu.

 

Bəli, dövlət dövlətdirsə, dövlət başçısı qətiyyətlidirsə, güc aldığı dövlətçilik irsi varsa, “heç kim unudulmur, heç nə yaddan çıxmır”! – Burada bir dövlət var, dövlətçilik irsi var, əcdadın ruhu, bugünkü nəsillərin etibarı, vəfası var.

Ermənilərsə hələ də qəflət içindədir. Ermənistan formaca dövlət olsa da, məzmunca, mahiyyətcə dövlət ola bilmədi. Dövlətin tarixin şaxtalı qışından, qızmar yayından keçməsi lazım. Güclü himayədarlarının sayəsində gördüklərini zaman-zaman bahar sananlar, ha bu il ha gələn il, fəsil olaraq sonbahar deyil, bəlkə son bahar yaşamış ola bilər. Daha yıxılmağa mərkəzi büdcə, talamağa Qarabağ yoxdur. Dünya erməniliyi də 30 illik işğalın, 100 illik “qondarma erməni soyqırımı” hoqqasının onlarçün arzuolunan sonucu vermədiyini idrak edir deyəsən…

 

Beləliklə,

 

“Olacaqlar olacaqlar,

 

…Daş olacaq daş olacaq!

Quş olacaq quş olacaq!

Boşalacaq boşalacaq,

Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,

İtəcəklər itəcəklər!

Gedəcəklər gedəcəklər,

Qalacaqlar qalacaqlar”!.. 

(Şaiq Vəli).

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: Xocalı ötən əsrin 80-ci illərində

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)