Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi...

Rate this item
(0 votes)

 “Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məqalələr silsiləsi dərcini davam etdirir. Bu gün sizə filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızının məqaləsi təqdim olunacaq.

Natiqlik sənəti də bir gözəllik elementidir. Biz həmişə bəlağətli danışan insanlara həsəd aparmışıq. Yazının mövzusu budur.

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV V NATİQLİK SƏNƏTİ

 

Natiqlik həm bir sənət, həm də bir elm kimi qədim tarixə malikdir. Belə ki, hələ qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli, emosional nitqi olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, onların nitqindən təsirli vasitə kimi istifadə edilmişdir.

Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışan elm, ritorika nəzərdə tutulur. Natiq isə nitqi mövcud ədəbi normalara uyğun olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan insanlara deyilir.

Bildiyimiz kimi, natiqlik sənətinin əsl vətəni dünya mədəniyyətinin beşiyi sayılan Yunanıstan olmuşdur. Natiqlik bir elm kimi də məhz Yunanıstanda meydana gəlmiş və inkişaf etmişdir.

Bununla belə, bu sənətə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, dövrün şair və fılosoflarının əsərlərində ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir.

Azərbaycanda da əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş,  bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmiş, natiqlik sənətinə xüsusi diqqət yetirilmişdir.

Ölkəmizdə natiqlik sənətinin inkişafından bəhs edərkən  ilk öncə dünya şöhrətli siyasətçi, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yada düşür. Şübhəsiz ki, Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi. Ulu öndər tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməklə yanaşı, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında, inkişafında da əvəzsiz rola malikdir. Birmənalı demək mümkündür ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürü və o təfəkkürün praktikləşdirilməsində əvəzsiz rolu olan insan kimi qalmağı ilə bərabər, həm də Azərbaycan nitq mədəniyyətinin nadir nümunələrini yaratmış bir şəxsiyyət kimi qalacaqdır. İlk əvvəl  onu qeyd edək ki, qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyən Ulu öndər mənsub olduğu xalqın dilini, bu dildə min illər boyu formalaşmış düşüncə təzinin inikası olan xalq fəlsəfəsini dərindən bilirdi və həmin bilgi parlaq şəxsiyyətin natiqlik məharətini stimullaşdıran başlıca keyfiyyət kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Heydər Əliyevin natiqlik məharəti, dərin məntiqli nitqi, sözləri məqamında və yerli-yerində seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, güclü hafizəsi onu dinləyən hər kəsi heyran edirdi.

Bilirik ki, natiqlik məharəti, auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin konturlarını belə müəyyənləşdirirdilər: hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda natiqlik məharətini öyrənən elmin ritorikanın əsasını qoyan Aristotel, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşü göstərməklə bərabər, həmin nitqin ifadə edildiyi dil elementlərini də vacib komponentlər kimi qeyd edirdilər. Məsələn, Aristotel bunun üçün stilistika və qrammatik qaydalara xüsusi diqqət yetirirdi. Bəşər tarixinin ən böyük mütəfəkkürü özünün “Ritorika”sında uğurlu nitq üçün şərt kimi “insanlıq tarixində qucaq açmağı” görürdü. O hesab edirdi ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər dərin səmimi bilgi tələb edən ali bir keyfiyyətdir”. Bütün bunlarla bərabər, insanlığın fikir dünyasının patriarxı natiqlik sənətində arqumentləri başlıca silah kimi təqdim edirdi.

