Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Sovetlər dönəmində 15 qardaş respublika deyilən bir anlayış vardı, erməniyə də, özbəyə də qardaş dedirdirdilər xalqımıza.
Uzaq Kuba sosialist ölkəsiydi deyə dost, yaxın Türkiyə isə kapitalist ölkəsiydi deyə düşmən sayılırdı. İndi sular axdı, öz məcrasını tapdı, dosta dost, düşmənə də düşmən deməyə başladıq. Və bu gerçəklikdə Türk dövlətləri birliyi yarandı, gələcək türkündür deyə dünyaya müsajlar ötürüldü.
Diqqəti çəkən dövlətlər səviyyəsində birliyin qurulmasından savayı, xalq kütlələrinin də
qaynayıb qarışmasıdır. İndi türkdilli xalqların nümayəndələri bir-birinə qonaq gedir, dostlaşır.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib. Bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32 faiz, 59 faiz, 20 faiz, 91 faiz, 78 faiz, 188 faiz artımlar müşahidə edilib. Kənan Quluzadə, həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.
Əlbəttə ki, faktlar hər şeyi deyir.
Türk birliyi çiçəklənəcək, daha da inkişaf edəcək.
Yeri gəlmişkən, onu da xatırladım ki, bizim Şamaxı şəhəri 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilmişdi, 2024-cü il üçün isə Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının Turizm Paytaxtı seçilib.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)