Tətil günlərində Şuşaya ilk turist səfəri təşkil olundu

Rate this item
(0 votes)

Tətil günlərinin ən əlamətdar hadisələrindən biri barədə sizə söz açmağımız lap yerinə düşər. Bu günlərdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olundu. 

 

40 nəfərdən ibarət olan ilk heyət səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla yaxından tanış oldular. 

Təşkil olunan ikigünlük tur çərçivəsində yerli turistlər Füzulidən Şuşaya gəldilər, orada  şəhərində tarixi-mədəni abidələrimizlə tanış oldular. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. 

Xatırladaq ki, layihə Böyük Qayıdış siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. 2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)