Ən çox üstünlük verdiyimiz rənglər bizim ruhumuzun seçimidir, yoxsa dəbin?

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sənətşünas Gülturanın “Rənglərdə gizlənən dil” yazısını təqdim edir. Yazı sırf gözəlliklər barədədir.

 

  

RƏNGLƏRDƏ GİZLƏNƏN DİL

Rənglərin həyatımızdakı əhəmiyyəti düşündüyümüzdən daha böyük, rolu və təsiri  daha qüvvətlidir. Təəssüflər olsun ki, insanlar rəngləri çox vaxt yalnız rəng olaraq görüb, görüntü fərqliliyi kimi çeşidləndirirlər. Halbuki həyatımızın hər addımında  istifadə etdiyimiz bu möhtəşəm palitranın daha vacib özəllikləri var. Bir az diqqət etsək, görərik ki,  gündəlik həyatımızda sevdiklərimizdən belə daha çox minlərlə rəng tonunu görürük. Gördüyümüz rənglər təkcə bizim gündəlik  həyatımızda rol oynamır, hətta taleyimizə də təsirini göstərir və bu təsir danışdıqca bitməyəcək qədər çoxdur.

Rəng elə bir anlayışdır ki, istər uşaq olsun, istərsə yaşlı, fərq etməz, hər kəsdə müxtəlif duyğular, hisslər oyadır. Bu hisslər sənin özəl rənginin hansı olduğunu deyir, hansı rəngə bürünməli olduğunu duyğular diktə edir.

Rənglərin həyatımızdakı ən böyük təsir dairəsi, şübhəsiz, geyimlərdir. Əgər bu gün nikbin əhval-ruhiyyədəyiksə, onda, heç şübhəsiz, əlvan rənglərə üstünlük veririk, ancaq təəssüf ki, bu üstünlüyə yalnız içimizdə əməl edirik. Ətrafa yansıtdığımız rəng tonları bizi, iç dünyamızı, hiss etdiklərimizi ifadə etmir. Bunun ən bəsit nümunəsi kimi gündəlik geyimlərimizdə istifadə etdiyimiz rəngləri göstərə bilərik. Kim, həqiqətən, içindən keçirdiyi, sevdiyi rəngi hər gün üzərində daşıyaraq geyimində göstərir, özünü ifadə edir? Məncə, heç kim...

Gəlin belə bir suala cavab verək, qarderobumuzda ən çox üstünlük verdiyimiz rənglər bizim ruhumuzun seçimidir, yoxsa adına dəb dediyimiz, arxasınca getdiyimiz, heç bilmədiyimiz bir kütlənin, fərqli toplumların seçimidir? Gəlin bunu da etiraf edək, sırf dəbdir deyə, heç sevmədiyimiz rəngləri hər gün üzərimizdə daşıyırıq. Bunu hər birimiz bilirik. Ancaq biz bu rəngin ruh aləmimizə necə təsir etdiyi barəsində düşünmürük.

Təsəvvür edin ki, bu gün çox gözəl hava var. Kefimizi poza biləcək heç bir ünsür yoxdur. Dostlarımızla zaman keçirmək üçün təcili hazırlaşıb evdən çıxmalıyıq. İlk ağlımıza gələn “bu gün hansı rəngi geyinsəm, özümü daha yaxşı hiss edərəm”, düşüncəsimi olacaq, yoxsa kənardan məni görənlər necə “cool” qızdır, deyəcəkləri fikrimi? Əlbəttə, çox vaxt ikinci variantı düşünüb, heç şübhəsiz başqaları üçün rəng seçimi edirik. Bu rəng də bizi heç istəmədiyimiz bir auraya salır, büründüyümüz rəng bizim bugünkü əhvalımızı öz tonuna uyğun dəyişir.

Çox güman ki, çoxluq tünd və solğun rənglərə üstünlük verir. Lakin bu rənglərin bizim içimizi də soldurduğunu, özü kimi ruhumuzu da soyuqlaşdırdığını düşünməyəcək qədər başqalarının düşüncələrini önəmsəyirik. Üzərimizdə daşıdığımız bu rəng, ruhumuzu özünə bənzədəcək, bu bənzəmə bizim davranışlarımızdan da yan keçməyəcək. Sadəcə, bir rəng belə bizim davranışlarımızda özünəməxsus böyük əhəmiyyət daşıyır. Bu gün geyindiyin qara və ya boz, tünd və ya solğun geyim üzərində, sadəcə, rəng olaraq qalmaqla kifayətlənməyib daxilinə təzahür edir, hərəkətlərinə, düşüncələrinə, hətta dediyin sözlərə belə öz təsir gücünü göstərir. Onu da anlamalısan ki,  belə rəng günün sonunda artıq səni bədbin ruh halında olan birinə çevirir. Halbuki bayaq hava çox gözəl idi, kefini pozacaq heç bir ünsür, hadisə yox idi. Bəs nə baş verdi, əhvalın niyə dəyişdi?

Gəlin bir də belə düşünək, müəyyən yaş kateqoriyası olan insanlar, sadəcə, bəlli   rənglərə üstünlük verirlər. Kiçik yaşlı uşaqlara rəngbərəng, al-əlvan, parlaq, gözoxşayan rənglərdə paltar geyindirilir. Lakin bu uşaqlar böyüdükcə rəngarənglik aradan qalxır, onun yerini tünd, soyuq rənglər alır. Daha da yaşa dolduqca gördüyümüz tək rəng əsasən qaradan başqası deyil.

