Leyla Təhməzova yazır: “Mən zəif qız deyildim...” Featured

Rate this item
(95 votes)

“Ədəbiyyat və İncəsənət” portalı “Oxucularımızın yaradıçılığı” rubrikasında Leyla Təhməzovanın “İnşa” başlığı ilə göndərdiyi yazısını diqqətinizə çatdırır.

 

 

 

Könlüm keçir Qarabağdan

(gerçək həyat hekayəsindən təsirlənib qələmə aldım).

 

Qarabağ... Bu sözün yeddi hərfdən ibarət olmasına baxmayaraq işlədərkən dilə verdiyi ağırlıq izah olunmazdır. Bu adın altında litrlərlə qan qoxusu, fəryadlar, cansız bədənlər, səsi ərşə qalxan analar, buzda donan körpələr, işkəncə əzabları, intiqam var. Bu adın altında neçə-neçə ömürlər, həyatlar, yaşamları yarıda sonlanmış xəyallar var. Ancaq Qarabağın ölkəmizin ən gözəl guşəsi olduğunu, dünya möcüzələrinə tay olduğunu unutmaq ağlasığmazdır. Atları, şəfalı otları, dağları, dərələri, obaları, səsi quşların cəh-cəhinə qarışan və insanı bihuş edən aşıqları, dahiləri, xariqüladə Cıdır düzü, Şuşa qalası, Xudafərin körpüsü, Kəlbəcərin füsünkar meşələri... say-say bitirə bilmərəm ki... Bütün bunların sadəcə bir ada məxsus olması möcüzədən başqa bir şey deyil. Möcüzəvi Qarabağ...

“1992-28 fevral.. O gün əsirlikdəki üçüncü günümüz idi. Ailəmlə birlikdə bu vəhşi,  insafsız düşmənlərə əsir düşmüşdük. Amma bunlara düşmən belə deyə bilmirəm mən. Çünki bizim kimi mərd kişilərə, oğullara, qızlara məxsus ölkənin düşməni də mərd olar. Kişinin düşməni kişi olar. Bunlar sadəcə vəhşi məxluq idilər. Bizə durmadan işkəncələr edirdilər. Fəqət ən böyük işkəncə yurdumuzdan xəbərsiz bir gecə ayrı düşməmiz oldu.

Kabuslar görməkdən, şiddətli səslər duymaqdan hərtərəfli çökmüşdüm. Bura gətirdikləri ilk gün üzərimdəki paltarları çıxarıb qamçıyla belimdə dərin yaralar

açmışdılar. Saatlarla zövq alaraq işkəncə etmişdilər. Taqətim yox idi artıq. Allahıma yalvarmaqdan, qışqırmaqdan, əzab çəkməkdən səsim batmışdı. Mənə edilənlər canımı çox yaxmırdı. Atama, anama, qardaşıma gözümün önündə etdikləri işkəncələr mənim ölüm fərmanım idi. Bizi bağlı bir yerdə tuturdular. Bilmirdim haradır bura. Sadəcə bir tas su və bir quru çörək qoyurdular qabağımıza. Sırf ölməyək acı çəkək deyə hər əclaflığı edirdilər. Nə mərhəmətləri, nə Allah qorxuları -  heç nə yox idi.

Soyuqdan buz kəsmişdik artıq. Anidən açdılar qapını, deyə-gülə girdilər içəri. Nə danışdıqlarını anlamırdım. Hamımızı yerdən qaldırdılar. Ailəm və məndən başqa digər əsirlə rdə var idi. Bizi sürüyərək çıxartdılar ordan. İşığı, soyuq qarlı havada çıxan günəşi görmüşdüm. Bu mənə qəribə ümid vermişdi. Sanki xilas olacaqdım. Buna cəhd etməyi düşündüm. Qaça bilərdim. Ailəmə yardım gətirə bilərdim. Əsirləri xilas edə bilərdim.

