Nyu-York meri “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib Featured

Rate this item
(0 votes)

Nyu-York merinə keçid etməmişdən öncə onu deyək ki, Azərbaycanın maddi-mədəni dəyərləri arasında xalçalar xüsusi yer tutur. Hər birimiz uşaqlığımızdan bu əşya ilə tanış olur, onun üzərində ayaq açır, dünyadan da ona bükülmüş köçürük. “Ədəbiyyat və incəsənət” portalı olaraq daim bu mövzunu gündəmdə saxlamağımız da əbəs deyil.

 

Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti fəaliyyəti Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin Amerika Birləşmiş Ştatlarında tanıdılması yönündədir. “Azərxalça” ASC və Vaşinqtonda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları – Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” ASC istehsalı əsl əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatların ərazisində sərgi və satışının təşkil olunmasına imkan yaradılacaq. 

Xəbər verdiyimiz kimi, “Azərxalça”nın yaydığı məlumata görə, xalçaların ilk sərgisi mart ayının 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında reallaşıb. Açılışda həm klassik, həm də müasir üslubda olan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunub. Sərgidə nümayiş olunmaq üçün ABŞ-a 76 ədəd xalça göndərilib. Bu siyahıda Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar öz yerini alıb. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunur. 

“Azərxalça” ASC Azərbaycanda say etibarı ilə işçilərinin böyük hissəsini qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin ana məqsədlərindən biri də məhz region qadınlarının inkişafına dəstək, onların işlə təmin olunması, sosiallaşması və fərd kimi cəmiyyətin yararlı bir hissəsinə çevirilməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə “Azərxalça” ASC emalatxanalarındakı tədris mərkəzlərində həmin emalatxanaların peşəkar kadrları tərəfindən yeni toxucuların hazırlanması, ixtisaslarının artırılması və unudulmuş texnologiyaların toxuculara öyrədilməsi prosesini mütəmadi olaraq həyata keçirir.

Xaricdə təşkil olunan sərgilərdə hər zaman xalçalarla yanaşı, onları toxuyan Azərbaycan qadını, regionlarda yaşayan toxucuların zəhməti də geniş şəkildə təqdim olunur. Və indi gəldik mətləbə: sözügedən “Azərbaycan xalçaları” adlı sərgini nəzərə alaraq, bu xalçaları toxuyan kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədilə ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunan “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan etmişdi. Sənəd rəsmi şəkildə “Azərxalça” ASC-ni təmsil edən nümayəndələrə təqdim olunub. Sənədi həm Azərbaycan milli-mənəvi sərvətinin dünyada tanıdılması, həm də “Azərxalça” ASC-nin qazandığı növbəti uğurun göstəricisi kimi qəbul edən nümayəndəlik göstərilən etimad üçün təşəkkür edib.

Bir il ərzində ABŞ-nin digər ştatlarında da təşkil olunacaq sərgilərdə xalçalarla yanaşı, Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında sərgiyə baş çəkəcək hər kəsə geniş məlumatlar və müxtəlif videoroliklər təqdim olunacaq.

Və bu gün həm həftə, həm də sərgi yekunlaşacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)