Gülüş Klubunun bu günkü menyüsü

Rate this item
(0 votes)

“Gülüş klubu”nda növbətçi Sərtyeldir.  Şüarımız: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.

 

 

İbrətamiz

Dünyada ən çətin deyilən 5 söz bunlardır:

5. Tetragidrokannabiol

4. Fenolflein

3.Elektrikləşdirdiklərimizdənsiniz

2.Dixlordifeniltrixloretan

1. Bağışla.

 

Tost

Bu tostu məşhur bir yazıçı öz həyat yoldaşının ad günündə söyləyib:

Səni görəndə gəlir mənim yazmağım.

Sən aşsan, mən də sənin qazmağın.

 

Dodaqqaçdı

Parlamentdə iki deputatımız yanaşı oturub. Biri o birsini gözüyumulu görüb soruşur:

-Qağa, yatmısan?

O birisi dillənir:

-Lələ, nədi ki? Parlamentdə adam yatar?

-Mənə yüz manat əlborcu verərsən?

-Yatmışam, hə, yatmışam.

-Parlamentdə adam yatar?

-Adam elə parlamentdə yatar, dayna.

 

Deyimlər

Ağlamayana məmə yoxdur. Ancaq heç ağlayana da məmə yoxdur.

 

Elan

Pandemiya, dolların məzənnəsi, neftin qiymətinin qalxması, yaxud enməsi, havaların soyuq, yaxud isti keçməsi, Qarabağ, yaxud Rusiya-Ukrayna müharibəsi səbəbləri artıq dəfələrlə istifadə edildiyi üçün keçərsiz olduğundan marketlərdə satılan 5, 10 və 19 litrlik bulaq sularının qiymətlərinin bir gecəyə 30 faiz qalxmasının səbəbini Tarif Şurası Mozambikin Uraru əyalətinin Tıkıxva kəndində mövcud olan Markurkur bulağının quruması səbəbi ilə izah etdi.

 

Aydınlıq

Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.

 

Olmuş hadisə

Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici passportun var ? 

Oğlan:

- Yox nə olub ki?

Qız:

- Artıq sərhədi keçirsən.

 

Poeziya boxçası

(Bəziləri rus dilinə o qədər vurğundurlar ki, poeziyamızı bu cür əcaib-qəraib hala salırlar, inanın).

Yaxşı ki, qurtardı korona,

Ağaca qonubdur vorona.

Qarşına çıxsa da lev

Sən həyatı sev.

Qazanda qaynasın kartoşka,

Qapıda miyoldasın koşka.

Çox dadlıdır tabaka,

Qoy hürsün sobaka.

Əsas odur, mətləbləri qan.

Aldatmasın səni obezyan.

Yazdı heyvanlara dair.

Ruskoyazıçnı şair.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)