Nəyə görə dünyaya gözümüzü açdığımız anlardakı o rəngarənglik yaşam boyunca yerini solğunluqla dəyişir, ən sonunda qaraya bürünür...  bəlkə də, bu dəyişikliyə uşaqkən sahib olduğumuz məsumiyyətin yaşlandıqca itməsi səbəb olur. Uşaqkən içimizdən gəldiyi kimi, doğrunu, yanlışı düşünmədən davranırıq, ətrafın, insanların təzyiqi, onların nə düşündüyü bizim üçün heç bir önəm kəsb etmədiyi üçün çox məsum bir həyat yaşayırdıq. Bu məsumluğu səmimi davranışlarımız kimi geyimlərimizdəki çəhrayılarda, sarılarda, mavilərdə, yaşıllarda göstərirdik. Yaşımız artdıqca uşaqkən sevdiyimiz, istifadə etdiyimiz rəngləri indi böyüyəndə də geyimlərimizdə büruzə vermək sanki ayıb halını aldı.

Gəlin bunu da etiraf edək: küçədə 70 yaşlı bir qadını sarı, qırmızı, çəhrayı, yaşıl paltarda görsək, içimizdən “heç yaşına yaraşırmı? – deyə düşünərik. Buna səbəb nədir? 

Hər hadisənin, baş verən olayın hansısa bir rənglə əlaqədar adı vardır. Ölümün rənginin qara, xoşbəxtliyin ağ və ya qırmızı olması kimi... Eynən yaşamın, yenidən doğulmanın rənginin çəhrayı və mavi olması kimi. Bəlkə də, yaşlandıqca insanların qara rəngə bürünməsi özlərini ölümə, həyatlarının sonuna  yaxınlaşmağa  hazırlamaqdan başqa bir şey deyil. İnsanlar özünə (qarşı) bu haqsızlığı etməməlidir. Xüsusən də bizim yaşlılarımızın anlaya bilmədiyim bəzi xüsusiyyətləri vardır. Bunların ən başında, təbii ki, özlərinə qara libaslarla bədbinlik aşılaması, çətin anlarda belə həkimə üz tutmaması və s.-dir. Səbəb isə utanmaqdır. Yaşlı olduqlarına görə həkimə getməkdən, həkimin reaksiyasından utandıqları kimi, eynilə yaşlı olduqlarına görə rəngli geyimləri də özlərinə eyib bilib utanırlar. Təəssüflər olsun ki, bu artıq cəmiyyətdə bir norma olaraq qəbul olunub. Bu baxımdan əvvəlcə düşüncəmizi dəyişməli, düzəltməliyik ki, uşaqlığımızdan bizə miras qalan rəngləri, elə körpəlik məsumiyyəti kimi qoruya bilək, bunu özümüz üçün edək.

Ətrafımızda hər şeyin, bizi əhatə edən, sahib olduğumuz əşyaların, hətta saçımızın, makyajımzın belə rəngini özümüz seçirik. Bu həm zövqverici bir prosesdir,  həm də bizim xarakterimizi idadə edən bir təzahürdür. Bayaq dediyimiz kimi, hər şeyin bir rəngi var.

Həyata gəlmənin, dünyaya gözlərimizi açmanın bir rəngi var: bu, ağ-bəyazdır.    Dünyaya gözünü yeni açmış körpəni gözləyən gələcək heç bir rənglə qarışmamış saf bəyaz rəngi təmsil edir. Hər körpə bəmbəyaz bir gələcəklə doğulur. Bu körpəni gözləyən həyat, yaşamı boyunca başına gələcək müsbət və ya mənfi hadisələr bəyazına əlavə ediləcək digər rənglərdən asılıdır. Bəyaza hansı rəngi əlavə etsən, bəyaz həmin rəngə boyanacaq, daha çox əlavə etsən isə, həmin rəngin tam özü olacaq.

Geriyə, sadəcə, seçimlər qalır. Seçimlərimiz formalaşan gələcəyimizin   xəbərçisidir. Rənglərin bizə ifadə etdiyi anlamları nəzərə alıb seçim ediriksə, yanılmarıq. Bizi rahatladan, hüzur dolu bir çevrə yaratmaq bu seçimlərdən çox asılıdır. Yeni bir ev aldığımız zaman ilk düşündüyümüz içindəki əşyaların, divarların və s. rəng seçimidir. Evimizin dizaynını önəmsədiyimiz, bunun uzun müddətli bir dəyişiklik olacağını, hər gün bu seçimlə üz-üzə gələcəyimizi bildiyimiz üçün çox diqqətli oluruq. Hər şeyi ən incə detalına qədər düşünürük. Nəhayət, bizə xoş aura bəxş edəcək tonları seçib evimizi bəzəyirik. Evimizin cansız divarlarını, cansız əşyalarımızı çox düşünürük. Bəs bu əşyaların kölgəsində qalan ruhumuzu düşünüb məmnun edirikmi, ediriksə,  gün daha xoşbəxt olmalıyıq.

Bu gün qısa müddətlidir deyə, seçimlərimizi önəmsəmirik. Lakin unuduruq, bir gün də ömürdür, hər gün elə bir gündür. O önəmsəmədiyimiz bir günlər çoxalır və  geri dönüb baxan uzun bir zaman keçmiş olur. Seçdiyimiz rəngləri sırf özümüz üçün seçək, hisslərimizin bizə pıçıldadığı tonlarda hərəkət edək, insanlarla münasibətimizdə uşaqlığımızdakı məsumiyyət bəyazlığını qoruyub saxlayaq.

 

***

 

Hər hadisənin, baş verən olayın hansısa bir rənglə əlaqədar adı vardır. Ölümün rənginin qara, xoşbəxtliyin ağ və ya qırmızı olması misalı... Eynən yaşamın, yenidən doğulmanın rənginin çəhrayı və mavi olması kimi.

 

 “Ədəbiyyat və incəsənət”

(07.04.2023)