“Statista” agentliyi Beynəlxalq Turizm Günü ilə əlaqədar turistlərin getməyə ən çox üstünlük verdiyi 10 Avropa şəhərinin reytinqini tərtib edib.
AzərTAC xəbər verir ki, bu il siyahıya Paris (19.4 milyon turist) başçılıq edir. Turistlərin bu şəhərdə ən çox baş çəkdikləri yerlər əlbəttə ki, Eyfel qülləsi, Notr-Dam kilsəsi və Luvr muzeyidir.
İkinci yerdə London şəhəridir (16.1 milyon turist). Şəhərin qonaqlarını cəlb edən təkcə Tauer və Biq Ben deyil, həm də meqapolisin gecə həyatıdır.
Qardaş ölkənin mədəniyyət şəhəri olan İstanbul siyahıda üçüncü yerdədir (16 milyon turist). Mədəniyyətlərin və adət-ənənələrin vəhdəti bu şəhərə xüsusi ecazkarlıq bəxş edir, ona görə də, buraya axın edən turistlərin sayı hər zaman çoxdur.
Reytinqin dördüncüsü Barselonadır (9.8 milyon turist). Valensiya şəhəri beşinci yerdə qərarlaşıb. Bu şəhəri 8,6 milyona yaxın turist ziyarət edib. TOP-10 siyahısının altıncısı Budapeştdir. Buraya 6,9 milyon turist səfər edib. Reytinqin yeddincisi 6 milyon turist sayı ilə Madrid, səkkizincisi isə Afinadır (5.5 milyon turist). Doqquzuncu şəhər 5.4 milyon turist sayı ilə Lissabondur. Siyahıya yekun vuran Amsterdam şəhəridir. Buranı 5 milyon qonaq ziyarət edib.
“HSBC Expat” şirkətinin ekspertləri isə Avropa İttifaqının ən az vergi tələb olunan və günəşli hava vəd edən TOP-5 siyahısını təqdim ediblər:
Kipr
Bu ada vaxtı əla keçirmək və pula qənaət etmək üçün ideal məkandır. Kipri seçən hər üç nəfərdən biri adada vergilərin az, havanın isə mükəmməl olduğu üçün bu addımı atır. Dəniz sahilində yerləşən bu ölkəni bənzərsiz edən ilahi təbii gözəlliyə isə söz ola bilməz.
Bolqarıstan
Ölkənin havası əla, çimərlikləri çox gözəl, əhalisi isə dostcanlıdır. Pul yığmaq və qayğısız yaşamaq üçün bu yer əsl cənnət məkanıdır.
Rumıniya
Rumıniya da qonşusu Bolqarıstan kimi möhtəşəm ölkədir, burada günəşli günlərdən zövq almağa dəyər. Ölkədə vergi rüsumları çox aşağıdır.
Malta
Aralıq dənizinin sahilindəki bu ada ecazkarlığı ilə seçilir, yayda isə xüsusilə gözəl olur. Malta insanları təkcə öz gözəlliyi ilə yox, həm də sərfəli vergi rüsumları ilə cəlb edir.
Andorra
Bu yer öz dağ-xizək turizmi, günəşli havası, termal bulaqları, gözəl təbiəti ilə məşhurdur. Ölkədə vergi rüsumları da aşağıdır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)