Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1,8 milyondan çox turist gəlib

Rate this item
(0 votes)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Açıq portfel rubrikasında bu dəfə Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin müdiri Nicat Abbaslı ya istinadən rəqəmlər gətirəcəyəm. Bu rəqəmlər həm də düşünmək üçün bizə imkan yaradacaq. 

 

Cari ilin yanvar-noyabr aylarında 1 milyon 890 mindən çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Turistlər əsasən Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan, Özbəkistan və Qazaxıstandan gəliblər. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artım deməkdir. Amma geniş mənada götürdükdə, bu rəqəm turizm üçün çox kiçik rəqəmdir. Pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, görərik ki, hələ də ümumi bərpa prosesi tam yekunlaşmayıb. Halbuki bəzi ölkələr var ki, onlarda tamamilə bərpa prosesi yekunlaşıb və artım müşahidə etmək olar. Məsələn, müsəlman ölkələrindən götürsək, Türkiyə, Özbəkistan, Qazaxıstanda kifayət qədər artım müşahidə edilir və bunlardan Pakistan da artan bazarlar sırasındadır. 

Əvəzində, ölkədə daxili turizmdə artım vardır. 2019-cu illə müqayisədə turizm xərcləmələrində azalma, gəlmə sayı ilə müqayisədə daha azdır. Daxili turizm burada ön plana çıxır. Daxili turizmdəki turist sayının və xərcləmələrin sayı artıb. Bunun nəticəsində ümumi turizm xərclərinə baxsaq, 2022-ci ilin doqquz ayı ilə müqayisə etdikdə, turizm xərcləmələrində 60 faiz, 2019-cu ilin doqquz ayına müqayisə etsək isə altı faiz artım müşahidə edilir.

 

Bizim insanlar “hara baxsan ərəblərdir”, “bezdik bu turistlərin əlindən” deyə imdad edirlər. Amma turistlərimiz azdır. Qonşumuz Gürcüstanla müqayisədə xeyli azdır. Turizm isə ölkə büdcəsinə gələn böyük vəsait deməkdir. Deməli, turizmə münasibətdə müəyyən dəyişikliklər etməyimiz vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)