“Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi…” - Kəmalə Abıyevanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı “Lirika dəftərindən” rubrikasını təqdim edir. Bu dəfə qonağımız şair Kəmalə Abıyevadır. Onun şeirlərindən tək birini xatırlatmaq kifayətdir, “Məktəb illəri”.

 

 

Məktəb illəri

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi

Aman Allah, nə xoşbəxtdik biz onda!

 

Bir müəllim töhmətiydi dərdimiz,

Bu töhmətdən için-için yanardıq.

Hələ onda bilmirdik ki, bunu biz

Bir gün necə həsrət ilə anarıq.

 

Bu dünyada qara rəngdə bizimçün

Təkcə yazı lövhəsiydi elə bil,

Al-əlvandı ötən günlər, saatlar,

Yamyaşıldı ömrümüzə gələn il.

 

Yazılanı bir silgiylə pozmaq da

Bizim üçün nə asandı, nə asan.

Xəbərsizdik ömrümüzə biz hələ

Tanrı yazan pozulmayan yazıdan.

 

Hərdən dərsə gecikəndə bilməzdik,

Gecikməyin əzabları necədir.

Hansı dərsi danışsaydıq o saat,

Bilərdik ki, qiymətimiz neçədir.

 

Bu dünyanın bütün varı, dövləti,

Bizim üçün bir çantaya sığırdı.

Eyni yolu qət etsək də hər səhər,

Bu yollardan, sanki sevinc yağırdı.

 

Bir məktəbin binasıydı yuvamız,

Neçə evdən bir ünvana gələrdik.

Bu binanı ən möhtəşəm, ən gözəl

Saraylardan doğma, üstün bilərdik

 

Hələ onda bu dünyanın şərindən,

Yalanından xəbərimiz yox idi.

Hələ onda kədərimiz bir damcı

Hələ onda sevincimiz çox idi.

 

Hələ dünya bizim üçün nağıldı,

Min arzuyla alışardıq, yanardıq.

Özümüzü biz hamıdan ağıllı,

Özümüzü nə bəxtəvər sanardıq.

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi,

Aman Allah, nə xoşbəxtdik biz onda.

Məktəb illəri

Ömrümün ən şirin,

ən təmiz günləri.

Məktəb illəri,

Hər anı bir ömrə bərabər

Qayğısız günlərim.

 

 

 

Ağrı

 

Nə vaxtdır ağrılar didir qəlbimi,

onsuz da sağalmır yaralı canım.

O dərdli Urmunun suları kimi

quruyur mənim də damarda qanım...

 

İllərdi Borçalım gözü yaşlıdı,

Dərbənd həsrətində bəndə düşmüşəm.

İllərdi elə bil başım daşlıdı,

elə bil çarəsiz dərdə düşmüşəm...

 

Torpaqtək doğrayın elə məni də,

 elə paramparça yaşayım mən də.

Ağrıyla, acıyla sürünüm bir az,

yaralı canımı daşıyım mən də.

 

Göyçəyə, Vediyə çata bilməyən

ayağımı kəsin, əlimi kəsin.

Ərdəbil, Xoy deyib haray salmayan,

illərdi o susan dilimi kəsin.

 

Bir az ovutmaqçün həsrət torpağı,

Bir əlimi atın Dərəçiçəyə.

Bəlkə o dərədə dinə ağrısı

Bir gün o yerlərdə dönər çiçəyə

 

O taylı-bu taylı Vətən sözləri

varlığımı çəkir çarmıxa hələ.

Babək qalasına həsrət gözlərim

ovulub tökülsün Araza elə.

 

Səpilsin torpağın yaralarına

dözüm heykəlinə dönən ürəyim.

Atın dörd bir yana paralarımı.

bəlkə bir azacıq toxdaya bilim.

 

 

Bilirsənmi

 

Kim ağrıdar yerim kimi...

 

Bəhruz Niftəliyev

 

Bilirsənmi mənim kimi

            sevmək necə olur, necə?..

İçin-için sevirsən.

Sakitcə. Ölüncə.

Kimsəni şərik edə bilmirsən.

Qula dönürsən.

Gedə bilmədiyin yer olursan.

Gedə bilsəm... Getsəm...

            boşalacaq yerim. Boş qalacaq.

Yerimə kimi qoysan olmayacaq...

Bilirsənmi, Ruhum ağrıyır, gecəyə qarışır,

qaranlığa dolaşır...

aydan imdad diləyir, cismimi də sürükləyir,

darıxır əllərim, gözlərim.

Darıxır deyə bilmədiyim

eşitmək istəmədiyin sözlərim.

çırpır özünü ürəyimin divarlarına.

əks sədası dolur qulaqlarıma.

Uğuldayır kafam,

elə bil minaya düşmüşəm kontuziyalıyam.

Adımı da, kimliyimi də unuduram.

Bilirsənmi, bu necə əzabdı, necə ağırdır?

Yaralı ruhum necə ağrıyır,

bilirsənmi yaralar necə ağlayır...

Sevməkdən...

Ötəsimi var? Hə, bir də ayrılıq var.

Bilirsənmi, necə olur

            geri dönüşü olmayan ayrılıqlar?

Onsuz gedəsiyəm mən geri dönmədən,

Amma sən məni itirmədən,

            mən səni itirmədən...

Heyf... bilməyəcəm kim oxşayacaq

            sevgimi sənin kimi.

Kimi oxşayacaqsan mənim kimi...

Bir də... bir də blirsənmi

            "kim ağrıdar yerim kimi"...

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)