Azərbaycanın turizm potensialı barədə Mərakeş ictimaiyyətinə məlumat verilib

Rate this item
(0 votes)

Martın 6-da Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən Rabat şəhərinin turizm agentlikləri və turoperatorları üçün Azərbaycan haqqında təqdimat keçirilib.

 

Səfirlikdən AzərTAC-a bildirilib ki, təqdimatda Rabat şəhərinin əsasən xarici ölkələrə turların təşkili ilə məşğul olan 16 turizm şirkətinin rəhbəri, həmçinin “Türk Hava Yolları” şirkətinin Mərakeş üzrə baş direktoru Seyfullah İlyas iştirak edib.

 

Tədbirdə ölkəmizin turizm potensialına, mədəniyyətə və mədəni irsinə dair videoçarxlar da daxil olmaqla əyani və ətraflı məlumat verən səfir Nazim Səmədov, həmçinin yaxın aylar ərzində Mərakeş turizm agentlikləri üçün Azərbaycana tanışlıq turlarının təşkil ediləcəyini bildirib.

 

Diplomat 2023-cü ildə Mərakeşdən Azərbaycana səfər edən turistlərin sayının 1740 nəfər olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, cari ilin ilk iki ayı ərzində ölkəmizə səfər edən mərakeşli turistlərin sayı keçən ilki analoji dövrlə müqayisədə 2,5 dəfəyə yaxın artıb.

 

Qeyd edək ki, Mərakeş vətəndaşları “ASAN Viza” vasitəsilə Azərbaycana səfər etmək üçün elektron qaydada viza əldəetmə hüququna malikdirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)