On müəllifin bir yazısı - ƏDƏBİ EKSPERİMENT LAYİHƏSİNDƏ Featured

Rate this item
(8 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucularımız. Bu yazının birdən-birə on müəllifi var. Bu sayaq yazılar hazırda çağdaş Qərb ədəbiyyatında geniş yayılıb. Şərikli müəlliflikdən kollektiv müəllifliyə keçid şübhəsiz ki, daha tələbkar oxucu auditoriyası üçündür. 

Biz də sizinçün belə bir yazı təqdim edirik. Əminik ki bəyənəcəksiniz. 

 

 

Tozlu, kirli havasıyla necə də doğma qoxur şəhər. Bəlkə də xatirələrdir o qoxuya doğmalıq qatan. Bura küləklər şəhəri deyil, xatirələr şəhəridir. Əsən ruzigar deyil, ayrılığın nəfəsidir. Küləyindən üşüdüyümüz şəhərdə ayrılığın nəfəsi isidir xatirələri... 

Bu şəhərin hər yerində xatirələr gizlidir. Yaşanmışlar, yaşanıla bilməmişlərlə dolu şirin, acı xatirələr. (Cəfər Atayev)

 

Bir də bu dəniz var. İndi yenə dənizlə üz-üzə oturub, dərdləşirik. Tək bir kəlmə demədən anlayırıq bir-birimizi. Dənizin sözləri elə onun dalğalarıdır. Görəsən öz dalğaları ilə nə demək İstəyir mənə? Anlamağa çalışıram. Öz böyük sevgisindən danışır bəlkə də. Mən... Mənsə susqun-susqun dayanmışam, sözə necə başlayım, bilmirəm. Sanki heç danışa bilmirəmmiş kimi unutmuşam danışmağı. Bilmirəm nədir bu susqunluğuma səbəb. (Mələkxanım Səlimli)

 

Bəlkə də ruhumu xatirələrimdə gizlətmişəm, səbəbi budur. Səssizliyim mənim səsim olmuş artıq. Göz yaşlarımla gəzirəm şəhərin küçələrini. Yağışdan yaranan torpaq qoxusunu belə hiss edə bilmirəm. Çünki bürüyür xatirələrin bədbin qoxusu bütün cismimi. Cavab axtarıram. Axı niyə mən ruhumu xatirələrimdən azad edə bilmirəm? Ünvansız, tərifsiz bir yer və tərifsiz duyğular içindəyəm yenə. Xatirə deyilən bir gerçək var, amma xatırlandığı zaman hiss etdiklərimizin nə bir adı nədə bir tərifi yoxdur. (Günay Əliyeva & Heyran Zöhrabova)

 

Ehh şəhər... neçə ayrılıqların şahidi olmusan? Neçə "səni sevirəm" sözünün saxta olmasını görmüsən? Har tinində sevənlərin acı-şirin xatirəsi dayanır... Küçələrin divarlarında qırıqlanan qəlblərin mənzərəsi, neçə yarım qalmış arzu görünür. Hər kəsin bir arzusu var; böyük şəhərdə kiçik xoşbəxtlik... Xoşbəxtlik isə xatirələrdə idi deyəsən. Ayrılıqdan uzaq, sevgiyə yaxın xatirələrdə. Ey şəhər, xoşbəxtlik sənin küçələrində əllərini tutub gəzdiyim əllərdə idi, bəlkə də (Əli Əlizada)

 

Səninləyəm ən şirin xatirələrimi qəm dəryasında islatan şəhər! 

Səninləyəm əsil sevgini yer üzündən silmək istəyən küləklər yurdu! Niyə susursan? Bir cavab ver mənə! Onun istisini ver mənə... Onun əllərini, onun gülüşünü, onun səsini... Eşidirsən, bizi ayıran boğucu şəhər? Ahh, yenə yağışın yağır. Yağmuray səpələyir damlalarını və yenə altında mən və yenə aldığım bənövşəyi qulaqcıqda bizim musiqimiz... (Xatirə Əsgərova)

 

Səni günahlandırdım mən ayrılığın hər günündə. Əsən yellər şəhərində sevgimiz külǝyǝ qurban getmişdi deyə küsmüşdüm bu şəhərdən... Qırğınam bu şəhərə, küskünəm xatirələrə. Amma bir o qədər də bağlıyam bu şəhərin xatirələrinə... Bu şəhər bizi ağuşuna alan ǝn doğma məkan, acılarımızı hiss edən doğma ana qucağı idi. Bu şəhər bizim idi, amma, "biz" çoxdan silinmişdik bu şəhərin tozlu yollarında (Kübra Quliyeva) 

 

Sən, körpəlikdən bəri məni sarıb sarmalayan şəhər... İnan ki, sən nə qədər gözəl olsan da, insanların əksərən çirkindir və bu çirkinlik sənə yansıyır. Sıxır, çox sıxır bu şəhər məni. Sanki bu şəhərin küləkləri səhvlərimi, günahlarımı üzümə çırpır... Sənlə o qədər xatirələrim var ki, ey xatirələr şəhəri. Lakin bu xatirələr belə çirklənir zamanla, eynən Xəzərim kimi... (Kübra Əliyeva)

 

Yenə də mən səni çox sevəcəm... Bu cümləni sevmirəm əslində, çünki mənə yalandan verilmiş vədləri xatırladır. Onsuz həyat da elə bu deyildimi? Bəzən bir gülüşə, bəzən bir baxışa, ya da bir neçə xoş sözə cümlələrə aldanırsan. Sən bunu məndən daha yaxşı bilərsən, əziz şəhər. O qədər qoynunda böyüyən, ilk addımlarını atan, sənin bütün gözəlliklərini bəxş etdiklərinin səni qoyub başqa yerlərə getməsi kimi.. (Fidan Məmmədli)

 

Bu səfər mən də gedirəm. Heç gəlməmiş kimi, heç var olmamış kimi. Havasına, suyuna hopduğum şəhərimi, xatirələr şəhərimi geridə qoyub gedirəm. 

Sənə bir etiraf edim? Mənim şəhərim də, xatirələrim də sən idin. Mən səni geridə qoyub gedirəm. Evimi, ailəmi, duyğularımı, mən ən çox məni geridə qoyub gedirəm. Mən qəlbimi- səni geridə qoyub gedirəm. "Gedənlər unudulmur.." deyən şairin sözünə arxalanıram bəlkə də. Unutmayacağına ümidim var. Ey xatirələr şəhərim, unutma məni, unuda bilmə. Çünki mən, nə bu şəhəri, nə bu şəhərin xatirəsini unutmayacağam. Heç vaxt... (Leyla Səfərova)

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)