Qolumdan tutmuş mundar düşmənin qolunu sərtcə dişlədim və əlini çəkən an bilmədiyim tərəfə doğru sürətlə qaçmağa başladım. Dizimdə güc qalmamışdı. Qaça bilmirdim. Bir az getdikdən sonra. Qarın üzərinə düşdüm. Bir zamanlar papaqlarımızı, toxunma əlçəklərimizi taxıb saatlarla küçədə sevinərək oynadığımız bəmbəyaz qarın üzərinə çarəsizcə yıxıldım.

Onların hamısı gülməyə başladı. Bu an atamı eşitdim:

-Sevil, qalx qızım. Qalx, Sevil !! Qaç burdan qaç! Meşəyə doğru qaç! Güclü qızım, qalx!

Atam, canım dayağım atam bu sözlərini deyərkən, bir daha qalxdım ayağa,  qaçmağa addım atanda o vəhşilərdən biri əlini saçlarıma atdı. Elə möhkəm tutub dartdı ki, bütün bədənim ona tərəf yıxıldı. Canım çox yandı. Saçıma görə deyil.. Canım qaça bilmədim deyə yandı. Ailəmə, əsir xalqıma yardım edə bilmədim deyə yandı. Saçımı dartan şərəfsiz məni başqa tərəfə apardı, əsirləri başqa yerə. Ailəmin dalıyca fəryad edərcəsinə qışqırırdım, amma getdikcə uzaqlaşırdılar. Məni də aparsınlar deyə ayaqlarına düşüb yalvardım. Çarəsiz idim, qorxurdum... Sadəcə 20 yaşında bir qız idim. Nə edə bilərdim?

Məni saçımdan sürüyərək bir daxmaya soxmuşdu o şərəfsiz... Ah, daha danışa bilmirəm. Nəfəsim yetmir danışmağa. Ruhum da əsir düşdü həmin gün.. Təmiz, narin, saf bədənim o gün kainatın hüzurunda qapqara çirkə boyandı. Özümü öldürmək üçün hər şeyi edərdim. Durmadı, bitmədi bu şərəfsizin daxmadakı işkəncəsi, təcavüzü. Qışqırmaq, ağlamaq səsim “Allahım kömək elə” cümləsindən “Allahım al canımı” cümləsiylə dəyişərkən soyuq zəminin üzərində çılpaq bədənimlə uzanmışdım və tərpənmirdim. Qulağımdakı uğultular, küləyin kəskin səsi, işğal gecəsi fəryadlar, faciə, soyqırım, acılar ruhumu əsir almışkən tək etdiyim belimdə olan qanlı yaralarla zəmində “ÖLÜM, ÖLüm, Ölüm..ölüm..Ölüm..” deyə sayıqlamaq idi.

Sonra yerə düşmüş paltarlarımı üzərimə atıb geyinməyim üçün söyüşlər söydü. Böyrəyimə 2 dəfə möhkəm təpik vurdu. Ailəmin yanına aparacağını dedikdən sonra zar-zor tərpənib geyindim. Saçlarıma çalmamı bağladım. Çirkli bədənimlə sakitcə onlarla getdim. Anamın şəfqətli qucağında saatlarla ağlamaq istəyirdim. Çox ağır idi axı hər şey. Axı niyə ani bir gecədə oldu bütün bunlar, nə istədilər bizdən nə istədilər günahsızlardan? Hardadır bu ədalət? Hardadır ədalət tərəzisi? Kim susduracaq bunları? Daha nə qədər canlar yanacaq? Mən özümü deyil, sadəcə xalqımı düşünürəm, çünki mən ölmüşdüm artıq.

Maşınla məni harasa gətirdilər. Düşdük və ortada böyük bir ağ rəngdə düzbücaqlı bir şey var idi. Qapısını açıb itələdilər içəri. Ailəm burdaydı, qaçıb qucaqladım. Amma hamısı yatmışdı. Necə yəni? Necə olur bu? Onları oyatmağa çalışdım. Balaca qardaşımı, anamı, atamı, digər əsirləri. Sonra bir şeyin fərqinə varmışdım. Bura soyuducu idi. Üşüməyə, donmağa başlamışdım. Əsirləri böyük soyuducuya salmışdılar. Oyanmırdılar!! Lənət olsun! Son qalan göz yaşlarımı Allaha yaşasınlar deyə olan duamda istifadə etdim. Qapını açıb əsirlərin öldüklərini görən düşmənlər bir-bir tələsik düşürtdülər hamını. Soyuqdan çıxdılar, soyuq qarın üzərinə atıldı bədənləri.