Azərbaycanda natiqlik məharətinin göstəricisi olan nümunələr çoxdur və həmin nümunələr sırasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müxtəlif müraciətlərində, ictimai-siyasi tədbirlərdə, elm və incəsənət adamları ilə görüşlərindəki çıxışları xüsusi yer tutur. Həmin çıxışların hər birində böyük insanın hər məqamda xalqına arzu və istəkləri, gələcək haqqında təsəvvürləri ilə bərabər, narahat ürəyin döyüntülərini hiss etmək mümkündür. Bunun ən parlaq nümunəsi olaraq 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ozamankı SSRİ siyasi rəhbərliyinin iradəsi ilə azərbaycanlılara qarşı həyata keçirilən qanlı cinayət əməlindən bir gün sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək verdiyi bəyanatdır. Həmin bəyanat heyrətamiz şəxsiyyətin öz xalqı üçün çətin məqamda göstərdiyi fədakarlıqla bərabər, hadisələrə ən gərgin məqamlarda belə verilən obyektiv qiymətin göstəricisi sayıla bilər. Şərti olaraq üç hissəyə bölünən bəyanatda Heydər Əliyev ilkin olaraq öz şəxsinin həyat yolunu xatırladır. Bəyanatın daha çox SSRİ-dən kənardakı auditoriyaya hesablandığını nəzərə alsaq, bunun nə qədər vacib olduğunu açıqlamağa belə ehtiyac olmaz. Heydər Əliyevin həmin nitqi zamanı onun üslubuna xas elementləri aydın görmək olur, dəmir məntiqlə ölkədə hərc-mərclik görüntüsü altında aydın siyasi xətt yeridildiyini və həmin xəttin Azərbaycan xalqının cəzalandırılması mexanizmlərinin işə salınması ilə müşayiət olunduğu birmənalı vurğulanır: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan Daimi Nümayəndələiyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”. O, özünəməxsus qətiyyətlə ucsuz-bucaqsız ölkədə, əslində, nə baş verdiyini göstərir və baş verənlərdə günahkarları ünvanları ilə təqdim edir: ”Azərbaycanda baş verənlərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistanda millətlərarası münaqişə gedir. Həmin münaqişəni isə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlk indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.

Ümummilli liderimizin uzun bir dövrü əhatə edən müddətdəki çıxışları qədirbilən insanların xüsusi zəhməti ilə bir yerdə toplanaraq çap edilmişdir. Vurğulamağı lazım bilirik ki, həmin kitablar ancaq geniş oxucu kütlələri üçün deyil, nitq mədəniyyəti tarixini araşdıran elm adamları üçün də əhəmiyyətini saxlayacaqdır.

Əlbəttə, hər bir nitq öz zamanının tələbləri səviyyəsində tematik müxtəlifliyə malikdir, bu bizim araşdırmaq istədiyimiz mövzu deyil, lakin onu hökmən yada salmaq istərdik ki, natiqlik sənətinin nümunəsi hesab olunan hər bir nitq əbədi öyrədici vəsait kimi qiymətini əsrlər boyu saxlaya bilir. Belə nümunələrdən biri olaraq SSRİ-nin subyektlərindən biri olduğumuz, nominal dövlətçilik dövrü yaşadığımız zamanda, 50 il əvvəl indiki Bakı Dövlət Universitetinin 50 illiyində Azərbaycanın ozamankı siyasi rəhbəri Heydər Əliyevin çıxışı xüsusi diqqət çəkir. Bu nitqin əsas diqqətçəkici məqamı ondan ibarət oldu ki, birmənalı olaraq SSRİ-nin tərkibində olan respublikalar üçün normaya çevrilmiş ənənə pozulurdu: Azərbaycanın yeni və parlaq şəxsi keyfiyyətləri ilə seçilən Heydər Əliyev respublika ziyalılarının qarşısındakı mötəbər tədbirində Azərbaycan dilində çıxış edirdi. Əlbəttə, bu gün xüsusi vurğulanan həmin məqam 50 il əvvəl açıq səmada şimşəyin çaxması kimi bir şey idi: bu onu göstərirdi ki, tabuları yaradan normalar dağıla da bilərmiş və belə bir cəsarəti ancaq Heydər Əliyev edə bilərdi. Nitqdə ikinci və ən başlıca cəhət isə ondan ibarət idi ki, söhbət Azərbaycanın dövlət müstəqilliyi dövrünün ən gözəl tarixlərindən birinin ali elm məbədinin qurulmasının bayram edilməsindən gedirdi. Heydər Əliyevə xas qətiyyətli səslə səslənən həmin nitqdə tarixi keçmişə ehtiram notları səsləndirilirdi:  “Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.G.Razumovski, Tağı Şahbazi, İ.Ş.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şahtaxtinki, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Dövlət Universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim iclasımıza toplaşmışlar. İzn verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibəti ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım”.

