Heyran Zöhrabovadan “Kainatla Günəşin nağılı”

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Heyran Zöhrabovanın “Kainatla Günəşin nağılı” adlı nağıl-hekayəsini təqdim edir.



"Amma unutma, daş divarlar arasındakı qaranlığımın səndən başqa pəncərəsi yoxdur."
Sabahattin Ali

Bir varmış, bir yoxmuş, qədim bir rəvayətə görə bir zamanlar içinə hər şeyi sığdırmış qocaman bir Kainat varmış. Bu Kainatın bir tərəfi gündüz kimi işıqlı, bir tərəfi isə gecə kimi qaranlıqmış.
Kainatın aydınlıq tərəfində dünya adlı çox gözəl, rəngarəng bir planet və həmçinin varlığı, möhtəşəm parıltısı və hərarəti ilə Yer kürəsinə yaşam qaynağı olan bir Günəş varmış. Günəş o qədər gözəl və parlaq idi ki, Yer kürəsi və daha başqa planetlər pərvanə misalı onun ətrafında fırlanarmış. Amma Kainatın digər tərəfi isə hər zaman zülmət qaranlıq və soyuq imiş. Onun bu tərəfi bəlkə dünyadan da gözəl idi və qaranlıqlarının lap dərinliyində qəlb kimi döyünən kiçik bir işartı vardı, fəqət onu örtən zülmət qaranlıq o qədər qatı idi ki, o işartı qaranlıqlar altında qalıb görünmürdü.
Günəş bir gün kainatın qaranlıq tərəfinə doğru çevrilib, orada kiçik bir parıltı, özündən bir parça görmüş, ona yaxınlaşmağa başlamışdı. Günəş həmin parıltıya doğru getdikcə onun işığı bir fənər kimi qaranlığı aydınlatmış və Günəş gözlərinə inanmamışdı, demə, kainatın bu tərəfi nə qədər gözəlmiş. Amma bura həm də çox dərin və ucsuz-bucaqsızmış.
O zaman Günəş Kainatın bu qaranlıq amma bir o qədər dərin olan tərəfinə məftun olmuş, onu sevmiş və onu öz nuruna qərq etmək arzusuna düşmüşdü.
Günəş bir müddət Kainatın qaranlığını öz nuru ilə aydınlatmağa çalışmış, sanki Kainata yenə bir həyat bəxş etmiş, isitmişdi Kainatı. Kainatın soyuqluğu onu bələyən qaranlıqdanmış məgər, yoxsa o çox sıcaqmış əslində. Qaranlıq onu boğrmuş.
Kainatın bu tərəfi ilə yaxınıaşdıqca və ona olan sevgisi artdıqca Günəş özü də bu günədək heç vaxt olmadığı qədər çox parlayır, hərarəti günü-gündən artırdı.
Amma Kainat Günəşin də onun zülmət qaranlığına qarışıb, onun içində sıxılıb, parıltısının yox olacağından qorxmuş və Günəşdən üz çevirib getməsini yenidən dünyanı işıqlandırmasını istəmişdi. Günəşsə bu Kainatı sevdiyini, israrla onu aydınlatmaq istədiyini və onun parıltısının Kainatın tərəfindən bəxş edildiyini söyləmişdi.
Kainatla Günəşin sevgisi və bir-birinə olan bağlılığı hər ikisinə çox yaxşı gəlmişdi.
Amma bir müddət Kainatın qaranlığını öz şəfəqləri ilə nura qərq edən Günəş bir zaman sonra Kainatın zülmət qaranlığından və soyuqluğundan sıxılmışdı, bir gün Kainatın qaranlığından üz çevirib yenidən başına dolanan rəngarəng dünyasına çevirmişdi üzünü.

O gündən sonra Kainat yenə zülmətlərə qərq olur.  Amma bu dəfə Kainatın qərq olduğu zülmət daha qatı və daha dözülməz olur. Çünki Kainat Günəşi və eyni zamanda Günəşin onu aydınladan sevgi dolu şəfəqlərini çox sevmiş, çox bağlanmışdı ona. Günəş Kainatın qaranlığını tərk edib getdiyi gündən sonra Kainat Günəşin onu nurlandırdığı günləri düşündükcə içində ulduzlar parıldamağa başladı. Parlayan hər ulduz Günəşdən geriyə qalan bir parça, bir xatirə oldu. Kainat Günəşi xatırladıqca kiçik parıltıları ilə Günəşi anımsatan milyonlarca ulduz Kainatın dərin qaranlığında yanıb sönməyə başladı.
Günəşin başına dolanan Yer kürəsinin Ay adlı bir peyki vardı, Günəş kainatın qaranlığından çox uzaqlaşdığı zamanlarda onun parıltısı Ayın üzünə düşər, Ayı parıldadardı. Bu zaman Kainatın həsrəti böyüyər və yanıb sönən ulduzlar Ayın ətrafına dolaraq par-par parıldayardılar.
Bəlkə də elə buna görə idi ki, Yer kürəsində yaşayan insanlar gecələr darıxdıqları zaman Ayı seyr edər və Ayın üzündə öz qəlb evlərini aydınladan Günəşlərinin simasını görərdilər və bu zaman Ayın ətrafında milyonlarca ulduz yanıb sönməyə başlayardı. Və bəzən Kainat Günəş üçün hədsiz darıxdığı zamanlarda Günəşin geri qayıtmasını diləyər və bu zaman gözdən yaş düşən kimi, bir ulduz düşərdi səmadan. Kainatın həsrətindən doğan bir göz yaşı olan o balaca ulduz yerdəki insanlar üçün ümid işartısı olardı. Ulduz düşərkən insanlar da qəlblərindəki arzunun gerçəkləşməsini diləyərdi.
Kainatın həsrət göz yaşları insanlara ümid işartısı olardı.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)