Mən öldüklərinə inanmırdım. Lakin zəif olanlar ölmüşdü. Qardaşım.. Balaca qardaşım nəfəs almırdı. Bu acını hələ də ifadə edə bilmirəm. Deyirlər ki: “Sərçələr bir damla göz yaşı tökdükdən sonra ölürlərmiş”. Mən qardaşımın cəsədini qucaqlayanda sərçə olduğumu hiss edib göz yaşımla öldüm. Daha nə gözəl xəyalları olan qaraqaş, qaragöz gözümün nuru qardaşım ölmüşdü... O gün elə bir ah etmişdim ki, dağlarda yanxılanmışdı səsim sanki... Bu günahsız cənnət mələyinin nə günahı vardı axı?

On gün keçmişdi bir bağlı yerdə saxlanırdıq. Anam, atam, mən, iki başqa əsir. Bugün səssizlik idi. Ailəmlə qardaşımın yasını tuturduq. Fəqət bilirdim ki, başqa bir yerdə neçə-neçə fəryadlar təbiətin sükutuna ləkə salırdı. Təbiətsə öz qoynuna günahsızları alırdı..

Qapı açıldı içəri yeni əsir gətirmişdilər. Amma bu çox fərqliydi. Rütbəli geyimdə, cavan bir oğlan. Onu elə günə salmışdılar ki, gözlərini aça bilmirdi. Yerdə uzanan hərbçi oğlana: “Hər şeyi danışacaqsan, çaqqal”- deyib getdilər, çaqqalın özləri olduğundan bixəbər əclaflar. Oğlan yerdə uzanarkən yerin qan gölünə döndüyünü gördüm. Tez müdaxilə etdim. Açdım paltarlarını və gördüyüm mənzərə qarşısında dəhşətə düşmüşdüm. Mədəsi yarılmışdı. Bağırsaqları görünürdü. Qan onu aparırdı. Belə getsə qan itkisindən öləcəkdi. Əynimdəki əsgi donumun aşağısını cırıb hər əsirdən bir parça nəsə cırıb yarasına basdırdım. Sıxdıqca sızıldadığını bilirdim, inləyirdi hərbçi oğlan.

Boynunda künyəsi var idi. Ordan adına baxdım ki, adı Hüseyndi. Nə gözəl adı var idi.

Saçları sarışın təmizüzlü gözəl əsgərim. Allah bilər kimlərin canını xilas edərkən düşmüşdü bunların əlinə. Özümə söz verdim həmin gün. Mən zatən öləcəkdim. Amma onu şəhid olmağa, şərəfsizlərə görə ölməyə icazə vermiyəcəkdim. O gözlərini açana qədər ona xidmət edəcəkdim.

Gətirdikləri hər suya çörəyi batırıb ona yedizdirdim. Hər dəfə erməni köpəkləri məni çölə çıxardıb daxmaya apardıqlarında özümlə bir parça nəsə götürürdüm, sinəmdə gizlədərək çıxırdım. Əsgi parçaları, dəmir şeylər. Hətta onların içkisini də oğurlamışdım. Əsgərimin yarasını dezinfeksiya edim deyə. Günlərim yanlız ona baxmaqla keçirdi. Hər gün onun yarasını sarıyırdım, spirtli içkiylə dezinfeksiya edirdim. Yaşladığım çörəyimi ona yedirdirdim. Bilmirəm niyə, amna zamanla bağlanmışdım ona..Tək məqsədim o idi. Nəfəs almasını dinləyirdim.

Çaqqal düşmənlər onu hər dəfə yerdə yatan görürdü deyə heç nə danışmayacağını bilirdilər. Aclıqdan ölsəm də bir tikə də yemirdim. Anamla atamı mənə görə qəhər boğurdu. Mən isə çoxdan ölmüşdüm, xəbərləri yoxuydu.

