ÖTƏN İL BU GÜN: Sabunçu Gənclər Evində Azərbaycan Gənclər gününə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində “Gənclərin karyera və motivasiya forumu” keçirilib

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Ötən illərin 2 fevralında nələr olub? Baxdım və bu tədbiri seçdim, düşündüm ki, oxucularım üçün də xatırlamaq maraqlı olar.

Azərbaycanda növbəti dəfə Gənclər günü qeyd edilməkdədir.

Sabunçu Gənclər Evində 125 gəncin iştirakı ilə keçirilən “Gənclərin karyera və motivasiya forumu”nun spikerləri öz sahələrində kifayət qədər uğur qazanmış, karyeraları ilə gənclərə motivasiya ötürən şəxslər idi: dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktoru Cəfər Nəcəfov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFT festivallar festivalının qızıl laureatı, yazıçı Varis Yolçuyev, Azərbaycanda ilk ayaqqabı brendi "Danilov"un yaradıcısı İlyas Danilov və nitq mədəniyyəti, yüksək etik protokol qaydaları üzrə bir çox dövlət və özəl qurumların təlimçisi, Etika Akademiyasının rəhbəri Günel İbrahim. 

“Ədəbiyyat və incəsənət” portal Sabunçu Gənclər Evinin İctimaiyyətlə əlaqələr üzrə katibi Nərmin İbrahimovaya istinadən məlumat verir ki, məqsədi gəncləri yeni ilə öz karyeraları üçün motivasiya ala biləcəkləri spikerlərlə görüşdürərək ilhamlandırmaq olan forumu Sabunçu Gənclər Evinindirektoru Samir Mehralıyev açaraq 2021-ci il ərzində fəaliyyətlərinə görə Sabunçu Gənclər Evinin ən fəal könüllülərini təltif etdi.

Daha sonra hər bir spiker olduqca maraqlı çıxışlar edərək gənclərə faydalı məsləhətlər verdilər, onların çoxsaylı suallarını cavablandırdılar.

Sonda forum iştirakçıları “Ailə fotosu” çəkdirdilər.

Forumdan sonra gənclər üçün “Gənclər partisi” təşkil olundu. Gənclər həm əyləndilər, həm də müxtəlif yarışlarda iştirak edərək Sabunçu Gənclər Evindən hədiyyə qazandılar.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirməkdir, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Keçirdiyi layihələrin keyfiyyəti, onlara gənclərin böyük həvəslə qoşulması belə deməyimizə əsas verir ki, Sabunçu Gənclər Evi qarşısına qoyulan vəzifələrin öhtəsindən layiqincə gəlir, ölkənin gənclər siyasətinə layiqli töhfələr verir.

Fürsətdən istifadə edərək gəncliyimizi Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)