Bu gün görkəmli dilçi alim Ağamusa Axundovun doğum günüdür Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Alimlərimizin qədrini bilirikmi? Onları barı müğənnilər, idmançılar qədər dəyərləndiririkmi? Bu sualı hər bir kəs özünə versə, mütləq inkar cavabı alacaq. Əfsus.

Bu gün hər kəsin Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Ağamusa Ağası oğlu Axundovu xatırlamasını istərdim.

Ağamusa Axundov 1932-ci ilin bu günündə Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-55)və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965).

Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-59), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999).AMEA-nin Dilcilik institutunun direkroru(1990-2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışmışdır.

O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasınınhəqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi(1990)dir.

Ağamusa Axundov ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.

Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən) üzvü olmuş, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərmişdir.

Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatdan dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984), Budapeşt (1986) və İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).

Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirmişdir. Onun "Ümumi dilçilik" (1978-1988), "Dilçiliyə giriş" (1966-1980), "Azərbaycan dili" (1972-1973-1974-1992) kitabları dönə-dönə nəşr olunmuşdur. O, "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində də  işləmişdir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləmişdir (1993-cü ildən).

Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü(1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2003-cü ildən) olmuşdur.

2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Görkəmli alimimiz 5 sentyabr 2015-ci ildə vəfat etmişdir,Bakıda, 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!

Və bu qədər nailiyyəti olan bir şəxsi tanımamaq, həqiqətən də qəbahətdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)