“Qulu Ağsəs nəsri: təzadların harmoniyası” – Elnarə Qaragözova Featured

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Qulu Ağsəs nəsri: təzadların harmoniyası” yazısını diqqətinizə çatdırır.

 

Çağdaş Azərbaycan ədəbi prosesi Qulu Ağsəsi şair kimi tanıyır, fərqli poetik nümunələrin yaradıcısı kimi təqdim edir. Qulu Ağsəsin poetik yaradıcılığı dekadentizm, realizm və modernizmin sintezi olaraq ədəbiyyatımızda özünə mövqe qazanmağa nail olub. Yazıçının poetik kimliyi ədəbiyyatşünaslığımızın araşdırma predmetinə çevrilsə də, nəsr yaradıcılığı nisbətən kölgədə qalıb.

 

Qulu Ağsəsin poetik yaradıcılığını sinkretik elementlərin, cərəyanların çulğalaşma nöqtəsi kimi xarakterizə etmək olar. Yazıçının nəsr yaradıcılığı isə daha çox realist motivlər üzərində qurulub. Lakin bu nəsrdəki realizm klassik realizm deyil. Qulu Ağsəsin nəsri nağılvari təhkiyənin, simvolik elementlərin, lirik məqamların da yer aldığı neorealistik bir nəsrdir.

 

Qulu Ağsəsin hekayələrinin əsas qəhrəmanları sənət adamlarıdır. Yazıçı "Qədir gecəsi" hekayəsində xanəndə Qədir Rüstəmovun, "Dörd sim" hekayəsində kamança ustası Habil Əliyevin, "Solo konsert"  hekayəsində tarzən Möhlət Müslümovun, "Bəbiş kişinin qızı" hekayəsində Sara Qədimovanın, "Peyğəmbərin məqbərəsində qətl" hekayəsində Abdal Qasımın, "Qarğış" hekayəsində xanəndə Süleyman Abdullayevin obrazını fərqli rakursdan yaratmağa nail olub. Bu hekayələrin hər biri öz üslubuna, obrazın təqdim üsuluna görə fərqlənir. Habil Əliyevə həsr edilmiş "Dörd sim" və Möhlət Müslümovun obrazının yaradıldığı "Solo konsert" hekayələri monoloq kimi qələmə alınıb. Bu hekayələrdə müəllifin varlığı, dialoq elementləri hekayənin əsasında duran monoloqun müəyyən məqamlarında çox cüzi hiss edilir. "Solo konsert" hekayəsində Qulu Ağsəs Möhlət Müslümovun dilindən yazır: "Deyəsən, çox danışdım. Solo konsert belədi də; bir də görürsən, çalanın ürəyi ağrıyır, eşidənin başı... Özü də birinci dəfədi kitabda tar çalıram. Mən bilən, pis alınmadı. Qulağıma alqış səsləri gəlir..." Yazıçı obrazın dilindən bu verdiyi cümlələrdə hekayələrinin əsas məğzinin, çətinliyinin - mətndə sənət adamının obrazını yaratnağın elə "kitabda tar çalmaq" kimi olduğunu bildirir. Fikrimizcə, Qulu Ağsəs bu çətin missiyanı adı çəkilən hekayələrdə layiqincə yerinə yetirə bilib.  

 

Qulu Ağsəsin Xanəndə Qədir Rüstəmovla müsahibədən bəhs edən  "Qədir gecəsi" və Sara Qədimova ilə görüşü işıqlandıran "Bəbiş kişinin qızı" hekayələri yuxarıda qeyd olunan hekayələrdən fərqli olaraq monoloq yox, dialoq üzərində qurulub. Lakin bu hekayələr dialoq üzərində qurulsa da, iki nəfərin söhbəti ilə məhdudlaşmır, digər real şəxslərin bədii obrazı da mətnə daxil edilir, məhz həmin şəxslərin fəal iştirakı ilə dövrün, sənətkarın dolğun obrazı yaradılır.

 

Abdal Qasımın bədii obrazının yaradıldığı "Peyğəmbərin məqbərəsində qətl" hekayəsində yazıçı nəqletməni əhvalat, xatirə, əfsanə effektləri üzərində qurmaqla yanaşı, prospeksiyadan da istifadə edərək mətni müasir dövrə yaxınlaşdırmağa nail olur.

 

