Uydurma ad - MİNİATÜR HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Akademik Milli Dram Teatrında X.Qocanın "Hərənin öz payı..." pyesi tamaşaya qoyulmuşdu. Başdan-ayağa cəmiyyətdəki eybəcərliklərdən, çatmazlıqlardan, nöqsanlardan bəhs edən komediyada bəzən aktyorlar tamaşaçıları güldürmək üçün yaratdıqları obrazlara əlavələr edirdilər.

Pyesdə olmaya-olmaya Gülən adam Gülməyən adama deyirdi:

-Amerikadan Danbalbay Bakıya gəlir...

X.Qoca "Danbalbay" sözündən çox əsəbiləşir, fasilədə Gülən adam rolunu oynayan aktyorun qrim otağına gedir və etirazını bildirir. Aktyor da söz verir ki, növbəti tamaşada "Danbalbay" əvəzinə "Xose Marti" deyəcək.

Növbəti tamaşada görün nə baş verir?!

Gülən adam: - Deyirlər, Amerikadan Xose Marti Bakıya gəlir.          

Gülməyən adam: - Xose Marti kimdir?

Gülən adam: - Danbalbayın kiçik qardaşı!

Aktyorların obrazlara ciddi yanaşmadıqlarını görən X.Qoca səhəri gün teatrın direktorunun yanına gedib, ondan xahiş edir ki, tamaşanı repertuardan çıxarsınlar.

Elə də olur...

 

Ədəbiyyat və incəsənət”

(01.07.2024)