“Gəl vəzifəmizi dəyişək...” Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Yalandan deyir...

 

X.Qocanı yüksək vəzifəli bir şəxslə tanış edirlər. Bu şəxs Türkiyədəki ənənəvi ifadəni işlədir: "Sizinlə tanışlıqdan çox mutlu oldum".

Həmin adam gedəndən sonra Xeyrəddin müəllim dillənir:

-Yalandan deyir də, "mutlu oldu". Mən onun nəyiyəm ki, məni görən kimi mutlu oldu?

 

Yaxşı vəzifə

 

Baş konsul Türkiyədə çox darıxırdı, Bakıya qayıtmaq istəyirdi. İstəyirdi məsul bir işdə çalışsın, xalqa, vətənə daha çox xeyir verə bilsin. Hətta, Bakıya qayıtmaq üçün rəhbərliyə dəfələrlə ərizə də yazmışdı.

Bir gün ondan soruşurlar ki, birdən səni işdən çıxardılar, heç bir iş də vermədilər, nə edəcəksən? Cavab verir:

-Mən ərizədə vəzifə istəməmişəm ki! Güman edirəm, yaxşı bir vəzifə verərlər...

 

Gəl vəzifəmizi dəyişək...

 

X.Qoca Vətənə qayıtmaq istəməsini Bakıda bir yüksək vəzifəli şəxsə də bildirir. O da başlayır ona izah etməyə ki, bəs, baş konsul vəzifəsi belə şərəfli vəzifədir, elə yüksək vəzifədir və s. və i.a. Xeyrəddin müəllim onun sözünü kəsir:

-Onda gəl, vəzifəmizi dəyişək. Sən mənim vəzifəmə keç, bir az şərəflən!

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)