Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

Rate this item
(0 votes)

Rusiya Federasiyasının Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı Azərbaycan Milli Xalça Muzeyinin sərgisinin açılışı olub.
Tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.
Azərtac xəbər verir ki, Kazanda ilk dəfədir ki, Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş  ekspozisiya təqdim edilib.
Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu–XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti ilə tanışlıq, heç şübhəsiz hər bir xalq üçün maraq doğurur.
Burada həm klassik əsərlər, həm  yeni müəllif xalçaları nümayiş olunur, sərgidə təqdim olunan “Saf tarix” instalyasiyası isə sənətkar yaradıcılığının açarı hesab oluna bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.
Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.