"Qaynaqçı" hekayəsi isə sənət, musiqi xiridarı olan sadə bir qaynaqçı olan Aydın Əliyevdən bəhs edir. Qulu Ağsəs bu obrazın vasitəsilə sənət aləminə bu dəfə tam fərqli bucaqdan nəzər salır. Bu hekayədə digər hekayələrdən fərqli olaraq sənətkarın sənətə baxışı yox, dinləyicinin sənətə, sənətkara baxışı mətnə gətirilir. Yazıçının sənət xiridarına baxışı, sənət xiridarı obrazı isə bu mətnin bir başqa aspektidir. Qulu Ağsəsin sənət adamlarına həsr olunmuş hekayələri içində "Qarğış" əsəri özəlliklə seçilir. Xanəndə Süleyman Abdullayevə həsr olunmuş hekayənin təhkiyəsi fəlsəfi aura ilə realist notların vəhdətindən ibarətdir. Bu kiçik nəsr əsərində yalnız Süleyman Abdullayevin deyil, həm də Qarabağ musiqi irsinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin bədii portreti yaradılıb. Əsərdə əsas xətt məhz Qarabağla bağlıdır. Hekayə Süleyman Abdullayevin obrazı vasitəsilə Qarabağın taleyinə, itkilərimizə, torpaq ağrısına işıq tutur: "Nağıl dili yüyrək olar. Ay ötdü, il dolandı, Süleyman hər telin bir xeyir işə yandırdı, hər gecəsin gözünün oduyla aydınlatdı, zülməti əliynən qova-qova gəlib Dədə yaşına çatdı. Bir də gözün açıb sağına baxdı - ustadların görmədi, soluna baxdı - dostların. Qayıdıb kəndində ölüncə baş girələmək fikrinə düşdü, dönüb yurduna baxdı, Qoçəhmədli nə gəzirdi..." Hekayədə Qarabağ həm səsin, həm də doğma yurdun simvolu kimi bədii obraza çevrilir. Əsərdə Qarabağın səsinin simvoluna çevrilən Dədə Süleyman Qarabağın əsirlikdə qalan səsinin harayını duyur, aləmi heyran edən ecazkar səsinin kökündə duran, azad olmaq istəyən, çırpınan Vətən Səsinin qarğışını, söyüşünü eşidir:  "Torpaq Dədə Süleymanı söyürdü... Dədə əyilib torpaqdan söyüşü götürdü, öpüb gözünün üstünə qoydu, maşının ağzın geri çevirdi.

 

- Dədəm mənə kənddən nə gətirib?

 

Nəvəsinin səsiydi.

 

- Söyüş gətirib.

 

Qarabağın səsiydi..."

 

"Nabran novellası" Qulu Ağsəs yaradıcılığın fərqli nümunəsi kimi diqqəti cəlb edir. Bu əsər Qulu Ağsəs mətninin əsas fərqləndirici keyfiyyətinin - adilikdə qeyri-adiliyin, carilikdə əbədiliyin təsviri cəhdinin belə demək mümkünsə, retrospeksiyasıdır. Əgər digər mətnlərində Qulu Ağsəs adi hadisələrin məcrasını fəlsəfi, yüksək bədii ideyalar aləminə yönəldirsə, "Nabran novellası"nda bu tendensiyanın tam əksi müşahidə edilir. Nabranda dincələrkən suyun üzərində uzanıb saatlara göyə baxıb düşüncələrə dalan insanı görən yazıçı öz aləmində həmin şəxslə bağlı fərqli situativ ssenarilər qurur. Naməlum şəxsi dahi, qeyri-adi idrak sahibi, filosof, sufi qismində təsəvvür edən yazıçının marağına yenilib, cəsarətlənib əldə etdiyi məlumatla bütün bu ilahi-estetik-fəlsəfi örtüyün altındakı məişət elementi ortaya çıxır: "Sən demə, bu "nacins mujik"in (İ.Bunin) gözünün ağı-qarası beş baş inəyi varmış, hər gün onları dəniz kənarına otlamağa gətirirmiş, göyə-zada baxmırmış, buludları güdmürmüş, Allahla kəlmə kəs-məyi ağlına belə gətirmirmiş, Sokratın adını belə eşitməyibmiş, sadəcə, nabranlı peşəkarlığıyla suyun dalğa tutmayan hissəsində uzanıb heyvanlara göz qoyurmuş ki, başına gün vurmasın..." Qulu Ağsəs bu dəfə cariliyi fəlsəfi örtüyə bürümür, əksinə, fəlsəfi örütüyün altındakı cariliyi üzə çıxarır. Fikrimizcə, "Nabran novellası" Qulu Ağsəsin bədii üslubuna yenilik gətirməklə yanaşı, həm də ədəbi cameəyə sarkastik baxış siqləti ilə seçilən əsərdir. "Nabran novellası" ədəbi mühitdə hər süjeti, hər qəhrəmanı süni fəlsəfi-bədii boyalarla təqdim etmə, mövzunun açılımı üçün gərək olmayanda belə süni altmətn yaratma cəhdlərinə parodiyadır.

 

Qulu Ağsəsin poeziyasında da, nəsrində də, publisistikasında da cari, adi, hətta bəzən məişət söhbəti effektli təhkiyə qəflətən fəlsəfi örtüyə bürünərək yaxud əksinə - fəlsəfi təhkiyəli mətn məişət səciyyəli mətnə çevrilərək əsərin gedişatını, məğzini, ideyasını dəyişir və mətnin daxilindən yeni bir mətn yaranır. Qeyd etməliyik ki, bu carilikdən əbədi mövzuya və əksinə keçid Qulu Ağsəs imzalı  mətnlərdə anidən baş versə də, kəskinliyi ilə səciyyələnmir. Əksinə, müəllif bu keçidi çox təbii, qanunauyğun şəkildə, ustalıqla həyata keçirdiyindən mətn bütövlüyünü və harmonikliyini qoruyub saxlaya bilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)