Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub

Rate this item
(0 votes)

 

Çinin ən iri şəhərlərindən olan Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub. AzərTAC xəbər verir ki, Çinin turizm şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir çox məsələlərə toxunub.

 

O, qeyd edib ki, mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüzillər ərzində İpək yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zəniginləşdirdiyini deyib. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib.

Fuad Nağıyev Çinin Azərbaycan üçün əsas turizm bazarlarından biri olduğunu qeyd edərək, pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında çoxalma müşahidə olunduğunu, cari ilin yanvar-oktyabr ayında ölkəmizə gələn çinli turistlərin sayının ötən illə müqayisədə bir neçə dəfə artdığını bildirib. O, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə agentliyin yeni konsepsiya hazırladığını, bu çərçivədə çinli turistlər üçün cəlbedici və uyğun şəraitin təmin olunacağını deyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Cavanşir Bayramov ölkəmizin turizm potensialı, təbiət, tarixi-mədəni, dəniz, sağlamlıq da daxil olmaqla müxtəlif turizm növləri üzrə mövcud şərait və yaradılan infrastruktur barədə məlumat verib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin dekabrda açılacaq Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turist səfərlərinin sayının çoxalmasına müsbət təsir edəcəyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıblar.

Sonra Azərbaycanın turizm potensialını, ölkəmizin təbii gözəlliyini, tarix-mədəni irsini, dadlı mətbəxini əks etdirən video nümayiş olunub, AZAL-ın keçirdiyi lotereyanın qalibinə Pekin-Bakı-Pekin bileti təqdim edilib.

Oxşar təqdimatların Çinin Quancou, Çendu və Pekin şəhərlərində də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən böyük turizm bazarı olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb, həmin il Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bundan başqa, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirir. Pandemiyanın səngiməsi ilə Çindən Azərbaycana səyahətlərin sayında davamlı artım müşahidə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)