Natiqlik sənətinin unikal nümunələrindən sayılan nitqində Heydər Əliyev salonda əyləşənlərə üzünü tutaraq, əslində,cümhuriyyətin xoş məqamlarını, xalqın azadlıq və istiqlal duyğularını yaşayan, öz keçmişi ilə qürur duyan millətinə onun gücünün qaynaqlarını göstərirdi. Onun məzmunlu, aydın, yığcam, təsirli nitqində bir xalqın keçdiyi və keçməli olduğu yollarda məşəl yandırmış insanlar ehtiramla xatırlanır və qarşıdakı uzun, dolanbac yollardan adlayacaq insanlar üçün inam formalaşdırılırdı: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof  Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi A.Bakıxanovun, realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.

Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O heç bir qeydə baxmadan saatlarca danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa, güclü hafizəyə, dərin məntiqə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. O, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan uğurlu natiq idi. O, müdrik, taleyüklü qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran əvəzsiz rəhbər, mütəfəkkir dövlət xadimi idi. Dinləyicilər onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən yorulmurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq Ulu öndərin nitqini daha da cəlbedici edirdi. Ulu öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqi Azərbaycan dilinin imkanlarını ortaya qoymaqla bərabər, tarixi keçmiş qarşısında məsuliyyət hissinin ifadəsi kimi də cəlbedicidir. Hər bir məsuliyyət hissinin insan qarşısında qoyduğu vəzifələrdən danışan Ulu öndər həmin vəzifələrin heç də asan olmadığını və həmin “asan olmayan vəzifələr”in həyata keçirilməsi üçün yeganə yolun elmdən keçdiyini yada salırdı.

Heydər Əliyev Azərbaycan xalqının ən böyük nemətini, xalqının dilini sevir və onun qorunmasının, inkişafının qayğısına qalırdı. Dahi şəxsiyyətin “Millətin milliliyini qoruyub saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir” – fikri, əslində, müasirlərinə və onlardan sonra gələn nəsillərə dil konsepsiyasının nə qədər vacib olduğunu çatdıran proqramın qayəsidir.

Heydər Əliyevin dövlət quruculuğunda xüsusi önəm daşıyan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla qürur duymağı, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini hiss etməyi, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı tövsiyə edir.

Bu gün də minnətdarlıq hissi ilə yada salırıq ki, Ümummilli lider Azərbaycanda sovet hakimiyyəti illərində həmin qayənin qorunub saxlanılması işinə hansı töhfələr vermişdir. Həmin töhfələrin spektri onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda daha aydın göründü. 1995-ci ildə Konstitusiyamızın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən ictimai müzakirələrə onun nə qədər həssaslıqla yanaşması da çoxlarının yadındadır. O müzakirələr zamanı prezident Heydər Əliyevin xalqımızın türk xalqları ilə birgə tarixinə ehtiramını ifadə edərək Azərbaycan dilinin özəllikləri və həmin özəlliklərin qorunub inkişaf etdirilməsi zərurətinə nə qədər əhəmiyyət verdiyi də unudulmayıb. Həmin zərurətin nəticəsi olaraq dövlət dili ilə bağlı çox mühüm sənədlər tarixi fakta çevrildi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla  bütün dövlət və qeyri-hökumət təşkilatlarında, o vaxta qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar edildi və latın qrafikasına keçid prosesi başa çatdırıldı.

2001-ci ilin avqustunda Prezident Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002 -ci il sentyabrın 30-da  “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.

Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün onun siyasi məktəbinin varisi və layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Prezidentin  2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı  həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi, nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Cənab İlham Əliyevin 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizə olan xüsusi diqqət və qayğının təzahürüdür.

Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamı kimi hər bir azərbaycanlıda minnətdarlıq hissi yaradan əməllərdir.

Bu günlərdə Ulu öndər Heydər Əliyevin dünyaya gəlişinin yüzüncü ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik. Onu sadəcə doğum və ölüm günündə deyil, hər saat, hər an minnətdarlıqla anırıq. Əminliklə deyə bilərik ki, dünya durduqcaa müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız onu heç zaman unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, onu böyük sevgi və ehtiramla yad edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)