Sizcə, bir marionet kuklasının hazırlanması neçəyə başa gəlir? Featured

Rate this item
(0 votes)

Marionet teatrı qərbdə çox populyardır, nə yaxşı ki, bizdə də incəsənətin bu sahəsi dəbə minib. Elə bu günlərdə anşlaqla keçən “Leyli və Məcnun” tamaşası belə deməyə əsas verir ki, kuklalar da öz hissiyyatlarını canlı insanlar kimi verə bilirlər. Maraqlıdır, bəs marionet tetarı yaratmaq çoxmu xərc istəyir? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, marionet tetarı üçün kuklaların  hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi heç də cəmi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri burda - yerli miqyasda həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edilir. 

Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyir ki, haqqında söz açdığımız “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlayıblar. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri özləri tərəfindən aparılır. Xüsusən tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilir. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı olurlar. Bu isə təbii olaraq xeyli vaxt alır. 

Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan cəmi 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması isə inanılmaz qiymətə başa gəlir. Neçəyə? Deyək! 7-10 min dollara.

 

Şəkildə: Marionet kuklalardan Leyli və Məcnun.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)