Gənclər Kitabxanasının növbəti iki layihəsi Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sevimli kitabxanamın - Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi ötən həftə daha iki layihə təqdim etdi. Bu dəfə bu layihələr barədə söz açmaq istəyirəm. Əminəm ki, layihələr oxucularımızda maraq oyadacaq.

 

GÖRKƏMLİ AKADEMİKİN 90 İLLİYİNƏ

Kitabxanasının əməkdaşları tərəfindən görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 90 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlandı.

 

Bazada Arif Paşayevin həyat və çoxşaxəli elmi fəaliyyəti, Azərbaycan elminə, təhsilinə, yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə verdiyi böyük töhfələr haqqında məlumat verilir.

 

Bazada görkəmli şəxslərin akademik haqqında söylədikləri dəyərli fikirlər, tərtib etdiyi kitablar, məqalələri, dissertasiya və avtoreferatları da təqdim edilir. Elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Akademik Arif Paşayev və ya fizikanın metafizikası”, Xuraman İsmayılqızının “Böyük alim, görkəmli ziyalı...”, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının “Dəyərli alim, nəcib ziyalı, layiqli vətəndaş” məqalələri ilə yanaşı, Arif Paşayevin Azərbaycan və rus dillərində çap olunan kitabları, məqalələri, ixtiraları, təltif və mükafatları haqqında məlumatlar da yer alır. Elektron məlumat bazasında akademikın video və fotoqalereyası, virtual kitab sərgisi də sərgilənir.

 

TANINMIŞ PROFESSORUN 70 İLLİYİNƏ

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin  70 illik yubileyi münasibətilə də elektron məlumat bazası hazırlanıb.

 

Bazada Asif Rüstəmlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, tərtib etdiyi kitablar, tərcümələri, məqalələri, müsahibələri, dissertasiya və avtoreferatları təqdim edilir.

 

Elektron məlumat bazasında “Professorun dəyərli fikirləri”, “Ədəbiyyatın layiqli sıra nəfəri” kimi bölmələrlə yanaşı, Asif Rüstəmlinin Azərbaycan, türk və rus dillərində çap olunan kitab və məqalələri, təltif və mükafatları haqqında məlumatlar da yer alır. Elektron məlumat bazasında professorun video və fotoqalereyası, virtual kitab sərgisi də sərgilənir.

 

Bir sözlə, hər iki yubilyar alim barədə olduqca maraqlı məlumat bazası sizlərin ixtiyarındadır, buyurub tanış ola bilərsiniz.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(10.02.2024)