“Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. Çünki COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq”.
Bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktor bildirib ki, COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir. Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması nəzərdə tutulur.
“Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri görülməlidir. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır.
Həmçinin hotel sənayesinə dəstək planlarını hazırlayırıq. Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)