Bursadan daha bir xəbər. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya məxsus milli geyim kolleksiyası nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib.
Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycan, eləcə də tarixi Qarabağımız və Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb.
Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi.
Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə qürur hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb.
Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən modelyerə xüsusi hədiyyə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)