Çox uzun zaman keçmişdi. Bəlkə bir ay bəlkə də iki ay bilmirəm. Tək bildiyim sakitçilik idi. Əsgərim hələ də gözünü açmamışdı. Artıq çox arıqlamışdım sümüklərimin görünməyinə çox az qalmışdı. Həmin gün yatdım. Əsgərimin başında durduğum üçün gecələr əsla yatmırdım. Gündüz yatdım. Yuxumda gördüyüm kabuslarla oyanarkən anidən Hüseynin nəsə dediyini eşitdim. Su istəyirdi. Su verdim ona və yarası sağalırdı artıq, demək olar ki, əti bitişmişdi. Başını qucağıma almış halda suyunu verərkən yavaşca gözlərini araladı. İnana bilmirəm. Gözlərini açdı. Yamyaşıl gözləriylə mənə baxırdı. Dəfələrlər gözünü qırpdı. Nəhayət, tam açmışdı. Dəqiqələrcə gözlərimə baxdı. Onun gözləri məni sanki yenidən doğulmuşam kimi hiss etdirmişdi. Ağzından tək bir cümlə çıxdı : “Çox sağ ol..”

Özünü toparlayıb oturdu və yarasına baxdı. Sonra yenidən yatdı.

Həyatımda kədərin içində yaşadığım acının tək təbəssümü idi bu. Yaşıl gözlü Hüseyn...

 

***

Bəlkə də bir il keçmişdi, bilmirdim. İşkəncələrimiz davam etsə də bu səfər daha

güclüydüm. Lakin... Anamı itirmişdim. Dayana bilməyib vəfat etmişdi saçları cənnət qoxulum. Hətta mənim anam ŞƏHİD olmuşdu. Hər şeyə sinə gərib, dualarını əksik etmədi. Atamsa çox xəstə düşmüşdü dizləri işləmirdi. Dərd çəkirdi daima. Darıxırdı..

Bir gün Hüseynin qaçış planını eləmək qərarı aldıq. Əsirlikdə Hüseyn, mən və atam qalmışdıq. Atam bunu bilirdi, ancaq ölüm döşəyində idi bizlə gəlməyi əsla qəbul etmirdi.

Ona çox yalvarmışdım. Atam qaçıb qurtulmağımızı çox istəyirdi. Hüseynə sözü olduğunu dedi son nəfəsində. “Ailəmdən geriyə qalan tək qızım var. Göz bəbəyim bircə qızım sənə əmanətdir, igid oğlum. Unutma ki, onun sayəsində həyatdasan. Söz ver ki, qızımı sonacan qoruyacaqsan”.- dedi baş tacı atam.

Hüseyn atamın əlini öpüb “Başım üstünə. Qızınızdan arxayın olun. O mənim yarımdır. Mənim xanımımdır. Ona heç nə olmasına icazə vermərəm”-dedi. Hönkürtüylə ağlayaraq atamı qucaqladım.

Qucağımda “Qızım..” deyə son nəfəsini verdi. Artıq kimsəm qalmamışdı. Bir küncdə dizlərimi qarnıma çəkmiş ağlayardım sadəcə. Başqa nə bacarırdım mən? Hər kəsimi itirdim. Allah bunların min bir bəlasını versin! Heç bir günahsızın qanı yerdə qalmayacaq, bilirəm! Allahın ədalət qılıncı kəsəcək bu yezitlərin boynunu!

İndi tək məqsədim yeganə varlığım Hüseynim ilə birlikdə burdan qurtulmaq idi!

Gecə düşmənlər içib yıxılıb qalmışdılar, qonaqlıq edirdilər vəhşi mundarlar. Daxmadan götürdüyüm baltayla qapının kilidinə vurulan zənciri qırmışdıq. Bir -ikisi oyanmışdı səsə.

