“Bəxtiyar niyə öldü, Həsən əmi? Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həsən Məmmədovdur.

 

HƏSƏN MƏMMƏDOV

(1938-2003)

 

***

“Arşın mal alan” filminin çəkilişləri gedirdi. Mən də cavan oğlan, həvəsli. Həmin gün çəkilişim olmadığı üçün otaqdan bayıra çıxmamışdım. Çəkilişdən sonra axsam Tofiq Tağızadə qaldığım otağa baş çəkəndə gördü ki, ssenari əlimdə rolumu hazırlayıram.

– Neynirsən? – soruşdu.

– Rolumu məşq edirəm, Tofiq müəllim, – cavab verdim.

– Halal olsun, – deyib, getdi. Bir-iki saatdan sonra bir də qapını döyüb otağa girdi. Yenə ssenari əlimdə məşq edirdim.

 – Neynirsən? – soruşdu.

– Məşq edirəm.

– Halal olsun!

Gecədən xeyli keçmiş yenə qapım döyüldü və Tofiq müəllim içəri girdi. Hələ də əlimdə ssenari, məşq edirdim.

– Neynirsən? – soruşdu.

– Məşq edirəm.

–Yaxşı, bəs sən sən vaxt dincələcəksən? Səhər tezdən mənim yuxusunu almış, yorğunluq hiss etməyən Həsənlə işim olacaq. Dincəl…

 

 

***

“Yeddi oğul istərəm” filmi ilə “Axırıncı aşırım” demək olar ki, ekranlara eyni vaxtda çıxdı. Arada çox da böyük fasilə olmadı. Bir gün kinostudiyanın girişindən zəng vurub dedilər ki, bir qadınla bir oğlan uşağı mənimlə görüşmək istəyir.

Görüşdük. Uşaq mənə heyrətlə baxır, içini çəkə-çəkə ağlayırdı. Qadın:

– Həsən müəllim, vaxtınızı da alırıq, bu uşaq mənim nəvəmdir, – dedi,  Abasqulu ağanın, Bəxtiyarın ölüm səhnəsinə baxandan sonra gözünün yaşı qurumur, deyir Abbasqulu ağanı, Bəxtiyar əmini öldürdülər.

Yaxınlaşıb uşağı qucağıma aldım. Kinostudiyanın dəhlizi ilə gəzişdik.

– Sən necə fikirləşirsən, Bəxtiyar əmi güclüdür?

– Hə! – uşaq cavab verdi.

– Hardan bilirsən?

– O bütün düşmənləri öldürdü, ona görə də güclüdür.

– Ay sağ ol, onda bəs niyə ağlayırsan? Bəxtiyar əmini heç kəs öldürə bilməz.

Uşaq gözlərinin yaşını silib, boynuma sarıldı…

 

 “Ədəbiyyat və incəsənət”

(01.02.2023)