Gözəlliyin təsnifatı Featured

Rate this item
(0 votes)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Evli kişinin ən müdafiəsiz əşyası pulqabıdır. 

 

2.

Uşaq - valideyinlərinin daxili yanma mühərrikidir. 

 

3.

-Mən sənə özünü apara bilməyən sərxoş müştəriləri qapını açaraq bayıra atmağı qadağan edirəm! 

Qatarın rəisi uzun illər paytaxtın bərkgedən kafelərindən birində çalışan və təzəlikcə  qatara işə götürdüyü vaqon-restoran bufetçisini çağırıb bu sözlərlə danlayır.

 

4.

Azərbaycan reallığı: yaxşı yol üçün ayrılan pulları mənimsəyib özünə bahalı avtomobil almaq və həmin avtomobilli pis yolda dağıtmaq. 

 

5.

Keçmişdə dənizçilər naməlum ada tapanda ora dişi və erkək keçi, yaxud donuz buraxırdılar. İllər sonra bir də ora güzar edəndə orada onları artıq keçi, yaxud donuz sürüsü qarşılayırdı. Buna “ət əkmək” deyilirdi.

Adəm və Həvva barədə oxudum və yadıma bəhs etdiyim bu keçmiş əhvalat düşdü. 

 

6.

Əgər hər dəfə sənə “sən necə də gözəlləşmisən” deyirlərsə, onda istər-istəməz düşünməli olursan: mən əvvəl nə gündə imişəm ki? 

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)