Hüseyn hərbçi, igid sevgilim öldürüb cəhənnəmə yolladı onları. Planımız sərhədə getmək idi. Hüseyn vacib hərbçi olduğundan axtarıldığını bilirdi və yardım tapacağımızı da. Bakıya getməyi planlamışdıq. Heç zaman görmədiyim Bakıya istirahətə deyil də, yurdumu qoyub getməyimin düşüncəsi məhv edirdi məni. Ancaq getməliydik. Gecə-gündüz meşəylə getdik, sərhədə çatdıq. Dediyi kimi olmuşdu, onu necəsə tanıdılar. Ailəsi “Qızıl Aypara Cəmiyyətinə” baş vurmuşdu. Qızıl Aypara bizi götürdü. Sevincdən çöküb yerdə ağlamışdım. Özümüzünküləri - azərbaycanlıları görmək məni çox xoşbəxt etmişdi. Bura gəlincə çox yorulmuşduq,  bizə çörək verdilər, çay verdilər, geyim verdilər və Hüseynin ailəsinə xəbər

verdilər. Hərbi təyyarəyə minirdik artıq. Minmədən öncə qaçıb obamın torpağından götürdüm və yeyib bitirdiyimiz konserv qabına yığdım. Əyilib öpdüm torpağı. Bir gün dönəcəm dedim. Mindik təyyarəyə və Bakıya gəldik. Düşən kimi anası ağlayaraq oğlunu qucaqladı. Sonra bir gənc gözəl qız “Nişanlım” deyərək Hüseyni qucaqladı. Mən donub qalmışdım bir küncdə. Bilmədiyim yerdə, bilmədiyim insanlarla tək, gücsüz qız idim. Amma əsgərimin anası gəlib məni çox möhkəm qucaqladı. Bağrına basdı. Atası da həmçinin. Sonra bütün başımıza gələnləri danışdıq. Hüseyn qərar aldığını, mənimlə evlənəcəyini deyəndə nişanlısının gözü dolsa da o razılaşmışdı. Fəqət mən razı deyildim əsla. Mən kiminsə ailəsini yıxa bilməzdim, həm də çirkli, ləkəli qız idim, məni heç kim istəməzdi, axı. Di gəl, Hüseyn əsla vaz keçmədi, atama verdiyi sözü və həyatını qurtardığımı təkrarlayıb durdu. Həm də aşiq olduğunu...

Biz bir müddət sonra evləndik.

İki oğlumuz oldu. Bədənimdəki yaralar isə heç bir zaman getmədi.

Bir gün bütün bunların intiqamının alınacağını bilirdim. Hər gün dua edirdim. Hər gecə..”

 

***

Bugünsə oğlumun məktubu almışam. Cıdır düzünü işğaldan azad ediblər. Tam otuz il keçib hər şeyin üzərindən və mən hələ də o günləri dünənmiş kimi xatırlayıram. Oğlumun biri əsgərdi və hər ondan gələn məktubda daha yeni ərazi aldıqlarının xəbərini alıram.

Həyatım boyunca bu arzuyla yaşamışam. Ölkəmin şəhid oğulları var.. Onların ailələrini təsəvvür edə bilirəm. Ciyərim parçalanır. Amma hər bir igid elə bir intiqam atəşiylə doludur ki, qanları günahsız yerə axan hər can üçün Qazan xanlar, Koroğlular, Mübarizlər kimi igidcəsinə, məğrurcasına savaşırlar. Qarabağım, ana torpağım, gözəl diyarım artıq geri qayıdır.. və gözümün önündə o torpaqda can verənlərin qanları torpağa qarışmış qayıdır, şəhid qanıyla qayıdır, düşmən gülləsinə amansızca qurban gedən körpələrin qanıyla qayıdır və məncə o torpalara qüsul almadan, paklanmadan, ayaq basmaq olmaz. Ora müqəddəsdir. Ora əsrlərdi qəhər doludur, qəlbi doludur.

İllər sonra dönür torpağlarımız. Artıq zəfər bizimdir! Qarabağım bizimdir! Mən zəif qız deyildim, mən çox güclüydüm. İndi də güclüyük. Biz hər birimiz güclüyük xalq olaraq “Dəmir Yumruğuq”. Biz bacardıq. Şəhidlərim bacardı. İndisə ölmədən öncə necə deyərlər: “Könlüm keçir Qarabağdan!”....

 

“Ədəbiyyat və İncəsənət”

(10.08.2023)