Bu gün Turizm İşçiləri Günüdür

Rate this item
(0 votes)

 

Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır. “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd edirlər.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, neft sektorundan sonra ölkədə ən gəlirli sektor məhz turizm sektorudur, bu sahənin inkişafı ölkənin əsas prioritetidir. 

Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.

İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib.

İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.

Qarşıdakı növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.

Hədəf 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edilir ki, 2026-cı ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.

Bu ilin əvvəlində turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq, yeni Turizm qanunu qəbul edildi. Burada Turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapır. Bu da bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduzların tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur.

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. 2019-cu ildə cənab Prezidentin tapşırığı ilə “Yanardağ” Dövlət Tarix–Mədəniyyət və Təbiət Qoruğunda əsaslı təmir, rekonstruksiya işləri aparıldı, müasir turizm infrastrukturu quruldu.

Daha sonra, ötən il dövlət başçısının iştirakı ilə Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirildi. Hazırda orada tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir. Bu il “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əsaslı yenidənqurma və bərpa işlərindən sonra turistlərin ixtiyarına verildi.

Qeyd etməliyəm ki, əlavə olaraq, bir sıra tarixi tikililərin əsaslı təmiri, abadlıq işlərinin aparılması və digər işlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixini qorumaqla turizm potensialını inkişaf etdirməyə yönəlib.

Digər bir qoruğun – Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq, oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olundu. Bu ilin fevralında “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədini hazırlayaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısı üçün təşkilatın Dünya İrs komitəsinə təqdim edildi. Sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” qurumun Ümumdünya İrs Siyahısına daxil edildi. Ölkəmizin geniş, zəngin və çeşidli turizm potensialı bizə müxtəlif turizm məhsullarını formalaşdırmağa imkan yaradır. Azərbaycanın sahib olduğu çoxsaylı turizm imkanlarından yararlanaraq, mədəni, təbiət, sağlamlıq, əyləncə, qastronomiya və s. istiqamətlərdə maraqlı və fərqli məhsullar üzərində işlənilir.

Turizm sahəsində bir çox ölkələrlə əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın əsası kimi, müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlanılır.

Bundan əlavə, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Ölkəmiz bu mötəbər təşkilatın beynəlxalq tədbirlərinə artıq bir neçə dəfə evsahibliyi edib. Onu da vurğulamalıyıq ki, 2023–2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyini irəli sürülüb.

Qürurla deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.

Son iki il ərzində DTA tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib. Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunur. Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir.

Həmçinin, artıq bir neçə layihənin icrasına başlanılıb. Bildiyiniz kimi, bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri oldu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub. Bundan əlavə, DTA tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)