Mədəniyyətlə bağlı lətifələrin aprel reytinqinin lider lətifəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 1-ci yerdə qərarlaşan lətifə təqdim olunur.

 

1-ci yer

Bir dəfə Moskvaya azyaşlı oğluyla qonaq gələn bir erməni Puşkinin heykəlinin önündə “Qazon Zaseyan” (ruscadan tərcüməsi öt örtüyü əkilmişdir) yazısını görəndə heykəlin önündə diz çökür, oğlunu da diz çökməyə vadar edərək deyir:

-Akop, bu heykəl erməni xalqının böyük oğlu Qazon Zaseyana qoyulub. Ona təzim eləmək borcumuzdur.

 

Xatırladaq ki, 3-5-ci yerlərdə bu lətifələr qərarlaşıb.

 

5-ci yer:

 

Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.

Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:

-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?

Pərt olan tenor söyləyir:

-Mən Karuzoyam. Tanımadız ki məni?

Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.

-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:

-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş. 

 

4-cü yer:

 

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram...?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

3-cü yer

 

Temza çayının sahili ilə axşam gəzintisinə çıxan Şerlok Holmsla Doktor Vatson suların qoynunda çabalayaraq onlara əl eləyən bir qadın görürlər. 

Onlar da öz növbələrində centlimencəsinə qadına əl eləyirlər. 

 

2-ci yer

Hüseyn  Arif  yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:

- Nə var nə yox, atan necədir?

- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.

Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:

- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)