Qulu Ağsəsdən Zəfər gününə “4+4: rəqəmsal namə”

Rate this item
(1 Vote)


“Ulduz” jurnalının baş redaktoru, yazıçı Qulu Ağsəsin Zəfər Gününə  həsr etdiyi “4+4: rəqəmsal namə” adlı essesinni oxucularımıza təqdim edirik.

Adamsan, Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!”
Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb... təzədən torpağın altına gömdük. Hər günü Zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi.
Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu!
Atdığı silah ancaq hədəfə dəyirdi:
torpağı yaralamasın deyə,
quşa toxunmasın deyə,
ağacı qırmasın deyə.
Deyə-deyə aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya...
Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı, Azərbaycan Ordusu görünmür, terrorçuların komandiri cavabında:
- Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, - deyir...
Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar:
Silah çəksə elimizə,
Kimsə həddin aşsa əgər,
Şəhidlər o dünyanın da
Altın üstünə çevirər!..
Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, onlarla Şəhidlər xiyabanındakılar da haqq savaşına qatıldılar.
Sizə bir sirr açım:
Şuşaya necə dırmandı igidlərimiz - deyimmi?
Onlara Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, dedi, neçə ildir sizi gözləyirdik...
Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala:
hərbin dilində,
siyasətin dilində,
dünyanın aparıcı dillərində...
Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin tviter səhifəsindən alırlar.
Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarabalıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 1 il ötüb, vur-tut 1 il. Qarabağın indiki şəklinə baxın: bərpa, tikinti, aeroport, festivallar, musiqi, quş səsləri...
Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi...
44 günlük savaş, 8 noyabr 2020-ci il
– Zəfər tariximiz,
4+4= 8,
8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm...